close

Naxçıvana gediş qaydaları

“Naxçıvan Dəmir Yolları” MMC. Mənbə: “nuhcixan.az”

Zərdüşt Əlizadə

Bu qaydalarda çox da mürəkkəb olmayan həngamə şərtləri var

Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanması ərəfəsindədir. Yarım addım qalıb. Məhz bu anda dünyada və hər iki ölkənin daxilində qaçılmaz yeni müharibə təhlükəsi barədə şivən güclənir, sanki kimsə, hansısa qüvvə müharibə adlanan hədsiz yağlı tikənin əldən çıxmasından təlaşa düşür.

Əslində isə iki danışıq tərəfi sırf texniki bir təfərrüatı müzakirə edirlər: Azərbaycanın qərb bölgəsindən Ermənistan ərazisi üzərindən Naxçıvana gediş qaydaları necə olmalıdır? Masa ətrafında müxtəlif təkliflər səsləndirilir və müzakirə olunur. Bu mövzuda heç bir yeni kəşf və ya ixtira tələb olunmur, sadəcə tərəflər dünyada mövcud olan və uğurla tətbiq edilən qaydalardan birini seçməlidirlər.

Zərdüşt Əlizadə
Foto: Meydan.tv

Başlayaq ən məntiqi və bütün tərəflərə ən xeyirli qaydadan: heç bir sərhəd və gömrük nəzarəti olmayan maneəsiz keçid qaydası. Çünki Azərbaycan Respublikasından Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvana keçid üçün nə nəzarət? Nə yoxlama?
Bu qayda SSRİ dövrü mövcud idi, indi isə Avropa İttifaqı daxilində uğurla işləyir. Qatarlar, maşınlar heç bir yoxlama və ləngimə olmadan bir məntəqədən digər məntəqəyə, bir ölkədən digər ölkəyə sərbəst keçə bilir.

İlk baxışdan bu qayda çox cazibədar və ağlabatandırdır. Lakin bizə yaramaz.

Niyə? Yadınıza şanlı milli-azadlıq hərəkatlarını, saysız səfeh şüarlar səsləndirilən izdihamlı mitinqləri, talanları, etnik təmizləmələri, qanlı döyüşləri və nəticədə əziz-xələf müstəqil dövlətlərin, bu dövlətlərdə Sərhəd Xidməti qoşunlarının və Gömrük komitələrinin, onların şişman generallarının və çoxsaylı dövlətə hədsiz sadiq və cibidolu məmurlarının peyda olmasını salın və anlayın ki, biz tarixən artıq SSRİ mərhələsini keçib onu arxada qoymuşuq, lakin Avropa İttifaqı mərhələsinə çatmağımıza bir neçə əsr qalıb. Biz ortalıqdayıq və bu dövrün şərti adı Orta əsrdir. Odur ki, yüklərin və sərnişinlərin nəzarətsiz keçid qaydalarının tətbiqi məsələsi bizə yaramır.

Masada olan ikinci qayda klassik keçid qaydasıdır, hansı ki, dost və strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasındakı quru sərhəddə tətbiq olunur. Düzdür, indi bu keçid qaydası sərnişinlərə aid deyil, zira müzəffər Ali Baş Komandan dövlətin quru sərhədlərini sərnişinlərin üzünə kip qapayıb, nə oradan buraya, nə buradan oraya quşlardan və kəpənəklərdən savayı heç kim keçə bilmir, lakin, deyilənə görə, yaxın gələcəkdə quru sərhədlər sərnişinlərin də üzünə açıla bilər. Yüklər indi əvvəlki minvalla bir dövlətdən digərinə keçir, lakin sərnişinlərin keçid qaydalarını biz yaxın, indi artıq şirin xatirə kimi anılan keçmişimizdən xatırlaya bilərik.

Deməli, Bakı-Tbilisi qatarı taqqa-taq gəlib çatırdı Azərbaycan Dəmir Yollarına (ADY) məxsus Böyük Kəsik stansiyasına və dayanırdı. Hamı səbr və qanacaqla gözləyirdi. Tək mənim bir dostum var, köhnə sovet kişilərindəndir, o əsəbiləşib deyinirdi ki, “Bu, nə axmaq qaydadır”?!

