close

Danışıqların cövhəri, dinamikası və coğrafiyası

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Zərdüşt Əlizadə

Siyasi diplomatiya oyunu

Danışıq zamanı qarşı tərəfi anlamaq vacib şərtdir. Müsahibini anladınsa, danışıq nəqşəsini və üsulunu düzgün seçə bilərsən və istədiyin məqsədə asan çatarsan.

İndi Azərbaycan və Ermənistan diplomatları elə-hey danışırlar, fəqət, göründüyü kimi, bir-birlərini heç cür anlaya bilmirlər. Hər bir tərəf əks tərəfi sülhdən qaçmaqda, danışıqları əngəlləməkdə ittiham edir.

Sizin həqir bəndəniz ümumən Azərbaycan hakimiyyətinə inanmır, bilir ki, nəfəsləri yalanla gəlir. Ay nə bilim milli maraq belə, dövlətçilik elə, xalqın rifahı və sairə dilxoşluqlar avamlar üçün uydurulmuş nağıllardır. Əminəm ki, bizim hakimiyyəti şəxsi gəlirindən, bu gəliri təmin edən hakimiyyəti qorumaqdan savayı heç nə maraqlandırmır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Fəqət hər şey nisbətdə bilinir. Son 30 ildə işim-peşəm erməni vətəndaş cəmiyyətinin fəalları ilə danışıq aparmaq olub. Əminəm ki, erməni ictimai fəalları (1-2 nəfəri çıxmaq şərtilə) və siyasətçiləri ilə müqayisədə hətta Azərbaycan hakimiyyəti həqiqət mücəssiməsidir.

Azərbaycan hakimiyyəti yalanı bilərəkdən və qəsdən deyir, erməni nümayəndələri özləri dedikləri yalana sidqi-ürəkdən inanırlar. Yəni yalan onların dünyagörüşüdür. Belələri ilə danışmaq, onları anlamaq qeyri-mümkündür.

2020-ci ilin 44-günlük müharibəsindən 3 il keçib. Erməni xalqının əksəriyyəti artıq dərk edib ki, ölkəsi müharibədə basılıb, Qarabağ əldən çıxıb, dünyanı yenidən dərk edib millət üçün gələcəyə yeni yol seçmək lazımdır. Di gəl erməni xalqının siyasətlə məşğul olan fəal hissəsi bu gerçəkliyi heç cür həzm edə bilmir, anlamaq və qəbul etmək istəmir, bu gerçəkliyi hansısa yolla, lap elə möcüzə nəticəsində dəyişdirməyə ümid bəsləyir. Onlar erməni xalqına son 150 il yedizdirilmiş şirin xülya horrasından heç cür ayrılmaq istəmirlər.

Bu fəallar Ermənistana müyəssər maddi-bəşəri potensialı gözəl bilir, odur ki, möcüzənin mənbəyini özlərindən yox, kənardan gözləyirlər. Ermənistandan xaricdə hansısa ecazkar bir aləm var, orada ABŞ, Fransa, Avropa demokratiyası yaşayır, onlar yatıb yuxuda dünyanın yek xalqı olan erməniləri xilas etmək barədə şirin nağıllar görürlər. Sadəcə ermənilərə səbr və ümid etmək qalır. O zamana qədər isə dözmək (hansı zamana, bilinmir), vaxtı uzatmaq, heç bir vəchlə müharibənin nəticələrini rəsmiləşdirən hüquqi sənədə imza atmamaq lazımdır. Vaxtı uzatmaq üçün erməni siyasiləri və diplomatları özlərini xamlığa, hətta səfehliyə vurmağa hazırdırlar. Qoy dünya nə deyir desin, kim sonda güləcəksə, o da haqlı olacaq. Astvats bizim tərəfimizdədir. Tanrıya duanı erməni dilində etmək lazımdır ki, çatsın.

Azərbaycan diplomatları dünyanın bütün siyasi sənədlərində danılmaz tərzdə həkk edilmiş beş əsas meyarı təklif qaralamasına yazıb Ermənistana göndəriblər. Yəni bu meyarlara dünyada heç kəs etiraz edə bilməz, bu meyarların üzərində bütün dövlətlərarası münasibətlər qurulub. Ermənistan bu meyarlara öz təkliflərini əlavə edib Bakıya qaytarıb. Azərbaycan XİN-i görüb ki, erməni diplomatları yenə döyüş meydanında gurultu ilə uduzduqları Qarabağ məsələsini sanki heç nə baş verməyibmiş kimi danışıq masasına qoymaq istəyirlər, onda İlham Əliyev boz-boz Putinə və Paşinyana Soçidə açıq mətnlə dedi ki, “münaqişə tükənib, bizim üçün münaqişə yoxdur”. Bunun cavabı ya hərbi hücum, ya diplomatik geriçəkilmə ola bilərdi. Rusiya və onun ardınca Ermənistan geriyə çəkilməni üstün tutdular, Qarabağ məsələsi Rusiyanın iştirak etdiyi üçtərəfli danışıqlardan çıxarıldı.

