close

Bəkir Orucovun həbs müddəti azaldıldı

Bəkir Orucov. Mənbə: MN

Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdi

2017-ci ilin mayında Beyləqanda 60 nəfərdən çox əsgər və zabitə işgəncə verilməsi, nəticədə bir nəfər leytenantın ölümündə ittiham olunan general – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi Bəkir Orucov haqqında hökmü apelyasiya məhkəməsi dəyişib. Bakı Apelyasiya Məhkəməsi leytenant Adil Sabirlinin ölümündə generalın təqsiri olmadığı qənaətinə gəlib. Bu səbəbdən generala qarşı ittihamlar arasından Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə – ölümə səbəb olduqda) maddəsi çıxarılıb.

Bakı Hərbi Məhkəməsinin ona verdiyi 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası da azaldılaraq, 6 il 6 aya endirilib.

Beyləqan işgəncələrinə görə Bəkir Orucovla birlikdə mühakimə olunan daha dörd nəfər –  hadisələr vaxtı Beyləqana ezam edilən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı İntiqam Məmmədov, Beyləqan korpusunun təhqiqat bölməsinin sabiq rəis müavini Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri, polkovnik-leytenant Ziya Kazımov və korpusun təlimatçısı Ülvi Rəşidovun haqqında da hökm dəyişib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların hər birinin cəzası 4 ay azaldılıb. Rahib və İntiqam Məmmədovların hər birinin cəzası 6 il 6 aydan 6 il 2 aya endirilib. Ziya Kazımov və Ülvi Rəşidova Bakı Hərbi Məhkəməsində 9 il 6 ay həbs cəzası kəsilmişdi. Apelyasiya məhkəməsi onların cəzasını 9 il 2 aya endirib.

Lakin təqsirləndirilən şəxslər bundan da narazıdır, onlar Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildiriblər. Onlar istər Bakı Hərbi Məhkəməsində, istərsə də apelyasiya instansiyasında ifadələrində təqsirsiz olduqlarını bildiriblər. Bu məhkəmə prosesində Beyləqan korpusunun komandiri, general Mais Bərxudarovun adı dəfələrlə hallanıb. Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər orada yaşanan hadisələrin korpus komandirinin göstərişiylə baş verdiyini bildiriblər.

Təqsirləndirilən general Bəkir Orucov deyir ki, əsl günahkarlar məsuliyyətdən kənarda qalıb. Əvəzində cəmiyyətin gözündən pərdə asmaq üçün onları qurbanlıq seçiblər.

“Təhqiqatçı kim idi ki, korpus komandirinin göstərişi, icazəsi olmadan o korpusa girsin? Heç nazirliyin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev icazə olmadan gəlib orada kimisə həbs eləyə bilməzdi. Bərxudarov belə zəif idi ki, mən ona tabe ola-ola onu idarə eləmişəm? Müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə mən niyə cəzalanmalıyam?”.

Bəkir Orucov bildirib ki, rütbəsinə görə onu qurban seçiblər. Məqsəd də “işgəncələrə görə general cəzalandırıldı” görüntüsü yaratmaq olub. Bəkir Orucov hesab edir ki, xüsusi arxalandığı adamı, pulu olmadığına görə məhz onu qurban seçiblər:

“Belə təqdim ediblər ki, guya hadisələri mən idarə eləmişəm. Kapitan, mayor kim idi ki, işgəncə otağı yaratsın, buna əmr versin. Bu qədər yalan olmaz. Həbsimin səbəbini mən özüm yaxşı bilirəm. Mənə açıq şəkildə desəydilər ki, bu dövlət üçün qurban lazımdır, səni seçirik, məni bu qədər yandırmazdı. Zərərçəkmişlər şikayətlənirdilər, ora-bura çox yazırdılar ki, bu qədər adamlara işgəncələr verilib, yüksək rütbəli şəxslərdən heç kim cəzalandırılmır. Məni də ona görə qurbanlıq seçdilər ki, “generalı cəzalandırdıq” görüntüsü yaransın. Yaxşı ki, mən Tərtərdə xidmət eləməmişəm. Görün onda başıma nələr gətirərdilər. Ailəm müdafiə nazirinin qəbulunda olub. Nazir deyib ki, “mən də bilirəm Bəkir Orucovun günahı yoxdur, amma kömək eləyə bilmirəm ona”. Generalın başına bunları gətirirlərsə, görün ki, adi adamlara neyləyirlər?”.

Ana səhifəSiyasətBəkir Orucovun həbs müddəti azaldıldı