Heç yarım saat keçmirdi ki, vaqona daxil olurdu görkəmlərindən vüqar yağan milli sərhədçilər, onlar sərnişinlərin pasportlarını yığıb qeybə çəkilirdilər. Onların arxasınca kupelərə daxil olurdu gülərüz gömrük işçiləri, onlar sərnişinlərdən nəzakətlə soruşurdular ki, “Çantalarınızda nə var?” Şəxsən mən səmimiyyətlə etiraf edirdim ki, “Tbilisiyə iki günlük gedirəm, bir dəst alt paltarı və gürcü dostuma hədiyyə kimi bir qutu Bakı paxlavasından savayı çantada heç nə yoxdur”. Təcrübəli gömrük işçisi sir-sifətimə və təhər-tövrümə nəzər salıb deyirdi ki: “Yaxşı yol”. Dübarə yarım saat keçəndən sonra sərnişinlər çıxış ştampı vurulmuş pasportlarını sevinclə geri alırdı və qatar tərpənib beş dəqiqə yol gedirdi və dayanırdı Gürcüstan Dəmir Yollarına (GDY) məxsus Qardabani stansiyasında. Vaqonlara daxil olurdular zahiri görkəmlərindən hədsiz ciddilik və milli vüqar yağan gürcü sərhədçiləri və pasportları yığırdılar, onların arxasınca kupelərə şən və nəzakətli gömrük işçiləri daxil olub mənim çantamdakı bir dəst alt paltarı və hədiyyə paxlava qutusu barədə strateji əhəmiyyətli məlumatı alandan sonra qeybə çəkilirdilər. Ümumən bir saat çəkən intizardan sonra sərnişinlərin müvafiq giriş ştampı vurulmuş pasportları qayıdırdı sahiblərinə və qatar yola düşüb cəmi bir saatdan sonra çatırdı Tbilisi vağzalına.

İki müstəqil dövlətin suverenliyini şəksiz təsdiqləyən pasport nəzarəti və gömrük yoxlaması təxminən iki saat çəkirdi və bu qayda nəticədə mənim köhnə kişilərdən olan dostumun bu qaydaları təsdiqləmiş və onları həyata keçirən dövlət mənsublarını müxtəlif dördayaqlı faydalı ev məxluqatı ilə müqayisə etməsinə təkan verirdi.

Müharibədə uduzmuş və danışıqlarda darmacala düşmüş erməni tərəfi əvvəlcə kamını cəmi 43-44 kilometrlik Meğri yolunun qət edilməsi üçün məhz Azərbaycan-Gürcüstan sərhədinin keçilməsi qaydalarının tətbiqini tələb etməklə almaq istədi. Azərbaycan tərəfi bu istəyin məntiqsizliyini və səmərəsizliyini izah edəndən sonra erməni tərəfi başqa dəlilə üz tutdu: qoy Azərbaycan-Ermənistan sərhəddində keçid Azərbaycan-İran sərhəddindəki keçid qaydalarının eyni olsun.

Təbii ki, Azərbaycan tərəfi erməni tərəfinə deyə bilərdi ki, biz İranla müharibə aparmamışıq və nə İran bizə, nə də biz İrana müharibəni uduzmamışıq, odur ki, bizim aramızdakı keçid qaydalarının Ermənistanla sərhədlərdə tətbiqini tələb etməyiniz məntiqi deyil. Lakin qovğa dövrü keçib deyə indi sülh axtarışı dövrüdür, mən danışıqlarda iştirak etmirəm, lakin ümid edirəm ki, danışıqları aparan məsullarımız kifayət qədər səbrli və qanacaqlı insanlardır və onlar könlüqırıq erməni həmkarlarını təkrar incitmək istəməzlər. Odur ki, onlar erməni tərəfinin yeni təklifini gözlədilər, sonuncular da masaya Rusiyadan və Belarusdan Kalininqrada Polşa və Litva üzərindən keçid qaydalarını qoydular.

