close

Hökumət hüququ pozduğunu etiraf edib

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

AİHM Azərbaycanla bağlı daha 3 işə baxıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha üç qərardadını elan edib.
Əlayif Həsənov Azərbaycana qarşı” – məhkəmə işi mərhum vəkil Əlayif Həsənovla bağlıdır. O, illər öncə defamasiyaya görə məsuliyyətə cəlb edilmişdi.

Ərizəçi həbsdə olan müvəkkilinin kamera yoldaşı tərəfindən təhdid edilməsi ilə bağlı məlumat yaymışdı. Bundan sonra müvəkkilinin kamera yoldaşı onu böhtan atmaqda ittiham etmişdi.
Yerli məhkəmələr bu ittiham üzrə Əlayif Həsənovu təqsirli bilib, onun 240 saatlıq ictimai işlərə cəlb edilməsinə hökm vermişdi.

Hökmdən sonra ərizəçi Vəkillər Kollegiyasından xaric edilmişdi. Ərizəçi məhkəməyə 2 ərizə təqdim etmiş, AİHM qarşısında Konvensiyanın 6, 8, 10 və 18-ci maddələrinin pozuntusunu mübahisələndirmişdi. Ərizənin kommunikasiyası zamanı ərizəçi vəfat edib, onun şikayətlərini oğlu davam etdirib.

Ərizələrin kommunikasiyası zamanı hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət əriəzçinin 1-ci ərizəsinə münasibətdə Konvensiyanın 6 və 10-cu, ikinci ərizəsinə münasibətdə Konvensiyanın 8 və 10-cu maddələrinin pozulmasını etiraf edərək, ərizəçiyə təzminat ödəməyi təklif edib. Ərizəçinin övladı təzminat məbləğinin ədalətli olmadığını məhkəməyə bildirsə də, AİHM ərizəyə baxılmasının davam etdirilməsi üçün əsasların olmaması qənaətinə gəlib. Məhkəmənin qərardadına əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 9000, hüquqi məsrəflərə görə 1000 avro ödəməlidir.

Namiq Rüstəmov Azərbaycana qarşı” – məhkəmə işi məhkəmə prosesinin ədalətsizliyi iddiası ilə bağlıdır. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən, kassasiya icraatı dinləmələr barədə lazımi qaydada məlumatlandırılmamasından şikayət etmişdi.

Kommunikasiya zamanı hökumət ərizəçinin iddia etdiyi pozuntuları etiraf edib. Məhkəməyə ərizəçiyə təzminat ödənilməsini nəzərdə tutan təktərəfli bəyannamə təqdim edib. AİHM-in həmin bəyannaməyə əsaslanan qərardadına görə, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

“Kifayət İsmayılov Azərbaycana qarşı” – işin hallarına görə, ərizəçi Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı F.A.-nın yaxın qohumu idi. F.A.-ya cinayət işi açılmış, həmin cinayət işinin nəticəsində ərizəçinin Bakı şəhərindəki qeyri-yaşayış sahəsi müsadirə edilmişdi. Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququna müdaxilənin baş verdiyini iddia edirdi.

İşə baxılması zamanı ərizəçi AİHM-i ona məxsus mülkiyyətin müsadirə edilməsini nəzərdə tutan qərarın ləğv edildiyini bildirib və şikayətlərini geri götürüb. Məhkəmə ərizəni baxılacaq işlərin sırasından xaric edib.

Ana səhifəSiyasətHökumət hüququ pozduğunu etiraf edib