close

İntiqam Hacılı: “Bəzi direktorlar dostluq etdiyi aktyorların adlarını titul və Prezident təqaüdünə yazdırırlar”

Fotolar: İntiqam Hacılının şəxsi arxivindən

Rejissor hesab edir ki, teatrlarda sovetdənqalma idarəçilik ləğv edilməlidir

Müsahibimiz kino və teatr prodüseri, rejissor, ssenarist İntiqam Hacılıdır.

Onunla Azərbaycan teatrının mövcud problemlərindən və həlli yollarından danışdıq.

2022-ci ilin mayından 2024-cü ilin fevralına qədər Lənkəran Dövlət Dram Teatrında direktor müavini və direktor vəzifəsini icra etdiniz. Əmək müqavilənizin uzadılmamasına səbəb nə oldu?

– Lənkəran Dövlət Dram Teatrında olan problemlər Azərbaycan teatrlarına xas – maddi-texniki baza, repertuar, sexlərin vəziyyəti və kadr çatışmazlığı idi. Texniki işçilərin sayı az idi. Teatrda təhsilli və peşəkar aktyorlar ancaq yaşlı nəsil idi. Gənc aktyorlar isə bu peşəni teatr daxilindəki yaradıcı proseslərdən öyrənmişdilər. İxtisasca aktyor deyildilər. Yenə də sağ olsunlar ki, teatrdakı iş prosesinə kömək olurdular. Otaqların iş şəraiti – kondisioner, kompüter, internet –  yox idi. Teatrda şənbə-bazar tamaşaları verilmirdi. Repertuar az və yaxşı deyildi, tamaşaların reklamı aparılmırdı. Qısa müddətdə sadaladığım və sadalamadığım problemləri aradan qaldırdıq. İşlədiyim qısa müddətdə teatra 25 nəfərə yaxın gənc və işini bilən digər yaşlarda olan kadrlar götürüldü.

– Kadr çatışmazlığı məsələsinin həllindən sonra problemlər aradan qalxdı?

– Yox, sadəcə, bu işçi heyətilə teatrda iş prosesini sürətləndirdik. Repertuarda tamaşaların sayını çoxaltdıq. Şənbə-bazar tamaşalarını bərpa etdik. Tamaşaçıları teatra cəlb etdik. İlk əvvəllər bu nəticə 10-15 nəfər idisə, getdikcə onların sayı artmağa başladı, açıq kassanın fəaliyyəti yüksəldi. Lənkəranlılar teatra öyrəşirdilər və tədricən tamaşaçı sayı 40-70 nəfərə qalxdı. Premyeralarda bu rəqəmlər 100-200 arası olurdu. Planımızda kommersiya xarakterli, klassik və festival üçün hazırlanan tamaşalar vardı. Bir il bir ay ərzində çox böyük işlər gördük. Azərbaycan teatrında ilk dəfə olaraq verbatim – sənədli teatr janrında tamaşa qoyduq. Uzun illərdən sonra Lənkəran Dövlət Dram Teatrında iki mono-tamaşa hazırlamağa başladıq. Birini tam hazır etdik və hər ay nümayiş olunurdu. 2024-cü il fevralın 5-də isə müqavilə müddətim bitdi. Bu müddət ərzində teatrın idarəçiliyində və yaradıcılğında böyük dəyişikliklər oldu.

– Bu fikirlə razılaşırsınız ki, Azərbaycan teatrının mövcud problemlərinin kökündə sovetdənqalma sistem dayanır?

 – Bəli, elədir. Azərbaycanda dövlət teatrları hələ də sovetlər dönəmindən qalan sistemlə fəaliyyət göstərirlər. Bu da teatrların inkişafının qarşısını alır. Sovetlər İttifaqı dağıldıqdan sonra sosialist ölkələr azad bazar iqtisadiyyatına – kapitalizm sisteminə keçdilər. Həmin ərəfədə istər-istəməz, mədəniyyətin bütün sahələri kimi teatrda da durğunluq yaşandı. Sonralar Prezidentin sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı hazırlandı. Proqramda teatrların maddi-texniki bazasının yaxşılaşdırılması və yeni kadrların yetişdirilməsi, həmçinin azad bazar iqtisadiyyatı ilə ayaqlaşma, marketinq strategiyasının teatrlarda tətbiqi kimi məsələlər vardı. Təəssüf ki, dövlət proqramında göstərilən əsas vacib məsələlər teatrlara tətbiq olunmadı. Hətta 2020-ci ilə qədər ölkə başçısı tərəfindən regionlardakı teatrların maddi-texniki bazasının yaxşılaşdırılması üçün dəfələrlə maliyyə ayrıldı. Lakin teatr direktorları ayrılan pulları təyinatı üzrə xərcləməyiblər. Teatrın içərisinə girib, zala və səhnəyə baxdıqda bunu dərhal görürsən.

İntiqam Hacılı və Elvin Adıgözəl

– Hər halda sovetlərdənqalma sistemin ləğvi üçün mütləq alternativ variant da olmalıdır. Digər ölkə teatrlarının təcrübəsindən faydalanmaq olarmı?

