close

Russayağı NATO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT). Foto: “odkb-csto.org”

Zərdüşt Əlizadə

Kursk imtahanı, deyəsən, KTMT-nin nəfəsini kəsəcək

İlf və Petrovun əsərinin qəhrəmanı Elloçka-lyudoyedka məşhur milyarder Vanderbildin xanımı ilə qiyabi yarışa girmişdi, fəqət “Vanderbildixa”nın bundan xəbəri yox idi.

SSRİ-nin süqutundan sonra onun varisi kimi beynəlxalq səhnəyə atılmış Rusiya Federasiyasının mütəmadi əqli və mənəvi tənəzzülə uğrayan rəhbərliyi bütün sahələrdə Qərblə, ilk növbədə ABŞ-la yarışa girir və onun bütün hərəkətlərini təqlid edir. Məsələn, Qərb beynəlxalq hüquqa etina etmədən Serbiyanın bir hissəsini zor gücünə ondan qoparıb cani və quldurların rəhbərliyi altında oyuncaq Kosovo dövləti qurursa, Rusiya həmin an Gürcüstana təcavüz edib onun Abxaziya və Sxinval hissələrini işğal edir və onların “müstəqilliyini” tanıyır. Hamı heyrətlə soruşanda ki, “bu, nəmənədir”, rus siyasətçiləri cavabında “Qərbə Kosovoda olarsa, bizə niyə Abxaziyada olmasın” deyirlər.

Varşava Pakti sosializm düşərgəsi ilə birlikdə dağılandan sonra yenicə müstəqilləşmiş Rusiya Federasiyası Yeni Müstəqil Dövlətləri (YMD) ətrafına toplayıb guya ki, russayağı NATO təşkil etməyə cəhd göstərdi.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bu yeni NATO-ya girmək istəməyən Azərbaycan Prezidenti Ayaz Mütəllibovu erməni irridentistlərinin və Azərbaycan daxilindəki casuslarının əli ilə devirdi və digər asılı dövlətlərə göstərdi ki, itaət etməyənləri hansı tale gözləyir. Belarus və Orta Asiya dövlətləri, Türkmənistanı çıxmaq şərtilə, hamısı ODKB, yəni bizim dillə desək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati-na (KTMT) üzv oldu. Hətta Azərbaycan Heydər Əliyev dövründə KTMT-yə girdi, sonra çıxdı. İslam Kərimov dövründə Özbəkistan KTMT-yə girdi, sonra çıxdı.

KTMT-da oradan çıxa bilməyənlər qaldı.

Onlar da çıxmaq istəyirlər, di gəl ki, imkanları yoxdur. İtirəcəkləri qazanacaqlarından çoxdur.

Belarus xüsusi söhbət mövzusudur. Özünü demokrat və ya liberal adlandıranlar Belarus Prezidenti Aleksandr Lukaşenkonu aramsız tənqid edib onu müstəbid, Rusiyanın köləsi adlandırırlar. Bu mücərrəd ideya tərəfdarlarının ağlına bircə anlığa belə sadə bir sual gəlmir ki, “onun seçimi var idimi?” Əgər Rusiyadan uzaqlaşıb ölkəsinin səmtini Qərbə götürsəydi, Belarusu Ukraynadan betər tale gözləmirdimi? Belarus gücünə və həcminə görə Ukrayna deyil, onun tam işğalı Rusiyadan cəmi bir neçə gün tələb edərdi. Heç kəsin ağlına gəlmir ki, Lukaşenko Rusiyaya sarılanda, bu yırtıcı dövlətin öz vətəninə qarşı hücum edəsi əl-qolunu bağlayır.

Rusiyadan çaparaq uzaqlaşmaq istəyən Zviad Qamsaxurdiya Gürcüstanının və Əbülfəz Əliyev Azərbaycanının 1990-cı illərin əvvəlində yaşadıqları zilləti xatırlayırsınızmı? Siyasi romantiklərin xam xəyalları hər iki dövlətə çox baha başa gəldi, Azərbaycan Qarabağı, Gürcüstan Abxaziya və Sxinvalı itirdi.
İndi möcüzə baş verib, Azərbaycan Qarabağı qaytara bilib. Lakin Gürcüstanın öz itirilmiş ərazilərini qaytarması yalnız gürcülərin Allaha dualarından asılıdır.
Rusiya zor, ya xoş gücünə sabiq sovet respublikalarının bir hissəsini KTMT-yə, yəni öz “NATO”-suna cəlb edə bilib. Bəli, beynəlxalq səhnədə bir dənə Rusiyaya tabe olan hərbi-siyasi təşkilat var. Lakin işləmir. İşləyə bilmir. Niyə? Bu sualı rus başbilənləri çox səsləndirir. Səbəbi guya ki, müttəfiqlərdə axtarırlar. Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan müqəssirdirlər. Rusiya yalnız xoş məram sərgiləyir, hamının xeyri üçün çalışır, di gəl ki, bu nankor və naşükür insanlar minnətdarlıq hissindən tam məhrumdurlar. KTMT-dan çıxmağa can atırlar.

