close

Yerevanda etiraz: Şahramanyan “Artsax”ın ləğv edilmədiyini dedi

Mənbə: aysor.az

Konfliktoloq: “Doğru deyir, çünki qurum yanvarın 1-ə kimi buraxılmalıdır, indi oktyabrdır”

Oktyabrın 20-də Yerevanda bir qrup şəxs buraxıldığını elan edən “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəliyinin binasına daxil olub.

Onlar separatçı “Dağlıq Qarabağ”ın qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, etirazçılar separatçıların sabiq “müdafiə naziri” Samvel Babayanın tərəfdarıdır və onlar Samvel Şahramanyanla görüş tələb ediblər.

Onların qarşısına çıxan Samvel Şahramanyan deyib ki, “Artsax Respublikası” ləğv edilməyib:

“Bu barədə fərman və onun ortaya çıxması şərtlərilə bağlı daha ətraflı və detallı şəkildə Ermənistan İctimai Televiziyasının efirində danışacağam”.

Heç bir sənəd xalq referendumu ilə yaradılmış “Artsax Respublikası”nı ləğv edə bilməz”, – Şahramanyan belə deyib.

O, etiraz edənlərin hər biri ilə görüşə hazır olduğunu bildirib:

“Mən hər birinizlə görüşməyə, ətraflı məlumat verməyə hazıram, amma başa düşməlisiniz ki, həm “Artsax”, həm də Ermənistan çox çətin vəziyyətdədir. Hər yanlış hərəkət gözlənilməz nəticələrə səbəb ola bilər”.

Heç kimin şübhəsi olmasın: o hərbi əməliyyatlarda qalib gələcəyimizi bilsəydik, sona qədər gedərdik. Biz uşaqlarımızı, təhlükədə olan mülki şəxslərin həyatını xilas etdik. Müharibə dayanmasaydı, şəhərə girib uşaqları qıracaqdılar”, – deyə Şahramanyan bildirib.

Ermənistanın “Hraparak” qəzeti Baş nazir Nikol Paşinyanın hələ də Şahramanyanla görüşməkdən imtina etdiyini yazıb:

“Səbəb Azərbaycanla münasibətləri gərginləşdirməməkdir”.

Samvel Şahramanyanın Qarabağla bağlı fikirlərini şərh edən konfliktoloq Elxan Mehdiyev Meydan TV-yə deyib ki, onun məlum açıqlamanı hansı vəziyyətdə səsləndirməsinə diqqət yetirilməlidir:

Adamlar onu dövriyyəyə alıb tələblər səsləndirir, o da başqa bəyanat verə bilməzdi, danışdıqlarını da eşitmirlər. Aksiyaya baxanda bu, aşkar şəkildə görünür. Ancaq sakitlik yaranandan sonra Şahramanyan bildirir ki, separatçı qurum buraxılmayıb. Bunu doğru deyir, çünki imzaladığı fərmana görə bu qurum yanvarın 1-ə kimi buraxılmalıdır, indi isə oktyabrdır”.

Elxan Mehdiyev. Foto: Faktxeber

Şahramanyan da həmin fərmana əsaslanıb belə söyləyir. İkincisi, nəzərə alın ki, Şahramanyan oktyabrın 1-dən separatçı “Dağlıq Qarabağ”ın işçilərinin maaşlarının kəsildiyini elan edib, yalnız rəhbər şəxslərin maaşları saxlanılıb. Bugünkü aksiyaya maaşları kəsilənlər qatılıb. Bəli, Şahramanyan sabah bu çıxışına bəraət verə bilər ki, imzaladığı “fərman” yanvarın 1-dən qüvvəyə minir”, – deyə o qeyd edib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında isə Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətYerevanda etiraz: Şahramanyan “Artsax”ın ləğv edilmədiyini dedi