close

Bu dəfə alınacaq

Gürcüstan, 29 aprel. Foto: Reuters

Zərdüşt Əlizadə

Bidzina İvanişvili öz nitqi ilə Gürcüstanın gələcək yolunun necəliyini dəqiq təsvir etdi

Gürcüstanın paytaxtında əhalinin bir hissəsi etiraz mitinqinə çıxıb. Son bir ildə hökumət ikinci dəfədir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentdən keçirmək istəyir. Camaat layihənin adını sadəcə “Rus qanunu” qoyub.

Birinci dəfə gənclərin geniş nümayişi “Gürcü Arzusu” hakim partiyasını qanun layihəsini birinci oxunuşdan sonra geri çəkməyə vadar etdi. Lakin indi layihə yenə parlamentdədir, birinci oxunuşdan keçib, ikici oxunuşdan da keçəcək və mayın 17-də üçüncü oxunuşdan keçib yatacaq imzalanmaq üçün Prezident Salome Zurabişvilinin masasına. Prezidentin gözlənilən müqaviməti asanlıqla qırılacaq və Rusiyada fərqli düşünən və danışan vətəndaşların ağzını mumlamış qanun Gürcüstanda da qüvvəyə minəcək.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bu qənaəti aprelin 29-da Tbilisidə hakim partiyanın təşkil etdiyi mitinqdə Gürcüstanın hakimi-mütləq ağası milyarder Bidzina İvanişvili öz nitqində təsdiq etdi. Bu nitq Gürcüstanın gələcək yolunun necəliyini dəqiq təsvir etdi. Bu yol yaxın gələcəkdə Gürcüstanı hara gətirəcək?

Bu yol Gürcüstanı məbədə deyil, düppədüz gətirəcək qonşu dost Azərbaycanın yanına.
Sizin bəndeyi-həqiriniz “qızılgül inqilabı”ndan sonraTbilisidə öz gürcü həmkarları ilə görüşəndə onlar mənə açıq-aşkar zavallı və miskin məxluq kimi baxırdılar və təkəbbürlü münasibətlərinin səbəbini heç gizlətmirdilər: ”Biz artıq azad və mütərəqqi Avropadayıq, sizlər isə geridə qalmış asiyalılarsınız”.

Mən də, tarixin seyrinə öz marksist yanaşma tərzimə sadiq qalaraq, özlüyümdə düşünürdüm:
“Neynək, tarix sizə nə qədər yanıldığınızı, avam olduğunuzu amansızlıqla sübut edər”.

Təbii ki, xətirlərini çox istədiyim həmkarlarıma sözlə deyil, yalnız təbəssümlə cavab verirdim, zira AXC dönəmində əldə etdiyim təcrübə məni əmin etmişdi ki, cahil insanları sözlə nəyə isə inandırmaq mümkün deyil, bu işin öhdəsindən yalnız sərt gerçəklik, yəni həyatın şillə-şapalaqları və təpikləri gəlir. Mənim anlaqsız cəbhədaşlarıma beş il ərzində əbəs yerə izah etmək istədiklərimi möhtərəm Heydər Əliyev zati-aliləri cəmi bir ilə anlatdı.
Nədənsə indi gürcü “demokratları” əmindirlər ki, “rus qanunu” məsələsində qalib gələcəklər. Mən bunu arzulasam da, etiraf edim ki, nikbin deyiləm. Çünki tarix xalqların gerçək inkişaf səviyyəsindən asılı olan qanunlarla inkişaf edir. Bu qanunlar isə deyir ki, demokratik vətəndaş olmayan dövlətdə demokratik cəmiyyət qurmaq mümkün deyil.

Heydər Əliyev Azərbaycanda böyük əzmlə nümunəvi avtoritar istibdad quruluşu yaradarkən Rusiyada siyasi qüvvələr boğuşur,  prezident Boris Yeltsin Dövlət Dumasını top atəşinə tutur, Gürcüstan və Ermənistanda, Ukrayna və Moldovada siyasi partiyalar vətəndaşların səsləri uğrunda rəqabət aparırdılar.

Necə ki, Azərbaycan əhalisi içərisində demokratik vətəndaşların nisbəti hədsiz cüzidir, eynilə Gürcüstanda da ciddi demokratik vətəndaş qıtlığı var.

