close

Netanyahu döyüşlərə kiçik fasilə verməyi nəzərdən keçirdiklərini deyir

Benyamin Netanyahu. Foto: Meydan TV

İsrailin son hava zərbələri nəticəsində 23 fələstinlinin həlak olduğu bildirilir

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, onlar girovların buraxılması və ya yardımların keçməsi üçün Qəzza zolağında döyüşlərdə “kiçik fasilələr” verməyi nəzərdən keçirirlər.

İsrail HƏMAS islamçı qruplaşmasının yerləşdiyi anklavın şimalında sıx məskunlaşma olan Qəzza şəhərini mühasirəyə alıb. Hərbçilər bildirib ki, qrupun iqamətgahını ələ keçiriblər, yeraltı tunellərdə gizlənən döyüşçülərə hücum etməyə hazırlaşırlar.

Səhiyyə rəsmiləri bildiriblər ki, noyabrın 7-də səhər saatlarında İsrailin Qəzzanın cənubundakı Xan Yunis və Rəfah şəhərlərinə təşkil etdiyi iki ayrı hava zərbəsi nəticəsində ən azı 23 fələstinli həlak olub.

HƏMAS bir ay öncə İsrailin cənubuna hücum edib. 1400 nəfərin ölümü ilə nəticələnən hücumda 240 nəfəri girov götürüblər.

Qəzzanın səhiyyə rəsmiləri bildiriblər ki, İsrailin hücumu nəticəsində 4100-ü uşaq olmaqla 10 mindən çox fələstinli həlak olub.

Həm İsrail, həm də HƏMAS döyüşlərin dayandırılması ilə bağlı artan çağırışları rədd edib. İsrail deyir ki, ilk növbədə girovlar azad edilməlidir. HƏMAS bildirir ki, Qəzza hücuma məruz qaldığı müddətdə onları azad etməyəcək və döyüşü dayandırmayacaq.

Netanyahu bildirib ki, ümumi atəşkəs ölkəsinin müharibə səylərinə mane olacaq, lakin humanitar səbəblərdən döyüşə fasilə verilməsi, İsrailin əsas müttəfiqi ABŞ-ın dəstəklədiyi ideya, şəraitə görə nəzərdən keçirilməyə davam edəcək.

“Ancaq ümumi atəşkəsin olacağını düşünmürəm”, – Netanyahu bildirib.

ABŞ Prezidenti Co Biden noyabrın 6-da Netanyahu ilə telefon danışığında bu cür fasilələri və mümkün girovların azad edilməsini müzakirə edib. Həmçinin o, İsraili dəstəklədiyini təkrarlayaraq, İsrailin mülki insanları müdafiə etməli olduğunu vurğulayıb.

BMT-nin Baş katibi Antonio Quterreş noyabrın 6-da təcili atəşkəsə çağıraraq Qəzzanın “uşaqlar üçün qəbiristanlığa” çevrildiyi barədə xəbərdarlıq edib.

“İsrail Müdafiə Qüvvələrinin quru əməliyyatları və davamlı bombardmanları mülki əhaliyə, xəstəxanalara, qaçqın düşərgələrinə, məscidlərə, kilsələrə və BMT obyektlərinə, o cümlədən sığınacaqlara zərbələr endirir. Heç kim təhlükəsiz deyil”, – Quterreş jurnalistlərə deyib.

Beynəlxalq təşkilatlar xəstəxanaların yaralıların öhdəsindən gələ bilməyəcəyini, qida və təmiz suyun yardım çatdırılması ilə tükəndiyini bildirib.

“Bizə təcili humanitar atəşkəs lazımdır. Artıq 30 gündür. Bəsdir. Bu, indi dayandırılmalıdır”, – bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının bir sıra qurumlarının rəhbərlərinin bəyanatında deyilir.

Ana səhifəDünyaNetanyahu döyüşlərə kiçik fasilə verməyi nəzərdən keçirdiklərini deyir