close

Dövranın hökmü

L.Brejnev və N.Xruşov. Foto: “ukraina.ru”

Zərdüşt Əlizadə

Məşhur bir mahnıda oxunur: “Hər dövranın öz hökmü var”

İndi Ermənistan-Azərbaycan arasında sülh danışıqları dövranıdır. Bu dövranın hökmü danışıq masasında hər tərəfdən fərqli bir mövqe tələb edir. Düzdür, tərəflərə təsir etmək istəyən kənar qüvvələr var, onlar müxtəlif siyasi, informativ və iqtisadi fəndlərlə danışıqların tərəflərinə təzyiq göstərməyə, özlərinin marağını güdməyə çalışırlar, lakin onlarda bu istək hələlik alınmır, həm Ermənistan, həm Azərbaycan dediyini deyir, bu iki kiçik Cənubi Qafqaz dövlətinin hər biri dirənib özünün mənafeyini müdafiə etməyə çalışır.

Sizin həqir bəndəniz, xahiş edirəm gülməyəsiniz, 10 yaşından qəzet oxuyurdu. Desəm ki, mən, 10 yaşlı uşaq, Xruşşovun Sov.İKP-nin XX qurultayına “Pravda” qəzetinin (A2 format!) 6 səhifəsində yerləşdirilmiş məruzəsini oxumuşdum, deyərsiniz ki, yəqin dəliymiş.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

O vaxt necə dəliydimsə, elə indi də elə o cür qalmışam. Siz indiki zəmanənin qədrini bilmirsiniz, indiki siyasi xadimlər uzun danışsalar, yarım saatlıq limiti keçmirlər. Sovet rəhbərləri 3-4 saatdan qısa nitq yapmırdılar. Hətta bu barədə bir sovet lətifəsi də gəzirdi:

“SSRİ-yə ilk rəsmi ziyarəti zamanı Hindistanın Baş naziri Cəvahirləl Nehru Moskva Dövlət Unuversitetinin tələbələri ilə görüşüb söhbətləşir. Dünyadan bixəbər sovet tələbələrindən biri Hindistanın Baş nazirinə sadəlövhlüklə sual verir:
Cənab Nehru, siz SSRİ-də hər hansı bir nöqsan gördünüzmü?
Nehru gülərək deyir:

-Bircə nöqsan gördüm, hədsiz uzun nitqləri sevirsiniz”.

Lakin sözümün canı uzun nitqlər deyil, siyasi işlərin əvvəlki dövranda və indiki dövranda gedişatıdır.

İndi Ermənistan və Azərbaycan arasında 7 anklav kəndin söhbəti gedir. Ay nə bilim Nüvədi kəndi elə, Yuxarı Ayrım belə… Olsaydı əziz Nikita Sergeyeviçin dövranı, məsələ 1 dəqiqəyə həllini tapardı. Necə ki, Krım yarımadasını onun bircə kəlməsi ilə Rusiya Federasiyasının tərkibindən Ukraynanın tərkibinə keçirdilər. Və o zaman bir nəfərin hünəri çatmadı səsini qaldırıb soruşsun ki, yoldaş Xruşşov, siz nə edirsiniz?

Sovet dövranının hünəri barədə də bir sovet lətifəsi var, yeri gəlmişkən, bizim dövran ilə səsləşir deyə, yada salım:
“Xruşşov Stalin dövrünün qanunsuzluqlarından qurultaya məruzə edəndə, səsini ani kəsir ki, nəfəsini dərsin, zaldan bir səs ucadan soruşur: “Bəs siz özünüz harada idiniz?!” Xruşşov qəzəblə qışqırır ki: “Bu sualı kim verdi?” Sükut. Xruşşov susub gözləyir. Zal susur. Onda Xruşşov deyir: “O zaman mən sizin indi olduğunuz yerdə idim”.

Müxtəsər, Xruşşov heç kimlə məsləhətləşmədən Krımı Rusiyadan götürüb verdi Ukraynaya, indi iki ildir Rusiya ilə Ukrayna torpaq davası aparır. Deyilənə görə, hər iki sabiq qardaş respublikanın hər birinin canlı qüvvə itkisi 300 mini ötüb. Üç yüz min üstəgəl üç yüz min eylər altı yüz min. Necədir sizin üçün? Yer üzünün əşrəfi insan…

Xruşşovun digər bir özbaşına (siyasi dillə buna o zaman “volyuntarizm” adı qoymuşdular) hərəkətini, Allaha şükürlər olsun ki, sizin həqir bəndənizdən savayı heç kim xatırlamır. Xruşşovun dövranında SSRİ ilə İran şahənşahlığı arasında bir delimitasiya müqaviləsi bağlayıb demarkasiya əməliyyatı aparmışdılar. Bu müqaviləyə görə Azərbaycanın Astara rayonunda hansısa, deyilənə görə, bataqlıq bir sahəni İrana verib əvəzində Türkmənistanın hansısa, deyilənə görə, səfalı bir guşəsinin sahəsini genişləndirmişdilər.

