close

Münaqişə saunası

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Zərdüşt Əlizadə

Azərbaycan hansı addımları ata bilər?

Saunanın əsas xüsusiyyəti insan vücudunun yüksək hərarətli mühitdən kəskin soyuq mühitə düşməsidir. Bəli, insan, səhhətinin imkan verdiyi qədər hədsiz isti məkanda oturub dözür, sonra isə isti məkanı tərk edib atılır soyuq hovuza. İsti ilə soyuq arasındakı kəskin təzad insan vücudunu sarsıdır, bədən bütün imkanlarını ani olaraq tam səfərbər edir və bununla da saunanın müalicəvi müsbət təsiri öz işini görür.

Ürəyi zəif insanlara sauna əsla məsləhət deyil, zəif ürək kəskin temperatur fərqinə dözməyib sahibini axirət dünyasına göndərə bilər.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

İndi Azərbaycanla Ermənistan münaqişə saunasındadırlar. Hədsiz isti silahlı toqquşmalar və toqquşma ehtimalları əvəzlənir soyuq sülh danışıqları hovuzları və qarşılıqlı güzəşt duşları ilə. Hər iki dövlətin orduları və diplomatiyası azəri və erməni cəmiyyətlərini gah qızmar istiyə, gah buzlu soyuğa salıb çıxarır. 10 noyabr 2020-ci il Atəşkəs Bəyannaməsinə rəğmən hər iki tərəf son iki il on ayda yüzlərlə şəhid verib.

İlk müşahidələr göstərir ki, Azərbaycan cəmiyyətinin sağlamlıq səviyyəsi Ermənistan cəmiyyətinin sağlamlıq səviyyəsinə nisbətən bu temperatur fərqlərinə daha dözümlüdür. Hər halda, paytaxt şəhərlərində təşkil edilən etiraz nümayişlərinin sayına görə Yerevan Bakını şəksiz üstələyir.

Erməni cəmiyyəti mübhəm gələcəyin nigarançılığından üzülür. Baş nazir Paşinyanın aramsız siyasi manevrələri tək tərəf-müqabilini deyil, erməni cəmiyyətinin özünü də çaşdırıb, gələcək barədə aydın təsəvvürə malik olması üçün ona azca belə fürsət qoymayıb.

Açıq söyləmək lazımdır ki, Azərbaycan tərəfi Ermənistan diplomatiyasının aramsız səndələmələrindən zinhara gəlib və yaxın gələcəkdə bir daha silahlı qüvvə tətbiq edəcəyi barədə hamıya şəffaf xəbərdarlıq edir. Blinken Ərdoğana zəng vurub rica edir:  “Dostuna və qardaşına de ki, yapmasın”.

Şübhəsiz, hakimiyyət gözlənilən silahlı toqquşmanın Azərbaycana gətirə biləcəyi ziyan barədə təxmini məlumata sahibdir və çox istərdi ki, münaqişənin dinc yolla həlli onu zor tətbiq etməyə məcbur etməsin. Fəqət, erməni hakimiyyətinin gerçək siyasəti münaqişənin savaşsız həlli ehtimalını inamla sıfra yaxınlaşdırır.

Münaqişə sahəsindən uzaqda olan, lakin ondan şəksiz faydalanan Rusiya, Fransa və  ABŞ yaranmış vəziyyəti gözəl anlayır, yəni gələcək silahlı toqquşma ehtimalının gücləndiyini görür, səbəbkarın kim olduğuna da şübhə etmir.  Lakin silahlı toqquşmanın qarşısını ala biləcək qətiyyətli mövqedən məharətlə yayınır, necə ki, son 30 ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına zərrəcə məhəl qoymamışdılar. Bunun əvəzində riyakarlıqla Laçın yolunun erməni imdad karvanı üçün açılmasını arzulayırlar.

Erməni dovşanına “qaç” deyirlər, azəri tazısına “nəbadə tutasan” məsləhəti verirlər.

Müxtəsər, yaşı minillərlə ölçülən imperiya siyasətini davam etdirirlər.

Hakimiyyətin son 30 ildə aramsız döyüb-döyüb bihal etdiyi Azərbaycan vətəndaş cəmiyyəti dəxi hansısa fərqli təklif verə bilmir və az qala məişət səviyyəsində anlaşılan “İlham bilən yaxşıdır” deyimindan uzağa gedəmmir.

Yalnız son 30 ildə münaqişənin dinc həlli istiqamətində aramsız işləmiş və saysız-hesabsız sülh təklifləri hazırlamış bir ovuc “sonuncu mogikan” sülhpərvər ümidini itirmir və inadla həm hakimiyyətə, həm erməni tərəfinə silahlı toqquşmadan yayınmaq  yolunu göstərir.

Nədir bu yol? Məhz Azərbaycan hakimiyyətinin Ermənistan tərəfinin anlaşılan ikibaşlı oyununa fikir vermədən Qarabağ erməniləri ilə azərbaycanlıların birgə yaşayışını təmin edəcək öz siyasi tədbirlərinin açıq və aşkar təsvirini car çəkməsi!

Münaqişə sahəsindən uzaqda olan, lakin ondan şəksiz faydalanan Rusiya, Fransa və  ABŞ yaranmış vəziyyəti gözəl anlayır, yəni gələcək silahlı toqquşma ehtimalının gücləndiyini görür, səbəbkarın kim lduğuna da şübhə etmir.  Lakin silahlı toqquşmanın qarşısını ala biləcək qətiyyətli mövqedən məharətlə yayınır, necə ki, son 30 ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına zərrəcə məhəl qoymamışdılar. Bunun əvəzində riyakarlıqla Laçın yolunun erməni imdad karvanı üçün açılmasını arzulayırlar.

