close

Nəcməddin Sadıkova 21 min manata armudu stəkan, 8 min manata şərab alınıb

Nəcməddin Sadıkov. Foto: Meydan TV

Müdafiə Nazirliyi gül-çiçəyə 74 min manat xərcləyib

Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq mənimsəmə ilə əlaqədar həbsdə olan general-mayor Nizami Məmmədov və 3 nəfərin məhkəməsi başa çatmaq üzrədir. Bu cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir.

Hakim Fikrət Əliyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində 2016-2019-cu illər ərzində Müdafiə Nazirliyində xərclərlə bağlı sənədlər elan olunub. Həmin sənədlərə əsasən, təkcə tədbirlərə 713 min manat pul ayrılıb.

143 milyonluq mənimsəmə ilə bağlı cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılıb. İstintaq zamanı Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanov DTX-ya 2016-2019-cu illəri əhatə edən 4 illik maliyyə hesabatını göndərib. İş materiallarına əlavə edilmiş həmin hesabatı hakim Fikrət Əliyev məhkəmədə elan edib.

Orada göstərilib ki, tədbirlərə ayrılmış 713 min manatın 60 mininə “Ağ Çiçəyim” mağazalarından güllər, 14 min manatına isə dibçəklər alınıb.

Maliyyə hesabatına əsasən, Müdafiə Nazirliyinə ayrılmış vəsaitlər hesabına 29 min manata keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov üçün armudu stəkanlar və çaxır alınıb.

Elnur Süleymanovun istintaqa göndərdiyi maliyyə hesabatında göstərilib ki, Nəcməddin Sadıkova 6 dəst (ümumilikdə 36 ədəd) armudu stəkanın alınmasına 21 min manat pul xərclənib. General-polkovnik Sadıkova alınan çaxırlara isə 8 min manat vəsait sərf olunub. Hesabatda hər biri 100 manatdan olmaqla, 80 ədəd şərabdan söhbət gedir.

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

Bu məhkəmə prosesində müttəhimlər kürsüsündə general Nizami Məmmədovla birlikdə daha 3 nəfər var – Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinə rəhbərlik etmiş Vüsal Əlizadə.

Budəfəki məhkəmə iclasında Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bir sıra şəxslərin əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. O bildirib ki, dindirilməsini istədiyi adamların adlarına açılmış kartlara 1 milyon manata yaxın pul köçürülərək mənimsənilib. Bu səbəbdən onlar mütləq məhkəmədə dindirilməlidir.

Hakimlər isə həmin şəxsləri çağırıb dindirməkdən imtina edib. Bildiriblər ki, istintaq vaxtı onların izahatı alınıb və bu da yetərlidir.

Məhkəmədə həmçinin təqsirləndirilən şəxslərin özləri və xidməti fəaliyyətləri haqqında onların vaxtilə işlədikləri qurumlardan verilmiş xasiyyətnamələr elan olunub.

Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi təqsirləndirilən şəxslərdən kapitan Vüsal Əlizadə haqqında müsbət rəy versə də, Cəlal Kazımov haqqında xasiyyətnamə mənfi olub.

Cəlal Kazımov onun haqqında belə rəy verilməsini qərəli münasibətin nəticəsi hesab edir. O bildirib ki, xidmət etdiyi 30 il ərzində nə cəzası, nə də töhməti olub.

Quru Qoşunlarının rəhbərliyi digər təqsirləndirilən Bayram Bayramov haqqında da müsbət rəy verib. Lakin onun haqqında sənədlərdən məlum olur ki, Bayram Bayramov əvvəllər də külli miqdarda mənimsəməyə görə məhkum olunub. 2017-ci ilin noyabrında Cəlilabad Hərbi Məhkəməsində onun haqqında hökm çıxarılıb. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirli bilinib, lakin həbs olunmayıb. Məhkəmə onu cərimə cəzası ilə sərbəst buraxıb.

Müdafiə Nazirliyinin general-mayor Nizami Məmmədov haqqında göndərdiyi xasiyyətnamə də müsbətdir.

Nizami Məmmədov və digərlərinin məhkəməsi iyulun 19-da davam edəcək.

Bu cinayət işi üzrə əsas ittihamlardan biri budur ki, qiymətlər sənəd üzərində artıq göstərilib və tenderdə qalib elan edilən şirkətlərin hesabına büdcədən buna uyğun məbləğdə pul köçürülüb. Lakin əvvəldən razılaşma olub ki, köçürülmüş artıq pulu şirkət hesabından çıxarıb, Müdafiə Nazirliyinə geri qaytaracaq. İttihama əsasən, şirkətlərin ümumi vəsaitin təxminən 18-20 faizini geri qaytarıb və qayıdan pul da mənimsənilib.

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi 2022-ci ilin yanvarında başlayıb. Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb. Bu səbəbdən də hazırda Bakı Hərbi Məhkəməsində bir neçə qrupda təqsirləndirilən şəxslərin məhkəmələri gedir.

Ana səhifəSiyasətNəcməddin Sadıkova 21 min manata armudu stəkan, 8 min manata şərab alınıb