Təki bütün xalqlar və dövlətlər bu delimitasiya əməliyyatlarının nəticələrinə bizim kimi səbrli və qanacaqlı yanaşaydılar. Dünyada müharibələrin kökü kəsilərdi.

Azərbaycanın, xüsusilə onun rəhbər kadrlarının qanacaqlı olmasına digər bir danılmaz sübut: Xruşşov Azərbaycanda olanda təklif verdi ki, Lənkəranı nubar tərəvəz istehsalı üçün ümumittifaq bostana çevirmək lazımdır. Azərbaycanın sovet rəhbərləri bu dahiyanə təklifi sürəkli alqışlarla qarşıladılar. Bir nəfər tapılmadı ki, desin: “Əziz Nikita Sergeyeviç, Lənkəran bölgəsinin camaatı min illərdir çəltik əkir, düyü yetişdirir, böyük bir ərazinin təbiətini dəyişmək elmdən və ağıldan uzaqdır”. Əl çaldılar, Moskva pul ayırdı, dağlardan gələn çaylar üzərində bəndlər tikdilər və ilk illərdə sovet qəzetləri tərəvəz daşıyan yük maşınları karvanlarının şəkillərini dərc etməyə başladılar. Yaxşı yadımdadır, İlk yük maşınının üzərində yekə hərflərlə şüar yazılmışdı: “Bakı zəhmətkeşlərinə Lənkəran xiyarı”.

Məncə, indi Talış bölgəsinin bir çox sosial müşkülləri elə həmin qərardan sonra peyda oldu. Ənənəvi həyat tərzinin, çəltikçiliyin, nadir və bahalı düyü növlərinin -ənbərbu, sədri – yoxa çıxması, işsizlik, izafi əhalinin qürbət yerlərə axını yoldaş Xruşşovun dahiyanə qərarının və bizim rəhbərlərin çəpik çalmasının nəticəsidir.

İnsaf xatirinə, Xruşşovun dəlisovluğunun (elmi adı volyuntarizmdir) müsbət tərəfləri də olmuşdu. Məsələn, erməni kommunistləri onun qılığına girərək, bişirib-bişirib nəhayətdə ağızlarını açıb Qarabağın Ermənistana verilməsi söhbətini açanda Xruşşov özündən çıxıb demişdi: “Qarabağ erməniləri Ermənistanı istəyirlər? Bu dəqiqə əmr verərəm, min dənə yük maşını ayıraram, köçsünlər sevimli Ermənistana!”.

Kişi elə bil fal açıbmış, necə də 2023-cü ilin sentyabr ayının son günlərinin hadisələrini öncədən görə bilibmiş!

Günah ermənilərin özlərindədir, noolar ki, bu sözləri Xruşşov demişdi, gərək qulaqlarına sırğa eləyəydilər.

Təbii ki, yoldaş Xruşşovun qəhrəmanlıqları yalniz onun Azərbaycana səfəri zamanı törətdiyi əməllərlə məhdudlaşmır, dövlət rəhbəri çox müttəfiq respublikanı, çox xarici ölkəni gəzib, çox beynəlxalq minbərlərdən dünyanı hədələmişdi. SSRİ-nin buzlaq rayonlarında qarğıdalı əkinlərindən tutmuş Qazaxıstan çöllərinin xam torpaqlarının şümlanmasına qədər, “Karib böhranı” adı ilə dünya tarixinə düşmüş nüvə müharibəsi təhlükəsindən başlamış, Misir Kommunist Partiyasının rəhbərliyini təzəcə güllələmiş Cəmal Əbdül Nasiri “Sovet İttifaqı Qəhrəmanı” medalı ilə təltif etməsinə qədər, rəssamları və yazıçıları təhqir etməkdən tutmuş SSRİ-də çörək qıtlığı yaradılmasına qədər çox böyük-böyük işlər görmüşdü, davam da edəcəkdi, fəqət digər ondan heç də ağıllı olmayan yoldaşlar imkan vermədilər.

Mən universitetin birinci kursunda oxuyanda əziz Nikita Sergeyeviçi əziz Leonid İliç əvəz etdi.
Başqa dövran başladı, bu dövranın adı bizim əhali üçün 1969-cu ildə başlamış “Əliyev dövranı” kimi tanınır. Hansında ki, əlhəmdu li-lah, hələ də yaşayırıq.

Rəiyyət nigaran qalmasın deyə artıq nəvə Heydəri beynəlxalq müstəviyə çıxarmağa başlayıblar. Düzdür, onun ərəb əmirləri ilə bir masa arxasında olan şəkilləri Əli bəy Kərimlini əməlli əsəbiləşdirib, ancaq “Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin şəksiz lideri Əbülfəz Elçibəy”in sadiq cığırdaşının tarixin çərxi-fələyinin dövranına zərrə qədər təsiri yoxdur.

Ana səhifəMənim FikrimcəDövranın hökmü