close

Məhkəmə “Mingəçevir işıqları” qəzetinin şikayətini rədd edib

Məhkəmə. Foto: Meydan TV

Qəzet rəhbərliyi qərardan apelyasiya şikayəti verəcək

Şəki İnzibati Məhkəməsi “Mingəçevir işıqları” qəzetinin Medianın İnkişafı Agentliyinə qarşı şikayətini rədd edib.

Agentlik “Mingəçevir işıqları” qəzetinin Media Reyestrinə daxil edilməsindən bir il bundan öncə imtina etmişdi. İmtina qərarı adıçəkilən medianın gündəlik 20 özəl xəbər yaymaması ilə bağlı idi.

Hüquqçu Xalid Ağəliyev deyir ki, təxminən 9 ay davam edən məhkəmə prosesi yekunlaşıb. Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev Agentliyin imtina qərarının “Media haqqında” qanuna uyğun olduğuna qərar verib.

Xalid Ağəliyev deyir ki, məhkəmə mübahisəni ölkə Konstitusiyasının ifadə azadlığı ilə bağlı, habelə, beynəlxalq müqavilələrin hüquqi qüvvəsi ilə bağlı maddələrinin işığında incələməyib. Odur ki, qərardan apelyasiya şikayəti veriləcək.

Bundan öncə bəzi media qurumları məhkəməyə müraciət edərək, Medianın İnkişafı Agentliyinin reyestrdən keçməklə bağlı müraciətlərinə rədd cavabı verməsindən şikayət edib.

Məhkəmələr “24saat.org”, “dogruxeber.az” saytlarının, “Gündəm Xəbər” qəzetinin bu barədəki şikayətlərini rədd edib.

İmtina məktublarının hər birində “fəaliyyət davamlı deyil”, – əsası göstərilib.

Agentlik hər saytdan onlayn media resursuna hər gün azı 20 özəl xəbər yerləşdirməyi tələb edir.

2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qanun qüvvəyə minib.

Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.
Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.

Beynəlxalq təşkilatlar və o cümlədən, Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bunu ifadə azadlığına müdaxilə sayıb.

Ana səhifəBölgəMəhkəmə “Mingəçevir işıqları” qəzetinin şikayətini rədd edib