Masada olan ikinci qayda klassik keçid qaydasıdır, hansı ki, dost və strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasındakı quru sərhəddə tətbiq olunur. Düzdür, indi bu keçid qaydası sərnişinlərə aid deyil, zira müzəffər Ali Baş Komandan dövlətin quru sərhədlərini sərnişinlərin üzünə kip qapayıb, nə oradan buraya, nə buradan oraya quşlardan və kəpənəklərdən savayı heç kim keçə bilmir, lakin…

Nədir bu qaydalar? Bu qaydalarda çox da mürəkkəb olmayan həngamə şərtləri var. Kalininqrad vilayətinin sakinlərinin 90%-nin xarici pasportu var, çünki xarici pasport olmadan onlar Polşa və Litva üzərindən Rusiyaya gedə bilməzlər. Ruslar Kalininqrada getmək üçün gərək bir yüngülvari Şengen vizası alsınlar. Bu viza birgedişlik və ya uzunmüddətli ola bilər.

O biri tərəfdən, biz Ermənistanla qanlı-bıçaq olsaq da, ikimiz də MDB-nin üzvüyük və bu beynəlxalq təşkilatın üzvləri arasında viza rejimi tətbiq olunmur.  Odur ki, bir-birimizin ərazisindən keçmək üçün viza lazım deyil.

Əlbəttə, bu şərtlər ölümcül deyil, lakin mən əminəm ki, bu Avropa standartlarına uyğun erməni şərtləri mənim köhnə kişilərə mənsub olan qədimi dostumu əməlli əsəbiləşdirib onu Avropa standartlarına əsla yaraşmayan təşbihlər işlətməyə vadar edə bilərdi. Odur ki, bu qanqaraldan ehtimaldan yayınmaq üçün, məndə olan məlumata görə, Azərbaycan tərəfi təklif edib ki, bizim qatarlar – içindəki sərnişinlər və yüklər – 44 kilometrlik Meğri yolunu heç bir nəzarət və yoxlama olmadan düz Naxçıvana qədər yarım saata qət etsinlər. Yəni, özaramızdır, küfr söylədiyimə görə günahımdan keçin, SSRİ dövrünün qaydası tətbiq edilsin.

İnsafən, erməni tərəfi də deyib ki, xub, siz əgər yüklərinizin və sərnişinlərinizin Ermənistan ərazisindən nəzarət və yoxlama olmadan keçməyini istəyirsinizsə, onda erməni yüklərinin və sərnişinlərinin Azərbaycan ərazisindən nəzarət və yoxlama olmadan keçməsinə gərək qarşılıqlı şəkildə razı olasınız.

Burada bizimkilərin keçisi tutub və deyiblər ki, bizim yüklər və sərnişinlər Ermənistan ərazisində 44 kilometrlik Meğri yolunu və sonradan da cüzi Gümrü tərəfə bir dairə vurub qayıdacaqlar Naxçıvana, əvəzində sizə yalnız nəzarət və maneə olmadan əsiz Yerevandan dəmir yolu ilə Naxçıvan üzərindən Meğriyə getməyə icazə verə bilərik. O ki qaldı bütün Azərbaycan üzərindən Rusiya sərhəddinə qədər erməni yüklərinin və sərnişinlərinin nəzarətsiz və maneəsiz gedişinə, az qala 1 000 kilometrlik yola görə siz gərək tasa düşəsiniz.
Erməni tərəfi bizim təkliflərə razı olmur, bizim tərəf ermənilərin təkliflərini qəbul etmir, müxtəsər, ciddi diplomatik mübahisə gedir. Ortada da kimsə yeni qanlı savaşdan xəbər verir.

O biri tərəfdən kimsə deyir, dəli şeytana lənət, gəlsənə SSRİ və ya Aİ olduğu kimi, bütün qadağa, nəzarət və həngamələri ləğv edib adam balası kimi yüklərin və sərnişinlərin asudə gediş-gəlişinə icazə verək?

Bu biri tərəfdən bəzi ağzıgöyçəklər sosial şəbəkələrdə başlayıblar səsləndirməyə ki, yenə həmin şeytana lənət, bəlkə razılaşaq, azərbaycanlılar Zəngəzura, Vediyə, Masisə və Yerevana, ermənilər də, mərhum Əbdürrəhman Vəzirov demişkən, Qarabağa, Gəncəyə, Bakıya qayıtsınlar?
De da bə!

Onda sual yaranır, o yorğan nə yorğan idi ki, uğrunda 35 il belə ölüm-dirim savaşı getdi?
Bu sualın düzgün cavabını tapana bir qutu (içində adətən 10 dənə olur) Bakı paxlavası boyun oluram.

Ana səhifəMənim FikrimcəNaxçıvana gediş qaydaları