close

İnhisar

İnhisarçılıq. Foto: MiniStocker/shutterstock

Zərdüşt Əlizadə

Heç bir şübhə yoxdur ki, elmin heç kim tərəfindən inkar edilməmiş qanunlarına görə, bu “milli” inhisarımızın da sonu gurultulu süqut olacaq

Ərəbşünas təhsilim məndə bir şakər yaradıb: hər sözün mənşəyini ərəb dili qrammatikasına uyğun arayıram. İnhisar sözünün mənşəyini tapmaq çox asandır. Rəhmətlik ustadımız Ələsgər Məmmədovun dərsliyinin öyrətdiyi bilik kifayət edir ki, deyək: “inhisar” sözü yeddinci babda olan inhasəra felinin məsdər formasıdır, inhasəra isə birinci babda olan hasəra felindən törəyib, bu kökdən bizim dilimizə hasar sözü də keçib. Yəni kimsə müəyyən bir ərazini və ya iqtisadi sahəni hasarlayıb ora özgələri buraxmır, özü oranın külli-ixtiyar ağası olub, onun nemətlərindən ürəyi istəyən qədər nuş edir. Siyasətdə və iqtisadiyyatda inhisar təzahürünü alimlər kifayət qədər tədqiq edib bu barədə böyük-böyük əsərlər yazıblar, camaat da oxuyub, qanan qanıb, qanmayan cəzasını çəkib.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Siyasətdə və iqtisadiyyatda inhisar barədə yazan müəlliflərdən yaşlı nəslə ən yaxşı tanış olanı Lenindir ki, onun inhisara verdiyi ən qısa və yığcam tərif belədir: “İnhisar çürüməyə gətirir”.

Düz də demişdi. Çe fayda ki, siyasi hakimiyyəti sərt inhisara götürmüş Sov.İKP öz banisinin tərifinə əsla diqqət yetirməmişdi. Rəqabətsiz təkhakimiyyətlilik nəticədə 1991-ci ilin dekabrına, SSRİ adlı qüdrətli dövlətin süqutuna gətirmişdi.

Amma bu süquta qədər özünü kommunist adlandıran məxluqat o ki var, kef çəkmişdi, rahat kabinetlərdə əyləşib dünyanın yarısına dəyərli göstərişlər vermişdi.

İndi Azərbaycanda inhisar gözgörəsi möhkəmlənir: iqtisadiyyatda, siyasətdə, elm və mədəniyyətdə, KİV-də, hakim sinfin düşüncə tərzində. Sovet quruluşunun süqutu ərəfəsində sizin həqir bəndənizə  sovet dövlətinin ali məqamlarında yuva salmış insanlarla təmasda olmaq səadəti qismət olmuşdu və mən onların davranışlarını və düşüncə tərzini yaxından müşahidə edə bilmişdim. İndiki hakim zümrəyə məsafədən tamaşa etdikcə, mən sanki həmin içi dumbul kimi boş, fəqət ucadan gürüldayan insanları görürəm. Onlar sanki hər şeyi hamıdan yaxşı bilir, digər insanların səsini milçək vızıltısı sayır. Heç bir şübhə yoxdur ki, elmin heç kim tərəfindən inkar edilməmiş qanunlarına görə bu “milli” inhisarımızın da sonu gurultulu süqut olacaq.

Bu süqutun əlamətləri aşkar müşahidə edilir, bu əlamətlər sovet dövrünün idarəçilik hərc-mərcliyini xatırladır. Bir də görürsən möhtərəm cənab Prezident bir dənə daşdan keçən fərman imzalayıb hansısa guya elmi, əslində əndrəbadi adı olan bir dövlət qurumu (nazirliyi, komitəsi, şirkəti, agentliyi, fondu və s.) təsis edir, onun təşəkkülünə Neft Fondundan milyonlarla manat vəsait ayırır.  Hökumətə qulluq edən KİV qara camaata izah edir ki, bu qurum yaranandan sonra millətin işi rəvan gedəcək, ölkə sürətlə inkişaf edəcək, büdcəyə xeyli gəlir dolacaq.

Xeyli sayda şəxsən cənab prezidentə şəksiz sadiq cavan kadrolar kişili-qadınlı əyinlərində qara kostyum, boğazlarında əlvan qalstuk ciddi görkəmlə Avropa təmirindən təzəcə çıxmış kabinetlərə doluşub başlayırlar nəzarət və idarə etməyə. İndi klassik rüşvət artıq dəbdə deyil, bu səbəbdən cənab prezidentə şəksiz sadiq kadrolar qara camaat kimi qıtlıq çəkməsinlər deyə onlara həmin bu qara camaata ağlasığmaz görünən rəsmi maaşlar kəsilir və onların cənab prezidentə şəksiz sədaqət həddi vurub çıxır kəlləçarxa. Bu qurumlarda da rəqabət var, lakin bu rəqabət yalnız bir sahədə özünü büruzə verir: kim cənab prezidentə daha sadiqdir və onu daha çox sevir. Bu sədaqət və məhəbbət yarışında qurumun yaradılma səbəbi unudulur və tapşırılmış sahə təbii tənəzzülünü davam etdirir.

