close

Su gəlir mənbəyi olaraq qalır…

Su. Foto: arxiv

Rövşən Hacıbəyli

Bakının başına gətirilən su qəzasına sözardı

Bu yayın ən aktual mövzusu sudur. Hər yerdə: məhəllədə, küçədə, qiyməti qaldırılan avtobus və taksidə də hamı ondan danışır. Hamının da qarğış ünvanı “Azərsu”dur. Baxmayaraq ki, “Azərsu”nun adını ötən il dəyişib Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi elədilər, mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllını da bu su problemindən qabaq işdən çıxardılar…

Prezident İlham Əliyevin 30 mart 2023-cü ildə imzaladığı fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verildi. Fərmanda yazılmışdı, məqsəd su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsidir. 

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Nazirlər Kabinetinə də tapşırılmışdı ki, 5 ay müddətində Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 1 ay müddətində də Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının yeni Agentliyin balansına verilməsini təmin etsin. Nazirlər Kabineti hansı işləri gördü, beynəlxalq məsləhətçi şirkət cəlb etdi, ya elə öz mütəxəssislərimiz bu işləri hazırladı, bütün bunlara nə qədər büdcə vəsaiti xərcləndi, bilmədik, çünki bizdə belə məsələlər xalqdan, jurnalistlərdən gizlədilir. Bəlkə də, böyuk pullar verib xarici məsləhətçi şirkəti işə qoşublar, ya da özlərinin xaricdə qeydiyyatdan keçirdikləri şirkətin əliylə bu işi görüblər, bilmirik. Heç prezidentin 6 ay vaxt verdiyi işi nə zaman bitirdiklərini də bilmirik.

Fakt odur ki, istər rayonlarda, istərsə də şəhərdə su çox ciddi problem olaraq qalır; idarəetmə “təkmilləşdirilsə” də…

Başqa daha ciddi faktsa avqustun 12-də Oğuz-Qəbələ kəmərində olan qəzadır. Kəmərin hansı hissəsində, hansı rayonun ərazisində, kəmərin neçənci kilometrində olan qəza ilə bağlı açıqlama yoxdur. Kim bilir, bəlkə, təxribat olub, kimlərsə kəməri qəsdən zədələyib, ya partladıb. Bəlkə, hansısa məmur-oliqarx kəmər keçən ərazidə qazıntı işləri görəndə kəməri dağıdıb. Agentliyin ilk açıqlamasında, ümumiyyətlə, qəzadan söhbət getməyib. Açıqlamada yazılıb: “Avqustun 12-si gecə saatlarından başlayaraq, Oğuz-Qəbələ xəttində təmir-bərpa işləri aparılır”. Bu cümlənin özü qəza olduğundan xəbər verir. Təmir-bərpa işlərinə nədən gecə saatlarından başlansın? Qəza olub ki, gecəylə işə başlayıblar. Bunu da yalnız 22 avqustda verdikləri açıqlamada, bəlkə də, bilmədən etiraf ediblər: “Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb”. Bunun özü də yalan xəbərdir. Təmir-bərpa işləri avqustun 22-də başa çatıbsa, niyə avqustun 24-də də paytaxt sakinləri su problemi yaşayır?

Tutaq ki, heç bir təxribat, heç bir qəza olmayıb, lap elə kəmərin hansısa hissəsində həqiqətən təmir-bərpaya ehtiyac olub. Bəs niyə sakinlərə xəbərdarlıq edilməyib. Qəza da ola bilər, bəs onda alternativ kəmərlərə – Kür, Ceyranbatan, Şollara nə olub? Qəza şəraitində əhali susuzmu qalmalıdır? Deməli, nə idarəetmədə təkmilləşmə var, nə də fors-major hallara hazırlıq. Məşhur lətifədə deyildiyi kimi, heç nə, biabır oluruq…

Regionun lider dövlətinin paytaxtı 12 gündür su problemi yaşayır. Paytaxt sakinlərinə 12 gün cəhənnəm əzabı yaşatmağın adı nədir? Ağlabatan açıqlama verən yoxdur, bəs üç qurumu ləğv edib su ehtiyatları, su təsərrüfatı sahələrində idarəetmənin təkmilləşdirilməsi adıyla, həm də xarici şirkət dəvət etməklə hansı işləri görmüsüz? Təkmilləşdirmə paytaxt əhalisini susuz qoymaqdırmı? Bunun üçün o qədər xərc çəkməyə dəyərdimi? Yoxsa paytaxt sakinlərinin dözüm limitini sınağa çəkirsiz? Bunu “Azərsu” da edə bilərdi, fərmansız, sərəncamsız, onsuz da həmişə əhaliyə problemlər yaşadıb.

2010-cu ildə Oğuz-Qəbələ su kəmərinin açılış mərasimi ilə bağlı açıqlamada yazılmışdı:“Prezident İlham Əliyevə su kəmərinin təhlükəsizliyini təmin edən SCADA sistemi barədə də məlumat verildi. Bildirildi ki, bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir”.

Budəfəki qəza zamanı SCADA sistemi işə düşüb, yoxsa yoldan keçən kimsə xəbər verib bunu?
Hə, verilən vədlərə əsaslanaraq İlham Əliyev açılış mərasimində demişdi: “Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcəkdir”.
Aradan 14 il keçib, ancaq paytaxt sakinlərinin o deyilən faizi hələ də fasiləsiz su ilə təmin olunmayıb.

Bilməyənlər üçün xatırladaq. 2007-ci ildə çəkilişinə başlanan 2010-cu ildə tamamlanan 262 kilometrlik Oğuz-Qəbələ kəməri 1 milyard dollara başa gəlmişdi.
Sonda gəlin verilən açıqlamalara ardıcıllıqla baxaq və idarəetmənin hansı səviyyədə olduğuna birlikdə şahidlik edək.

14 avqust 2024-cü il. Oğuz-Qəbələ su xəttində aparılan işlər sürətlə davam etdirilir
Avqustun 12-i gecə saatlarından başlayaraq, Oğuz-Qəbələ xəttində təmir-bərpa işləri aparılır. Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.

Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər Suraxanı, Ramanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.

Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

2010-cu ildə Oğuz-Qəbələ su kəmərinin açılış mərasimi ilə bağlı açıqlamada yazılmışdı:“Prezident İlham Əliyevə su kəmərinin təhlükəsizliyini təmin edən SCADA sistemi barədə də məlumat verildi. Bildirildi ki, bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti
15 avqust 2024-cü il. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatı
Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.

Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.
Xatırladaq ki, avqustun 12-si gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarında, Ramanı qəsəbəsində suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti
16 avqust 2024-cü il. Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.
Su Oğuz-Qəbələ-Bakı kəmərindən paytaxta daxil oldu.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Ceyranbatan Su Təchizatı İdarəsindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub.
Kəmər ilə gələn su Bakının rayonlarında anbarlara çatıb.

Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq.

22 avqust 2024-cü il. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.

P.S.Problem yaşanan günlərdə marketlərdə ən çox satılan su olub…

Ana səhifəMənim FikrimcəSu gəlir mənbəyi olaraq qalır…