Ermənistan üzünü tutdu Qərbə, indi də ABŞ, onun ardınca Fransa və Brüssel Qarabağ məsələsini danışıq mövzusuna çevirməyə çalışırlar. Ermənistanın şirin arzuları deyəsən gerçəkliyə dönürdü, tərslikdən İlham Əliyev Qərbin vasitəçiliyindən qəti imtina etdi, nə Qranadaya, nə Brüsselə, nə də Vaşinqtona gəldi. Azərbaycanın iştirakı olmadan kim kimlə danışdı, nə üçün danışdı, bu danışıqların qara qəpiklik qiyməti vardımı? Bir müddət sonra hətta erməni diplomatları anladı ki, Azərbaycansız danışıqların faydası yoxdur, məcbur qalıb Bakıdan göndərilmiş və guya unudulmuş təkliflər sənədinə nə isə yazıb təkrar Azərbaycan XİN-ə göndərdilər. Yazışma guya bərpa oldu, lakin Bakı dedi ki, erməni sənədində yeni heç nə yoxdur, belə getsə, sülh sazişinə ehtiyac qalmayacaq, Zəngəzur yolu da heç lazım deyil, Naxçıvana yol İrandan keçəcək, əvəzində Ermənistanın yenə İran və Gürcüstandan başqa heç bir yolu olmayacaq.

Qərb Cənubi Qafqazda istədiyini, əsasən də Azərbaycandan, alıb. Ona dübarə nə isə lazım olsa, yenə Azərbaycandan istəyəcək. Ortada qalıb dalana dirənmiş Ermənistanın nə hansısa imkanı var, nə də bir qabiliyyəti. Ermənistanın fəal siyasi zümrəsinə qalır xam xəyallar dünyasında yaşamaq.

Erməni diplomatlarını becid düşündürmək üçün Azərbaycan prezidenti həvəsləndirici bir neçə kəlmə tələffüz etdi. Dedi ki, İrəvan bizimdir, azərbaycanlılar Qərbi Azərbaycana tanklarda deyil, maşınlarda qayıdacaqlar.

Ermənistanda mərəkə qopdu. Azərbaycan bizə qarşı ərazi iddiası qaldırır! Bakıdan sakit sual səsləndi: sizə olar, bizə yox? Azərbaycan Ermənistana qarşı təcavüzə hazırlaşır! Bakıdan sakit izah səsləndi: təcavüzkar məgər maşınla gələr?

Ermənistan tərəfi gördü ki, sülh müqaviləsinə qoyulacaq əmma qalmayıb, istədi masanı çevirib oyunu pozsun. Paşinyan dedi ki, gəlin “hücum etməmək sazişi imzalayaq”.  Bakı səsini çıxarmamış Yerevanda qəhqəhə sədaları ucaldı.

Tarixdə çox “hücum etməmək” sazişləri olub, məsələn, 1934-cü ilin yanvar ayının 26-da Polşa ilə Almaniya belə bir saziş imzalamışdılar. İkinci cahan müharibəsi məhz Almaniyanın Polşaya hücumu ilə başladı.  Ən məşhur “hücum etməmək” paktını Sovet İttifaqı və Almaniya 1939-cu ilin avqust ayının 23-də imzalamışdılar. 1941-ci ilin yayında nə baş verdi, hamı bilir. Odur ki,  Səməd Vurğunun dahiyanə vəsf etdiyi Dilicanda dünyaya gəlmiş erməni baş naziri öz aləmində vaxt udmaq üçün düşünüb uydurduğu bu “hücum etməmək” sazişi təklifi ilə özünə  yad dünyadan əvvəl doğma Ermənistanı güldürdü.

Belə bir oyun var: “a yordu-yordu-yordu, görək kim kimi yordu”. Erməni diplomatiyası Azərbaycanla bu oyunu oynayır. Ümidini bağlayıb Fransaya, Amerikaya, Brüsselə. Əminəm ki, Qərbdə heç kəs öz marağını Ermənistan naminə bada verməyə razı olmaz. Qərb Cənubi Qafqazda istədiyini, əsasən də Azərbaycandan, alıb. Ona dübarə nə isə lazım olsa, yenə Azərbaycandan istəyəcək. Ortada qalıb dalana dirənmiş Ermənistanın nə hansısa imkanı var, nə də bir qabiliyyəti. Ermənistanın fəal siyasi zümrəsinə qalır xam xəyallar dünyasında yaşamaq.

Erməni xalqı isə tədricən oyanır və bu  parlaq xam xəyallar dünyasına səsləyən siyasi dələduzlara get-gedə az inanır.

Ana səhifəMənim FikrimcəDanışıqların cövhəri, dinamikası və coğrafiyası