Birinci addım atılıb, deyilib ki, Ermənistanın Qarabağ ermənilərini ərzaq ilə təchiz etməsi üçün Ağdamdan keçən yol açıqdır. Bu addım, Ermənistan hakimiyyətinin və Qərbin haray-həşirinə rəğmən, həqiqətən barış istiqamətində ciddi təşəbbüsdür.

İkinci addım Ruben Vardanyan tərəfdarlarının Xankəndidən şərqə gedən yolda qoyduqları beton blokların önündə Azərbaycan hakimiyyətinin qurduğu rəf və masalarda ərzaq və dava-dərmanın düzülməsi, bunun çəkilib bütün dünyaya, ilk növbədə Qarabağ ermənilərinə nümayiş etdirilməsi ola bilərdi. Yəni ərzaq və dava-dərman var, aclıq və qıtlıq şivəninə son qoyub gəlib hazır malları götürə bilərsiniz, özü də ilk vaxtlar, dram-manat mübadiləsi müəyyənləşənə qədər, ərzağı və dərmanı havayı götürə bilərsiniz.

Üçüncü addım kimi Azərbaycan hakimiyyəti elan edə bilər ki, Qarabağın erməni əhalisi bu ərazidə həm Ermənistan, həm də, istəsələr, Azərbaycan pasportu ilə yaşaya bilərlər, onların mülkiyyət hüququ tanınacaq, bizneslə məşğul ola, xaricə gedib-gələ bilərlər. Sadəcə Ermənistan vətəndaşlığını saxlamış insanlar Azərbaycanda seçmək və seçilmək hüququndan könüllü imtina etmiş olurlar.

Dördüncü addım kimi Azərbaycan hakimiyyəti elan edə bilər ki, icmalararası münasibətlər təbii məcrasına düşənə qədər Qarabağ ermənilərinin indi yaşadığı əraziyə ordu hissələri və polis qüvvəsi yerləşdirmək niyyəti yoxdur, zira bütün məsələləri danışıq və razılıq yolu ilə tənzimləmək fikrindədir.

Beşinci addım kimi Azərbaycan hakimiyyəti elan etməlidir ki, Qarabağda yaşayan erməniləri nə zorla saxlamaq, nə də zorla qovmaq niyyəti yoxdur, könüllü seçim hüququnun gerçəkləşdirilməsi məqsədilə Xankəndidə “Asan xidmət” şöbəsini açmağa hazırdır, bu şöbə açılandan sonra istənilən erməni öz daşınan və daşınmaz mülkiyyətini Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə qeydiyyatdan keçirib leqallaşdıra bilər və bunun nəticəsi kimi, Qarabağ ərazisində hüquqi qüvvəsi olan alqı-satqı əməliyyatlarında iştirak edə bilər.

Altıncı addım kimi Azərbaycan hakimiyyəti elan edə bilər ki, Qarabağ ermənilərini bu bölgədə gedən genişmiqyaslı təmir-tikinti işlərinə işçi qüvvəsi kimi cəlb etməyə hazırdır, bu işlər üçün indi ödənilən məvacibi və əməkhaqqını bildirməlidir. Təbii ki, əməkdaşlığa və işləməyə hazir olan ermənilərin təhlükəsizliyinə cavabdeh Azərbaycan hakimiyyəti və işə qəbul edən şirkətlər olacaq.

Yeddinci addım Hadruta və Şüşaya qayıtmaq  istəyən Qarabağ erməni sakinlərinin bu istəyi Azərbaycan hakimiyyətinə bildirməsi və hakimiyyətlə bu istəyin gerçəkləşdirilməsi üçün zəruru olan tədbirlərin həyata keçirilməsini müzakirəsi ola bilər.

Səkkizinci addım Qarabağda yerləşmiş qeyri-qanuni  erməni hərbi hissəsinin ləğvi barədə danışıqların başlaması ola bilər.

Doqquzuncu addım kimi Azərbaycan hakimiyyətinin münaqişənin sona yetdiyini bildirən və iki xalqın birgə dinc yaşamasına zəmanət verən “Amnistiya haqqında” qanun layihəsini nəşr etməsi və bu layihənin Qarabağın erməni əhalisinin iştirakı ilə müzakirəyə çıxarması ola bilər. İnternet əsrində belə müştərək müzakirə əsla müşkül deyil. İndi erməni cəmiyyətinə belə fikir aşılayırlar ki, Azərbaycan Qarabağın bütün kişi əhalisini həbs etməyə hazırlaşır, çünki onların hamısı Azərbaycana qarşı döyüşüb. “Amnistiya haqqında” qanunun məqsədi bu fikrin yanlışlığını bildirməkdir. Beynəlxalq hüquq sıravi döyüşçü ilə hərbi canıləri aydın şəkildə ayırd edir. 

Onuncu addım son 30 ili Ermənistana işləmiş ermənilərin öz təqaüdlərini Ermənistandan almaq hüququnun rəsmiləşdirilməsi ola bilər.

Sonrakı addımlar Qarabağ bölgəsinin elektrik, qaz, su və İnternet təchizatının Azərbaycan mənbələri hesabına həyata keçirilməsi təkliflərinin müzakirəsi ola bilər.

Əminəm ki, bu və digər bu səpgidə təkliflər Azərbaycan hakimiyyəti tərəfindən səsləndirilsə, heç bir “Dəmir yumruğa”, ölüb-öldürməyə ehtiyac olmayacaq.

Ana səhifəMənim FikrimcəMünaqişə saunası