Nəticədə bir neçə ildən sonra möhtərəm cənab prezident daha bir tarixi fərman imzalayıb həmin bu qurumu ya ləğv edir, ya adını dəyişir, ya kiməsə birləşdirir, ya bölüb çıxır, ya da vurub çıxır. Təbii ki, “yeni” qurumun təşəkkülünə yenə də Neft Fondundan milyonlarla vəsait ayrılır. Köhnə vəsaitin taleyi barədə sual vermək və ya araşdırma aparmaq cəhdi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin zirzəmiləri ilə məhrəmanə tanışığa gətirir deyə belə-belə işlərə adətkərdə olmuş qara camaat dəxi cınqırını şıxarmır.

İnhisar mərəzi tacu-l-vəba kimi yoluxucudur və sürətlə yayılıb bütün mümkün sahələri əhatə edir. Neft-qaz sahəsi kimin inhisarındadır, bu mətləbdən danışmaq bizim məmləkətdə azı ədəbsizlik kimi qavranılır. Maliyyə-bank sektorunun şəksiz ağası kimdir, o da məlum. Üzdə olan beş-üç iri şirkətin həqiqi sahibi kimdir, o da bəllidir, bilməyənlər “Baku steel company” müəssisəsinin nominal sahibi Rasim müəllimin məhkəməsini izləyib gözəl anladılar ki, Rasim müəllim şirkətin gəlirini vicdanla üç yerə bölüb hər payın sahibinə əlüstü çatdırırmış.
Kənd təsərrüfatı sahəsində ən iri aqroparkların sahibi kimdir, buna şübhə edən tapılmaz. Məhz bu aqroparkların inhisarçı mövqeyi ucbatından Azərbaycanın ərzaq təhlükəsizliyini əsasən qonşu Rusiya və Türkiyə təmin edir. Varlığa nə darlıq!

10-15 il bundan əqdəm topdansatış ticarətin yiyələri adla tanınan zatlar idi, pərakəndə iri ticarətin beş-üç sahibi var idi, saysız xırda ticarət dükanları isə yüz minlərlə baqqalı-dükandarı dolandırırdı. Sonra belə dözülməz vəziyyətin təhlükəsini anlayıb “Bravo” adlı şanlı bir şəbəkə yaratdılar və bu şəbəkə cəmi Azərbaycana yayılıb oldu nömrə bir. “Bravo”nu Naxşıvana buraxmaq istəməyən qohuma nümunəvi qulaqburması verildi və orada da bu supermarket açılıb Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etdi.

İnhisar əməliyyatı vətəndaş cəmiyyətinə də sirayət edib və orada da həqiqi “keşik köpəkləri” demək olar ki, qalmayıb. Məhz buna görə Azərbaycanı dünyanın ictimai səhnəsində müdafiə etməyə qadir olan həqiqi müstəqil qeyri-hökumət təşkilatı (QHT) tapılmır.

Cəmiyyət tərəfindən məhdudlaşdırılmayan iri supermarketlər Karl Marksın iqtisadi nəzəriyyəsinin düzgünlüyünü təsdiqləyərək xırda mağazaları və onların xırda sahiblərini bazardan sıxışdırıb çıxarmağa başladı. Necə deyərlər, “əcəb oldu onlara”, onlar ki, “siyasətlə məşğul olmaq” istəmirdilər!
İqtisad sahəsində inhisar azarkeşləri ölkədəki mənzərəyə peşəkarcasına nəzər salıb daha bir beş-üç manat gəlir gətirən sahə gördülər. Taksi!!! Bu sahənin də inhisarlaşması əməliyyatı başlayıb, ilk əlamət qiymətlərin bahalaşması ilə özünü büruzə verdi.

Əminəm ki, belə minvalla inhisarlaşma növbəsində dəlləkxanalar durur.
Siyasət sahəsini inhisara almaq cəhdi 1989-cu ilin sonunda AXC üzərində başda Əbülfəz Əliyev olmaqla sərt nəzarət mexanizmi yaratmaqla başladı. AXC-nin köməyi ilə ölkədə hakimiyyət götürüləndən sonra yağışdan sonra göbələk kimi bol peyda olmuş partiyaların parçalanması, çıxdaş və satınalınması əməliyyatı başladı və 30 il davam etdi.

Əməliyyat uğurla keçdi, onun nəticəsi indiki erkən seçkilərdə özünü parlaq göstərir. İlham Əliyevin siyasi rəqiblərinin hamısı “konstruktiv” müxalifətə aiddir. Bu konstruktiv müxalifət ölkədə mütəmadi baş verən korrupsiya, işgəncə, şərləmə, qarət hadisələrinə hədsiz konstruktiv yanaşır. Bunun müqabilində müxalifət maralları hakimiyyətdən öz mübarək vücudlarına qarşılıqlı hədsiz konstruktiv münasibət görürlər.

İnhisar əməliyyatı vətəndaş cəmiyyətinə də sirayət edib və orada da həqiqi “keşik köpəkləri” demək olar ki, qalmayıb. Məhz buna görə Azərbaycanı dünyanın ictimai səhnəsində müdafiə etməyə qadir olan həqiqi müstəqil qeyri-hökumət təşkilatı (QHT) tapılmır.

Bu acı həqiqəti hakimiyyət nümayəndələrinə deyəndə bircə cavabları olur: “bizim pulumuz var!”.

Məgər SSRİ-nin pulu yox idi? Var idi, lakin bu pul qaçılmaz ictimai qanunları ləğv edə bilməzdi və etmədi də!

O biri tərəfdən, neft-qaz pullarının bir xüsusiyyəti var. Onlar tükənirlər.

Ana səhifəMənim Fikrimcəİnhisar