close

Cücələri payızda sayacaqlar

Azərbaycan, Gürcüstan və Ermənistan. Foto: hyotographics/shutterstock

Zərdüşt Əlizadə

Sonrası Allaha və əhalinin intəhasız səbrinə təvəkkül

Padşahın bir nömrəli vəzifəsi nədir? Rəiyyətin qayğısına qalmaq, məmləkətin inkişafını güdmək? Belə düşünürsünüzsə, gedin ağlınıza dua yazdırın.

Padşahın bir nömrəli vəzifəsi taxtı-tacını qorumaq, hakimiyyətini möhkəmləndirməkdir.
Təbii ki, bu taxtı-tacın gətirdiyi nemətləri nuş etmək və həzmi-rabedən keçirmək yalnız o zaman mümkündür ki, həmin bu taxtı-tacı saxlaya biləsən.
Bu mühüm əməliyyatın icrası zamanı rəiyyətə də nə isə çatsa, Alaha şükür etsinlər.

Cənubi Qafqazda bu payız padşahlar öz cücələrini sayacaqlar.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Payızın birinci günündə Prezident İlham Əliyev, nəhayət ki, 100 faiz özünün təyin etdiyi parlamentə sahib çıxacaq. Özünü bilici sayan kimsə sizin həqir bəndənizə rişxəndlə deyə bilər ki, “məgər indiki parlament onun deyildi?” Və sizin həqir bəndəniz eyni rişxəndlə cavab verəcək ki, “nə tez keçən dəfəki parlament seçkilərinin özəlliklərini unutdunuz? İlham Əliyevin təzələmək istədiyi parlamentə əksərən yenə möhtərəm akademik və el ağsaqqalı Ramiz Mehdiyevin daşdan keçən üzüpadoş kadrları dolmuşdu.  Yəni akademik və elmlər doktoru elmlər namizədi prezidentə göstərmişdi ki, dövlət cihazı hələ də onun nəzarətindədir.

İndi isə çox sular axıb, cox əhvalat baş verib və möhtərəm akademikin yabısı əldən düşüb, dəxi çapammır. Sentyabrın 1-də qutudan yalnız Prezident Aparatında təsdiqlənmiş millət vəkillərinin adı çıxacaq. Beləliklə də, İlham Əliyev hətta nəzəri cəhətdən onun bir sözünə iki deyə biləcək yeganə dövlət qurumunu salacaq özünün şəxsi tövləsinə.
Müzəffər Ali Baş Komandan fevralda öz zəfərini prezident seçkisi ilə, sentyabrda isə Milli Məclis seçkisi ilə sənədləşdirdi. Ona daha 7 il zaval yoxdur.
Sonrası Allaha və əhalinin intəhasız səbrinə təvəkkül.

Cənubi Qafqazın geosiyasi əhəmiyyətinə görə ikincimi, birincimi, dəqiq bilinmir, ölkəsi Gürcüstandır. Burada da Mixail Nikoloz oğlu Saakaşvili hakimiyyətdən kənarlaşdırılandan sonra taxtı-tacı ələ keçirmiş rus-gürcü milyarderi Bidzina İvanişvili çalışır ki, bu dəfə də parlamentdə konstitusion əksəriyyət qazansın. Milli seçki ənənələrinə mane ola biləcək Qərbpərəst siyasi romantiklərin maliyyə imkanlarını məhdudlaşdırmaq məqsədilə bir dənə gözəl-göyçək “rus qanunu”, yəni xarici qüvvələrin pul gücünə daxili bihesablıqlara qarışmasını yasaqlayan qanun qəbul edildi.

Romantiklər çox atıldı, cox düşdü, fəqət Gürcüstanda da “adın nədir, Daşdəmir, yumşalısan, yumşalı” zərbül-məsəli əla işlədi və indi məmləkət əhli istirahətdən sonra hazırlaşır gürcü demokratiyasının növbəti qələbəsinə.
Təbii ki, gürcü müxalifəti mümkün qədər çox hissəyə parçalanıb və “Gürcü Arzusu” Partiyasının seçkidə qələbəsi üçün bütün şərtləri təmin edib.

