close

Bəxtiyar Hacıyevə qarşı vergi ilə bağlı 52 min manatlıq mülki iddia

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəal yenidən hesablama aparılmasını istəyib

İlyarımdan çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsində Dövlət Vergi Xidməti mülki iddiaçı qismində çıxış edir. İctimai fəala qarşı ittihamlardan biri də vergidən yayınmadır. Lakin o, digər ittihamlar kimi, bunu da qəbul etmir.

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin işi üzrə keçirilən məhkəmə prosesində Dövlət Vergi Xidmətinin nümayəndəsi çıxış edib. Nümayəndə bildirib ki, Bəxtiyar Hacıyevin sadələşdirilmiş sistem üzrə və subicarə üçün ümumilikdə 52 min manatdan çox ödənilməmiş vergisi var. Onun sözlərinə görə, əllərində Bəxtiyar Hacıyevlə bağlı konkret maliyyə sənədləri olmadığına görə gəlir və xərclərlə bağlı dəqiq hesablama aparmaq mümkün olmayıb. Nümayəndə deyir ki, başqa bir oxşar fəaliyyəti olan şirkətlə bağlı hesablamalar əsasında Bəxtiyar Hacıyev üçün 52 min manatı çıxarıblar. Ona görə də məhkəmədə bu məbləğin ödənilməsi barədə mülki iddia qaldırıblar.

Bəxtiyar Hacıyev bununla razılaşmayıb. O bildirib ki, bütün sənədləri təqdim etməyə hazırdır və yenidən hesablanma aparılmasını istəyir.

Məhkəmədə bir neçə başqa şahid də dindirilib. Onların əksəriyyəti Bəxtiyar Hacıyevin təşkil etdiyi tədris kurslarında dərs keçən müəllimlər, xaricdə təhsil almağa gedən tələbələr və valideyni olub.

Məhkəmədə dindirilən şahidlərdən biri də Yasamal Rayon Məhkəməsində katib işləyən Emin Əlizadə olub. O, 2021-ci ildə məhkəmə zalında Bəxtiyar Hacıyevlə bloger Ülviyyə Muradova (Alovlu) arasındakı insident barədə ifadə verib.

O bildirib ki, Bəxtiyar Hacıyev və Ülviyyə Muradova bir-birinin ünvanına təhqirlər səsləndiriblər. Hətta Bəxtiyar Hacıyev onu vurub.

Bəxtiyar Hacıyev də, onun vəkili Aqil Layıc da şahiddən soruşub ki, əgər Ülviyyə Muradovanın vurulması faktı vardısa, hadisədən az sonra Yasamal rayon Polis İdarəsindəki dindirmə zamanı niyə bunu deməmişdi? Amma üstündən iki il keçəndən sonra bunu iddia edir.

Şahid bu suala konkret cavab verməyib.

Bəxtiyar Hacıyev əlavə edib ki, istintaqda iki şahidin ifadəsi var – Emin Əlizadənin və Yasamal Rayon Məhkəməsində icra məmuru kimi xidmət edən Orxan Abdullayevin. Baxmayaraq ki, bunlar ayrı-ayrılıqda dindiriliblər, ifadələrindəki cümlələr, sözlər belə eynidir. İctimai fəal vurğulayıb ki, bütün bunlar şahidin yalan danışdığını, öyrədilmiş ssenari üzrə ifadə verdiyini sübut edir.

Bəxtiyar Hacıyev hakimlərdən məhkəmə prosesinin tez yekunlaşmasını istəyib. O bildirib ki, istintaqda ifadə verən, lakin hələlik məhkəmədə dindirilməyən 15 şahid qalıb. İctimai fəal təklif edib ki, bu şahidlərin istintaqdakı ifadələri qəbul edilərək, məhkəmədə elan olunsun. Yəni onların çağrılıb dindirilməsilə vaxt itirilməsin.

Hakim Əli Məmmədov bildirib ki, şahidlərə bir daha çağırış göndəriləcək. Onlar yenə gəlməsə, prokuror da razılıq versə, şahidlərin istintaqdakı ifadələrinin elanı ilə kifayətlənmək olar.

Bəxtiyar Hacıyevin məhkəməsi iyulun 26-da davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla Ülviyyə Alovlu arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul eləmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Ana səhifəSiyasətBəxtiyar Hacıyevə qarşı vergi ilə bağlı 52 min manatlıq mülki iddia