close

Dekabr – sərəncamlar ayı

Sərəncam. Foto: arxiv

Rövşən Hacıbəyli

…Sərəncamsız həbslər

Bütün dünyada olduğu kimi Azərbaycanda da illər dəyişir, ancaq siyasət dəyişmir. Bunu müsbətə də yozmaq olar: çünki bizdə AzTV-lər həmişə dayanıqlı, stabil, həm də dinamik inkişafdan danışırlar: Dünyanın müxtəlif sahələr üzrə reytinq cədvəllərində hər il geriləsək belə. Burda məntiq də tapmaq olar, hakimiyyət dəyişmirsə, siyasət niyə dəyişməlidir?!

“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir. Heydər Əliyev”. Bu sözlərlə çox yerdə qarşılaşa bilərsiz. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də bu müdrik kəlamı öz saytına təsadüfən şüar seçməyib. Saleh Məmmədovun komandası bu şüardan yapışıb “uzun, incə” bir yola çıxıb. Çünki “yol çəkilişi nəticəsində iqtisadiyyat inkişaf edir, adamların mədəni səviyyəsi yüksəlir”, yol işinə baxanların həyatı başqa olur, elə əsl HƏYAT olur…

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Uzun illərdir yolların ağırlığı dekabr ayının üzərinə düşür. Yol çəkilişi ilə bağlı sərəncamlar daha çox bu ayda verilir. Düzdür, bəzi müxalifyönlü, qərbdən maliyyələşən, qaçaqmalçılıq yoluyla ölkəyə pul gətirən iqtisadçılar burda korrupsiya əməlləri axtarırlar. Guya bu yolla ilin sonunda büdcə talançılığı baş verir. Ölkədə demokratiya olduğundan hər kəsin fikrini sərbəst demək azadlığı var, ancaq gərək bu azadlıqdan da sui-istifadə olunmasın. Yaxşı işlərə yaxşı qiymət vermək mədəniyyəti də yaranmalıdır bizdə, necə ki, yol çəkilişiylə mədəniyyət yaranır.

O iqtisadçıların sözlərinin nə qədər həqiqət olduğunu demək çətindir… Ancaq gözümüzün önündə 600 milyon dollarlıq vəsait xərcləndiyi deyilən Bakı-Quba beton yolu var. 30 il zəmanət verilən yolun ömrü cəmi 3 il çəkdi. Burda bir balaca mədəniyyətsizlik olub… Yadınıza salıb qanınıza qaraltmaq istəmirdim…

Mənə elə gəlir ki, sərəncamların daha çox dekabra düşməsində səbəb axtarmaq yersizdir. Dekabr soyuq, yağışlı, palçıqlı aydır, kim bilir, bəlkə, sərəncamların bu ayda verilməsinin bir səbəbi də budur. Ona qalsa, gərək yol sərəncamı olmayan yanvar və fevral ayı ilə bağlı da dartışmalar olsun, yəni niyə 2023-cü ildə bu 2 ayda yol sərəncamı olmayıb? Bu sual kimlərəsə haqlı görünə bilər, ancaq çözümə gələndə sərəncam verənlərin haqlı olduğu görünür. Yanvar ilin ilk ayıdır, Yeni il şənliklərinin xoş ovqatı ayın sonuna ancaq keçir, üstəlik, hər il Davos forumu. Fevral da həm qısa, həm də hərdəmxəyal aydır, gah 28, gah da 29 olur, belə ayda sərəncam verilməsə yaxşıdır; düşər-düşməzi olar…

2023-cü ildə yol sərəncamları mart ayından başlayıb. Yəni qış istirahəti bitib, yazın gəlişiylə təbiət oyanan kimi sərəncamlara da start verilib. Bu ayda 2 sərəncam olub, sonrakı aylar – aprel və may aylarının da hər birində 2 sərəncam verilib. İyun ayında fasilə olub. İyul ayında 1, avqust və sentyabr aylarında 3 sərəncam verilib. Oktyabrda 4, noyabrdasa 2 sərəncam imzalanıb. Dekabr ayı hələ sona çatmasa da, artıq rekorda imza atıb, bu ayda hələlik 16 yol sərəncamı verilib. Bu sərəncamlardan da 8-də konkretlik yoxdur, bütün sərəncamlarda mətn eynidir: “Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında”. Təkcə rayonların adı fərqlidir. Hansı yollar, hansı küçələr… bəlli deyil.
Yol sərəncamları ilə yanaşı verilən bu ilin sərəncamlarında müsbət məqamlardan biri generallarımızın sayının artmasıdır. 13 nəfərə “general mayor”, 1 nəfərə “general-leytenant” rütbəsi verilib. Bir nəfərin isə – keçmiş MTN-çi Mövlam Şıxəliyevin “general-mayor” rütbəsi əlindən alınıb. Rütbə alanların sayı rütbəsi alınanlardan çox olduğundan ili bu baxımdan, yəni general sayının artımı baxımından uğurlu saymaq olar…

Sərəncamsız həbslər

İlin son iki ayı həbslərlə zəngin olub. Müstəqil mediaya hücum, kütləvi həbslər, saxta ittihamlar, söz və mətbuat azadlığına basqı, tənqidə dözümsüzlük, araşdırmaçı jurnalistlərin susdurulmasına cəhd, sifarişli hökmlər… 2023-cü il əsrin tarixinə, çox təəssüf, həm də bu adla düşəcək… Siyasət dəyişməlidir…

Ana səhifəMənim FikrimcəDekabr – sərəncamlar ayı