close

Prokuror Slavyan Universitetinin şöbə müdirinə 8 il iş istədi

Bakı Slavyan Universiteti. Foto: Trend

Dövlət ittihamçısı Dürdanə Əliyevanın məhkəmə zalında həbs olunmasını tələb edir

İki ilə yaxındır məhkəməsi gedən Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın mühakiməsi yekunlaşır. Avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ona 8 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib. Dürdanə Əliyeva istintaq və məhkəmə dövründə azadlıqda olduğuna görə prokuror onun məhkəmə zalından həbs olunmasını təklif edib.

Bundan başqa, Dürdanə Əliyevaya işə düzəlmək, yaxud da təhsil haqqını ödəmək adıyla pul verdiyini deyən bir sıra şəxslər var ki, onlar zərərçəkmiş qismində tanınıblar. Onlardan bəziləri məhkəmə prosesinin gedişində dəymiş ziyanın ödənilməsiylə bağlı mülki iddialar qaldırmışdılar. Prokuror həmin mülki iddiaların da təmin olunmasını istəyib.

Cinayət işinin materiallarında iddia olunur ki, keçmiş şöbə müdiri 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb. Bakı Slavyan Universiteti də zərərçəkmiş qismində tanınıb.

Lakin Dürdanə Əliyeva özünü təqsirli bilmir. Onun aldığı pullardan da, universitetdə görülən işlərdən də o vaxtkı rektor Nurlana Əliyevanın xəbərdar olduğunu bildirir:

“Bunu mən tək eləyə bilməzdim…”.

Dürdanə Əliyeva. Foto: BSU-un saytı

Onun sözlərinə görə, rektor Nurlana Əliyeva və baş mühasib də proseslərin birbaşa iştirakçısı olub.

Keçmiş rektor Nurlana Əliyeva da bu ilin aprelində məhkəmədə dindirilib. O, ünvanına səslənən ittihamları qəbul etməyib. Deyib ki, Dürdanə Əliyeva bu əməlləri təkbaşına törədib. Onun sözlərinə görə, keçmiş şöbə müdirinin əməllərindən xəbər tutanda ona problemin həlli üçün vaxt verib. Lakin Dürdanə Əliyeva vədinə əməl eləməyib:

İki nəfər tələbə ödənişin mənimsənilməsilə əlaqədar mənə şikayət elədi. Araşdırdıq, məlum oldu ki, Dürdanə Əliyeva mənimsəyib. Onu yanıma çağırdım. Dedim ki, ayıbdır, müəllimə yaraşmaz belə hərəkətlər. Söz verdi ki, evini satmaq hesabına da olsa, ödəyəcək. Ona 10 gün vaxt verdim. Söz versə də, eləmədi. Ona görə Təhsil Nazirliyinə şikayət elədim. O, mənim 5 illik fəaliyyətimə kölgə salmağa çalışdı. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım…”.

Avqustun 21-də prokurorun çıxışından sonra Dürdanə Əliyevanın vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Dürdanə Əliyeva külli miqdarda mənimsəmə, dələduzluq və s. maddələrlə ittiham olunur.

Ana səhifəSosialProkuror Slavyan Universitetinin şöbə müdirinə 8 il iş istədi