close

Con Kirbi: “Avdeyevkanın Rusiyanın nəzarətinə keçəcəyi təhlükəsi var”

Avdeyevka. Foto: Reuters

Ukraynanın bu bölgədə kritik vəziyyətlə üzləşdiyi bildirilir

Donetsk vilayətinin Avdeyevka şəhərində Ukrayna Silahlı Qüvvələri üçün kritik vəziyyətin yarandığı bildirilir.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi fevralın 16-da keçirdyi brifinqdə danışıb.

“Biz ukraynalılardan vəziyyətin kritik olduğuna dair mesajlar alırıq və rus qoşunları hər gün Ukraynanın mövqelərinə təzyiq göstərməkdə davam edir. Avdeyevkanın Rusiyanın nəzarətinə keçəcəyi təhlükəsi var”, – deyə Con Kirbi bildirib.

Con Kirbi yaranmış vəziyyəti daha çox Ukrayna qoşunlarının yerdəki artilleriya sursatlarının tükənməsi ilə əlaqələndirib:

Con Kirbi. Mənbə: “justsecurity.org”

“Rusiya Ukraynanın mövqelərinə hücum etmək üçün ard-arda yeni əsgərlər göndərir. Konqres hələ də hərbi yardım haqqında qanun layihəsini qəbul etmədiyi üçün biz Ukraynaya Rusiyanın hücumlarının qarşısını almaq üçün lazım olan artilleriya mərmilərini verə bilmədik”.

“Azov” 3-cü hücum briqadasının nümayəndəsi Aleksandr Borodin Ukrayna televiziyasına (briqada bu yaxınlarda Avdeyevka istiqamətinə köçürülüb) Rusiya qüvvələrinin 7 dəfə çox olduğunu söyləyib. Borodin vəziyyətin kritik olduğunu əlavə edib:

“Bəzi bölmələr bizimlə 360 dərəcə işləyir, yəni vəziyyət həqiqətən çətindir”.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna Silahlı Qüvvələri mümkün qədər çox ukraynalının həyatını xilas etmək üçün hər şeyi edir.

Prezidentin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin və müdafiə naziri Rustem Umerovun məruzələrini dinləyib:

“Cəbhədəki vəziyyət – Avdeyevka, ümumiyyətlə şərq. Biz əlimizdən gələni edirik ki, ordumuz mümkün qədər çox ukraynalının həyatını xilas etmək üçün kifayət qədər idarəetmə və texnoloji imkanlara malik olsun”.

Amma Ukrayna Prezidenti qoşunların Avdeyevkadan çıxarılması ilə bağlı xəbərləri birbaşa şərh etməyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da bu barədə heç nə demir.

Rusiya ordusu 2023-cü ilin oktyabrından Avdeyevka istiqamətində irəliləyir və bu müddət ərzində böyük itkilər verib. Son vaxtlara qədər Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olan general Valeri Zalujnı noyabrda Rusiya Silahlı Qüvvələrinin Avdeyevkaya hücum zamanı on minə yaxın adam itirdiyini bildirib. Böyük Britaniyanın Müdafiə Nazirliyi oktyabr-noyabr aylarında Rusiyanın müharibənin başlanğıcından bəri ən böyük itkisini verdiyini və bunun “əsasən Avdeyevkaya hücumla” bağlı olduğunu söyləmişdi.

Dekabr ayında ABŞ kəşfiyyatı Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkisini 13 min əsgərin öldüyü və yaralandığını, zirehli texnikada isə 220-yə yaxın texnikanın itkisini qiymətləndirdi. Ölən rus hərbçilərini açıq məlumatlar əsasında hesablayan Mediazona və BBC Rus Xidmətinin jurnalistləri Avdeyevkaya hücum başlayandan sonra nekroloqların sayının artdığını dəfələrlə qeyd ediblər. Avdeyevka bölgəsində döyüşənlərin yaxınları komandanlığın bu istiqamətdə rus hərbçilərini “qəsdən məhv etməsindən” şikayətləniblər.

Avdeyevka Ukrayna Silahlı Qüvvələrinin Donetskin kənarındakı mühüm möhkəmləndirilmiş ərazisidir. Şəhər ilhaq edilmiş Donetskdən 15 kilometr aralıda yerləşir. 2014-cü ildə Avdeyevka bir neçə ay separatçıların nəzarətinə keçsə də, Ukrayna Silahlı Qüvvələri şəhəri azad edib.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaCon Kirbi: “Avdeyevkanın Rusiyanın nəzarətinə keçəcəyi təhlükəsi var”