close

Boradigah sakinləri trasformatora görə prezidentə müraciət ediblər

Fotolar: Meydan TV

“Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıq keçirilir”

Masallı rayonunun Boradigah qəsəbəsinin 20-yə yaxın sakini Prezident İlham Əliyevə və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət edib.

Müraciətdə 10 mindən çox sakini olan qəsəbənin enerji təminatında problemlər yaşandığı vurğulanır:

“Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir. Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir. Ancaq qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirmiş və bərbad vəziyyətdədir. Transformatorların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı bərbad vəziyyətdədir. Nisbətən normal durumda yüklənmə çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220 -230 V olmalı olduğu halda 190-195-dən çox olmur! Məişət texnikalarının az gərginlik verilməsi və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır”.

Sakinlər bildirir ki, hazırda qəsəbə əhalisinin xeylisi bəlli səbəblərdən Bakıda və ölkədən kənarda yaşayır, yəni işıqdan istifadə etmir:

“Bu isə o deməkdir ki, tam yüklənmə olarsa, vəziyyətin bəhs etdiyimizdən də daha acınacaqlı olduğu ortaya çıxacaq”.

Onlar problem yaradan ən böyük səbəblərdən biri kimi Tüklə kəndindəki yarım stansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasını göstərib:

“Ona görə də güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıq keçirilir”.

Müraciətdə qeyd olunur ki, böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir:

“Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora- bura zəng etmək məcburiyyətində qalırlar. Hörmətli prezident, hörmətli Vüqar müəllim, Sizdən xahiş edirlk, bu problemi şəxsi nəzarətinizə götürüb problemin həlli ilə bağlı operativ göstəriş verəsiniz”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Meydan TV-yə bildirib ki, şikayət nəzarətə götürülüb və bu gün araşdırma aparılıb problem aradan qaldırılacaq.

Ana səhifəBölgəBoradigah sakinləri trasformatora görə prezidentə müraciət ediblər