Cənab Bidzina İvanişvili nitqində xəbər verdi ki, müxalifətə divan tutacaq və onları keçmiş cinayətlərinə görə məsuliyyətə cəlb edəcək. Rusiyanın gürcü torpaqlarını işğal etməsinin günahını işğalçı dövlətin deyil, Saakaşvili hakimiyyətinin üzərinə atdı. Təbii ki, Saakaşvili hökumətinə vaxtilə səxavətlə verdiyi pullardan bir kəlmə demədi. Nitqində Avropanı gürcü cəmiyyətinə yad olan “cinsi azlıqlar” mədəniyyətini zorla sırımaq niyyətində ittiham etdi.
Bu nitqdən belə nəticə çıxarmaq olar ki, İvanişvilinin siyasi idealı Azərbaycan və Rusiyadır. Yəni parlament seçkisində qalib gələcək namizədlərin siyahısını ölkənin ağası təsdiq etməlidir. Hələliksə Gürcüstan onun beynindəki idealdan çox uzaqdır, parlamentin dörddə biri müxalifətdəndir.

Bidzina İvanişvili. Foto: Reuters

Sabiq sovet məkanını diqqətlə müşahidə edirəm və ümumi qanunauyğunluqları dərk edirəm. Sabiq SSRİ-də ən qabaqcıl və nümunəvi ölkə Azərbaycan oldu. Bunun səbəbi siyasi texnologiya sahəsinin dahisi Heydər Əliyevin strateji uzaqgörənliklə ölkədəki siyasi proseslərə təsiri, bu prosesləri arzuedilən məcraya yönəltmək bacarığı idi. Məhz Heydər Əliyev müxalifətin başına öz adamını qoya bildi, məhz Ulu öndər dövlət sükanını möhkəm əllərinə alandan sonra ona nail oldu ki, Konstitusiyanı öz bədəninə və istəyinə uyğun tərzdə biçdi, Milli Məclisi 1995-ci ildə öz buyruq qulları ilə doldurdu, müxalifəti satın aldı, satılmayanı məhv etdi, vətəndaş cəmiyyətinə qarçı səlib yürüşünü başladı və oğluna bu yürüşü zəfərlə bitirməyi vəsiyyət etdi.

Heydər Əliyev Azərbaycanda böyük əzmlə nümunəvi avtoritar istibdad quruluşu yaradarkən Rusiyada siyasi qüvvələr boğuşur,  prezident Boris Yeltsin Dövlət Dumasını top atəşinə tutur, Gürcüstan və Ermənistanda, Ukrayna və Moldovada siyasi partiyalar vətəndaşların səsləri uğrunda rəqabət aparırdılar.

Vaxt gəldi, Rusiyada Heydər Əliyevin mənəvi oğlu Vladimir Putin hakimiyyəti götürüb Rusiyanı öz ruhani atasının göstərişlərinə uyğun tərzdə taraşlamağa başladı. İndi bu taraşlama əməliyyatı məğrur gürcülərin başında aparılır.

Məqsəd nədir? Bəzi avam adamlar təşvişə düşüb fəryad çəkirlər ki, “Xandostu, amandır, qoyma gəldi, didarı yamandı, qoyma gəldi”, yəni SSRİ namlı imperiya bərpa olur.
Həzərat! Camaatı özünüzə güldürməyin. Hələ dahi Mirzə Cəlil yazıb sübut etmişdi ki, ölü xortlamaz, Şeyx Nəsrullah ölüləri dirildə bilməz. SSRİ-ni partokratlar elə öldürüb elə parçalayıblar ki, sabiq qardaş xalqlar dəxi birləşəmməz.
Lakin…

Rusiyaya və onun curlarına SSRİ deyil, sadəcə Rusiya ətrafında toparlanmış müstəqil avtoritar dövlətlər yığnağı lazımdır. Bu yığnaq olacaq Rusiyanın siyasi təsir zonası, bu “zon”da toplaşmış avtoritar liderlər köməkləşib öz xalqlarını əsarətdə saxlayacaqlar, təməddünə qarşı birgə savaş aparacaqlar. Hər bir avtoritar lider öz dövlətini və öz sevimli xalqını özü minib sürəcək, özü çapıb talayacaq, bu talan məsələsində heç bir prezident bir-birinin daxili işlərinə qarışmayacaq.

Yalnız demokratiyaya, xalqların hakimiyyət iddialarına qarşı əl-ələ verib döyüşəcəklər.
Mərkəzi Asiya buna hazırdır. Azərbaycan buna hazırdır. Gürcüstan və Ermənistan buna hazırlaşır. Ukraynanın yolu həmin səmtə gedir. Belarus çoxdan oradadır.  Rusiya son tamamlayıcı işləri görür.

Məktəb illərində uşaq idik, şit zarafatı sevərdik, “Dünya proletarları, birləşin” şüarını öz aləmimizdə Ukrayna dilinə belə tərcümə edərdik: “Qolodrantsı vsyoqo svitu, v kuçu hop”.
İndi bu şüarı ana dilimizə mədəni şəkildə belə tərcümə edərdim “Dünyanın cahil və məzlum insanları, səflərinizi azadlıq və tərəqqiyə qarşı möhkəm sıxlaşdırın”.

Ana səhifəMənim FikrimcəBu dəfə alınacaq