ABŞ və bütövlükdə Qərb çox etiraz etdi və hətta Gürcüstana havayı maliyyə yardımını kəsdi, lakin gürcü hakimiyyəti qürurla dedi ki, “biz suverenliyimizi qəpik-quruşa satmarıq”. Yəni “biz işlərimizi görüb qurtaraq, sonra gələrsiz və yalvarıb yardımı artıqlaması ilə verərsiz”.

Sizin həqir bəndəniz isə bir şey arzulayır: ölməyib Avropa İttifaqı ilə Ermənistan Respublikası arasında viza rejiminin ləğv edildiyi günü görüm.
Onda dəxi nə baş verəcək, özünüz təsəvvür edin.

Növbə tədricən çatır Ermənistana. Bu tarix boyu başı çox bəla görmüş millət indi yol ayrıcında durub. Ya millətin başını dəfələrlə qayaya çırpmış köhnə rəhbərlər Paşinyanı qiyam yolu ilə devirməli, ya da tarixin keçmişinə qovuşub siyasi səhnədən getməlidirlər.

Yazda köhnə qüvvələr keşiş Baqratı irəli vermişdilər, fəqət heç bir nəticə hasil olunmamışdı. İndi onlar yenə keşişi qabağa salacaqlar, lakin əslində hərəkata xüsusi qərargah rəhbərlik edəcək. Bu qərargahın yeganə tapşırığı var: qan tökülməlidir!
Qan tökülsə, “millətin xilası naminə” silahlı çevriliş planı işə düşəcək.

Lakin Ermənistanda hakimiyyətdə əyləşən adamın ad-famili Ayaz Mütəllibov deyil, Nikol Paşinyandır. Baş nazir çox gözəl bilir ki, köhnə qurdlar marıtlayıb fürsət gözləyirlər, qan töküb zorakı çevriliş etmək istəyirlər. Ona görə də bu payız qarşıdurmasına ciddi hazırlaşır. Güc qurumları mütəmadi hazırlıq görür, hakimiyyətin zərəsizləşdirilməli olan rəqiblərinin siyahısı dəqiqləşdirilir, kim, harada və necə çıxdaş ediləcək nəqşəsi icraçılara çatdırılır. Polis, kəşfiyyat, pusma və izləmə xidmətləri gecə-gündüz qiyamı boğmağa hazırlaşır.

Baş nazirin ətrafı çox gözəl anlayır ki, köhnələr qayıtsa, onlara rəhm olmayacaq, hamı Robert Köçəryanın qəddarlığına bələddir.

ABŞ səfirliyi də yatmayıb, Ermənistanı Qərbin cənginə salacaq Paşinyana əllərindən gələn informasiya və operativ köməyi göstərir.

Məhz bu səbəbdən Nikol Paşinyan “taktiki fasilə” götürüb, sülh danışıqlarına ara verib. Masada sülhdən daha vacib hakimiyyət məsələsi yatır.

Əvvəl hakimiyyət, sonra sülh.

Heç bir şübhə yoxdur ki, Nikol Paşinyan bu ölüm-dirim savaşından qalib çıxsa, çox rahatlıqla Konstitusiyanı da dəyişəcək, Azərbaycanla sülh müqaviləsini də bağlayacaq, Türkiyə ilə də münasibətləri tənzimləyəcək, rus sərhədçilərini və hərbi bazasını da ölkədən çıxaracaq, sonra isə Ermənistan olacaq, İranın acığına, “Qərbin Cənubi Qafqazda forpostu”.

Bax, o vaxt, erməni xalq nağılına müvafiq olaraq, millətin xoş günləri başlayacaq, hər səbətin dibindən şirin gilas töküləcək.

Sizin həqir bəndəniz isə bir şey arzulayır: ölməyib Avropa İttifaqı ilə Ermənistan Respublikası arasında viza rejiminin ləğv edildiyi günü görüm.
Onda dəxi nə baş verəcək, özünüz təsəvvür edin.

Ana səhifəMənim FikrimcəCücələri payızda sayacaqlar