Kursk imtahanı, deyəsən, KTMT-nin nəfəsini kəsəcək. Azı, sadə camaat onun heç nəyə lazım olmadığı barədə düşünməyə başlayacaq.
Sadə camaata elə-belə baxmayın. Sadə camaat nəyə isə şəkk etməyə başlayanda, məsələn, sovet quruluşuna inamını itirəndə, axırı bilirsiz nə olur.

KTMT və Ermənistan mövzusu ayrıca qəziyyədir. Qarabağ münaqişəsinin birinci mərhələsini Ermənistan qazandı və bunu dünyada tayı-bərabəri olmayan qüdrətli erməni ordusunun zəfəri saydı. Erməni tərəfi rusların bu zəfərdə payını tam dandı. Bu sadəlövh yalan və hiylə ruslara da xeyir idi deyə, onlar sadəcə susdular və erməni yalanının ayaq tutmasına rəvac verdilər. Vəziyyət o həddə çatdı ki, yalan sahibləri özləri də öz yalanlarına inanmağa başladılar. Bu isə gələcək məğlubiyyətin təməlini qoydu.

İkinci müharibədə basılan erməni tərəfi qələbənin sahibi kimi Azərbaycan ordusunu deyil, Suriya mücahidlərini, İsrail dron operatorlarını, Türkiyə hərbçilərini təbliğ etməyə başladı. Təxminən bir il bu bayatını oxuyandan sonra girişdilər Rusiyanı suçlamağa. “Rusiya və KTMT Ermənistan qarşısında müttəfiqlik borcunu yerinə yetirmədi” və sairə.

Rusiyanı suçlamaq asandır, çünki Rusiya, birinci savaşdan da sonra, ikinci savaşdan da sonra, əsl həqiqəti açıb deyə bilmir. Deyə də bilməz. Desə ki, birinci müharibədə erməni ordusu rus amili olmadan qalib gələ bilməzdi, bu, özünü münaqişə tərəfi kimi ifşa etməyə bərabərdir, hərçənd ki, bütün bu illər ərzində Rusiya “vasitəçi” idi. Desə ki, ikinci müharibədə basılan erməni ordusuna bəs qədər silah-sursat verib və sonda bilavasitə hərbi müdaxilə vasitəsilə erməni ordusunu tam darmadağın olmaqdan xilas edib, yenə özünün “bitərəf” statusuna zərbə vurmuş olar.
Odur ki, abrını qoruyub erməni tərəfinin informasiya sillə və təpiklərinə dözür.

Paşinyan hökuməti erməni əhalisinə məğlubiyyətin acısını qəbul etdirmək üçün KTMT ilə əlaqələrini dondurub. Bu, sizə Heydər Əliyevi hakimiyyətə dəvət etmiş AXC liderlərinin öz vəzifələrini dondurmasını xatırlatmırmı? Mənə xatırladır. Bu dondurma əməliyyatı məsuliyyətdən yayınmaq fürsəti verir, məğlubiyyət günahını başqasının üzərinə atmaq imkanı yaradır. Yəni, loru dillə desək , işlək bir hiylədir. Bacarana can qurban, utanmasan, oynamağa nə var ki!
KTMT indi öz puçluğunun sübutunun danılmaz nöqtəsinə çatıb. KTMT silahlı qüvvələrinin fəqərə sütunu sayılan Rusiya Silahlı Qüvvələri Kursk vilayətinə daxil olmuş Ukrayna qoşunları ilə bacarmır. Ukraynaya qarşı danılmaz təcavüzə görə bütün dünya tərəfindən qınanan və bu qınaqları vecinə almayan Rusiya indi öz ərazisi və öz əhalisinin hayına qalmalıdır. Belə şəraitdə onun müttəfiqi varmı?
Yoxdursa, bu KTMT nəyə gərəkdir? Bu təşkilatda işləyən vücudların yüksək maaş alması üçünmü?

Kursk imtahanı, deyəsən, KTMT-nin nəfəsini kəsəcək. Azı, sadə camaat onun heç nəyə lazım olmadığı barədə düşünməyə başlayacaq.
Sadə camaata elə-belə baxmayın. Sadə camaat nəyə isə şəkk etməyə başlayanda, məsələn, sovet quruluşuna inamını itirəndə, axırı bilirsiz nə olur.
Odur ki, KTMT-yə fatihə oxumaq istəyənlər, bu meydan, bu da şeytan.

Ana səhifəMənim FikrimcəRussayağı NATO