– Arxada qalan 20 il ərzində bunu mərhələli şəkildə etmək mümkün idi. Dediyim kimi, bütün bunlar 2009-2019-cu illər üçün nəzərdə tutulan dövlət proqramında öz əksini tapmışdı. Mərhələli şəkildə bunu etdikcə, köhnə sistemlə işləyən insanları da yeni sistemə öyrəşdirmək mümkün idi. Bir də ki dünyada bu sahələr üçün təcrübədən keçmiş uğurlu mexanizmlər var. Onları mədəniyyətimizin bu sahələrinə tətbiq etməklə inkişaf etdirmək olardı.

– Vaxtilə Azərbaycan Akademik Milli Dram Teatrında direktor işləmiş İsrafil İsrafilov siz dediyiniz bəzi məsələləri həmin teatrda tətbiq etmək istədi, amma qalmaqallar, narazılıqlar artdı.

– Çünki haradan başlamaq önəmli məsələdir. Məncə, o, aktyor ştatlarının ləğvindən başlamaq istəyirdi. “Mozalan” kinojurnalının məşhur bir buraxılışında olduğu kimi. Əslində isə yuxarıdan, idarəçilik sistemindən başlamaq lazım idi, özü də konseptual şəkildə. Ləğvə qalsa, ilk olaraq teatrlarda direktor və baş rejissor ştatları ləğv olunmalıdır, onların yerinə teatr prodüserləri, menecerləri, marketoloqlar və s. gətirilməli, marketinq strategiyası tətbiq olunmalıdır. Bu da mərhələli formada aparılmalıdır. Kapitalizm sistemində hər bir müəssisənin inkişaf və marketinq strategiyası var. Amma dövlətin mədəniyyət siyasətini həyata keçirən teatrların bu strategiyası yoxdur. Teatrlar onlara təyin olunan direktorların, baş rejissorların, yəni rəhbər adamların şəxsi zövqünə uyğunlaşdırılmalı deyil. Bir sözlə, teatrlarda marketinq şöbəsi olmalıdır.

– Regionlarda ixtisaslı aktyor çatışmazlığı müzakirə mövzusudur. Hətta deyilənlərə görə, regionlardakı aktyorların bir çoxu həvəskarlardır. Bu, həqiqətən, belədir?

– Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq ixtisasını bitirənlər Bakıda qalırlar. Teatrlarda maaş az olduğu üçün aktyorlar da ikinci, üçüncü iş yeri axtarırlar. Onlar seriallara, filmlərə, reklamlara çəkilir, hətta toylarda, xınayaxdı və digər el şənliklərində müğənnilik, tamadalıq da edirlər. Rayonlarda kino, serial və reklam kimi digər audio-vizual məhsulların istehsalı olmadığı üçün region teatrlarına heç oranın sakini olan belə gedib işləmək istəmir. Belə olanda da dərnəklərdə iştirak etmiş və yaxud da bir az aktyorluq bacarığı olan insanları region teatrlarının aktyor ştatına qəbul ediblər. Onlar teatrların tərkibində olan studiyalarda və yaxud da tamaşalarada ikinci, üçüncü dərəcəli rol oynamaqla aktyorluğu öyrənməyə çalışıblar. Vaxtilə yaşlı nəsil indiki yaşlı nəslə hansı münasibəti göstəribsə, indi də onların bəziləri gənc nəslə eynisini nümayiş etdirirlər.

– Teatrda yaşlı və gənc nəsil qarşıdurmasının olması çoxlarına məlumdur. Nəsillər arasında qalmaqalları yaradan səbəblər hansılardır?

– Nəsillər arasında qalmaqalları yaradan səbəblərdən biri də titullar və mükafatlardır. Titullar – Əməkdar artist, Xalq artisiti verilmədikcə, aktyorlar yaşlanır, gəlib 50-60 yaşlarına çatırlar. Nəticədə bir teatrda fəxri ad almaq üzrə olan aktyorların sayı çoxalır, məsələn, 15-20 nəfərə çatır. Tutalım, nə vaxtsa iki nəfərə Əməkdar artist adını verəcəklərsə, aktyorlar arasında və onların direktor və baş rejissorla dava-dalaşları başlayır. Bəzi bürokrtat direktorlar da tərəfkeşlik edir, özünün dostluq etdiyi aktyor üçün bu təqdimatı yazır. Prezident mükafatı da eynən, bəzən uzun illər eyni şəxslər alır bunu, digərləri qalır belə… Prezident mükafatına iki-üç yer ayrılır. Mükafatı almaq istəyənlərin sayı 10 nəfər və ya 15-20 nəfərdir. “Dembel” aktyorların da öz qruplaşmasında olan müdafiə etdikləri aktyorlar olur, yəni direktorlara onun təqdimatının verilməsini “xahiş edirlər”. Rolların bölünməsində də problemlər üzə çıxır. Qalmaqallar və qruplaşmalar belə məsələlər ucbatından baş verir. Əslində, sovetdənqalma bu sistemdə aktyorları qınamaq da olmaz. Sosial vəziyyətləri yaxşı deyil. Akyor 400-500 manat maaş alır. O istəyir ki, 1-2 il mükafat da alsın, sosial vəziyyətini düzəltsin. Bu, teatrda on illərdir ki, davam edən köklü problemlərdir, sovet dönəmindən qalmış bu idarəçilik sistemi davam etdiyi müddətdə də var olacaq.

Ana səhifəMədəniyyətİntiqam Hacılı: “Bəzi direktorlar dostluq etdiyi aktyorların adlarını titul və Prezident təqaüdünə yazdırırlar”