close

DSX səyahət statistikası yaydı, ekspert “absurd” saydı

Foto: Meydan.TV

“Çox güman,  xaricdən gələnlərin bəzilərinə özəl şərait yaradılır”

Bu ilin ilk iki ayında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min əcnəbi səyahət edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında belə deyilir.

Gələnlərin böyük hissəsi (32,4 faiz) Rusiyadan, 21 faizi Türkiyədən, 9,2 faizi İrandan, 5,7 faizi Gürcüstandan, 3,8 faizi Hindistandandır.

Birləşmiş Ərəb Əmirlikləri və Pakistandan – hər birindən 6,2, Küveytdən 1,9, Səudiyyə Ərəbistanından gələnlər isə 1,8 faiz təşkil edib.

Yanvar və fevralda Azərbaycana səyahət edənlər 1,7 faizi Qazaxıstandan, 3 faizi Ukrayna və Belarusdan, 1,4 faizi Özbəkistandan, 1,3 faizi Türkmənistandan, 10,6 faizi isə digər ölkələrdən gələnlərdir.

ГПС Азербайджана
Foto: DSX

Məlumatda bildirilir ki, Azərbaycana gələnlərin 35,1 faizi dəmir yolu və avtomobil, 63,4 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ötən ilin ilk iki ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da artıb – 18,3 faiz (218 min nəfər).

Gürcüstana gedənlərin sayı 1,5, Türkiyəyə gedənlərin sayı 15,9, Rusiyaya gedənlərin sayı 8,4 faiz artıb.

İrana gedənlərin sayı isə 15,5 faiz azalıb.

Ölkə vətəndaşlarının 39,7 faizi Türkiyəyə, 22,8 faizi Rusiyaya, 9,9 faizi Gürcüstana, 8,4 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 29,7 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycana gələn 233 min əcnəbinin 35,1 faizinin, xaricə gedən ölkə vətəndaşlarının isə 29,7 faizinin dəmir yolu və avtomobildən istifadəsi ilə bağlı məlumat absurddur:

Çünki rəsmi qurumlar deyir ki, Azərbaycanın quru sərhədləri ilə ölkəyə gəlib, ölkədən gedənlər idxal (ixrac) yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslərdir. Bu izah inandırıcı deyil, bizim vətəndaşların çoxu, çox güman, Naxçıvan sakinləridir, onlara sərhəd açıqdır, xaricdən gələnlərin bəzilərinə isə, çox güman, özəl şərait yaradılır, yəqin ki, şəhərdə Rusiya nömrəli bahalı maşınlar görmüsünüz”.

Natiq Cəfərli
Foto: Meydan.TV

İqtisadçı bildirir ki, quru sərhədləri qanunsuz, məntiqsiz olaraq bağlı saxlamaq Konstitusiyaya ziddir:

“İlk növbədə ölkə vətəndaşlarına bərabər münasibət pozulub. Naxçıvan qeydiyyatı ilə, məsələn, Kürdəmir qeydiyyatı olan vətəndaşlar arasında nədən fərq qoyulmalıdır ki? İkincisi, bu mənasız qadağa bəziləri üçün, deyəsən, qazanc yerinə çevrilib, kimlərisə ölkəyə/ölkədən müəyyən maraqlar müqabilində buraxırlar. Bu, biabırçılıqdır, quru sərhədlər mütləq açılmalıdır, bu qadağanın rəsmi səbəb olan “pandemiya” ilə heç bir əlaqəsi yoxdur, digər məsələlər isə, sadəcə bəhanədir”.

Bu iddia və quru sərhədlərinin nə zaman açılacağı ilə bağlı Dövlət Sərhəd Xidmətindən (DSX) münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSosialDSX səyahət statistikası yaydı, ekspert “absurd” saydı