close

Qubad İbadoğunun oğlunun evində naməlum adamların gizli axtarış apardığı bildirilir

Qubad İbadoğlu. Foto: Meydan TV

Ailə üzvləri həbsindən bəri ilk dəfə iqtisadçı ilə görüşüblər

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, iqtisadçı Qubad İbadoğlunun Amerikada təhsil alan oğlunun evinə naməlum şəxslərin gizli şəkildə daxil olduğu, orada axtarış apardıqları bildirilir. Bu barədə ABŞ-da yaşayan fəal Murad Quliyev məlumat verib.

Onun sözlərinə görə, hadisə Emin Bayramov səfərdə olarkən baş verib:

“Emin Bayramov bir neçə günlük səfərdə olarkən kimlərsə onun yaşadığı evə daxil olub. Evi axtarıblar, töküb pis vəziyyətə salıblar. Yetərincə zərər dəyib”.

Murad Quliyev əlavə edib ki, hadisə barədə polisə məlumat verilib:

“Polis hadisə yerinə gəlib, əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda iş araşdırılır”.

Emin Bayramov. Foto: VOA

Bir aya yaxındır həbsdə olan Qubad İbadoğlu avqustun 19-da ilk dəfə ailə üzvlərilə görüşüb. Bu barədə məlumat verən qardaşı Qalib Bayramovun sözlərinə görə, onlar ADR sədri ilə Bakı İstintaq Təcridxanasında şüşə arxasından telefonla bir-birilə danışmaqla görüşə biliblər.

Qalib Bayramov deyir ki, qardaşının həbsindən sonra onunla ilk görüşdən qorxulu təəssüratla qayıdıb:

“Kəskin şəkildə arıqlayıb. Sifətinin rəngi təbii deyil. Həbsxanada yeni xəstəliklər “qazanan” qardaşım qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir. Danışanda onda nevrozun əlamətləri hiss olunur…”.

Qalib Bayramov. Foto: “abzas.net”

O əlavə edib ki, Qubad İbadoğlu həbsdə olduğu 28 gündə qan təzyiqi, ürək döyüntüsü və şəkəri bir gün belə normallaşmayıb. Bu səbəblərdən aortanın anevrizmasında geridönüşü mümkün olmayan proqres davam edir:

Qorxduğumuz başımıza gəlir, şərlənərək həbs olunmuş qardaşım sağlamlığını sürətlə itirir. Baş verəcəklərə görə bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərindədir”.

Eyni zamanda, London İqtisadi və Siyasi Elmlər Məktəbinin müəllimi olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətQubad İbadoğunun oğlunun evində naməlum adamların gizli axtarış apardığı bildirilir