close

DTX İŞİD-in müsahibini saxladığını deyir

Foto: DTX

Mircavad Salahov terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mircavad Salahov adlı Azərbaycan vətəndaşını saxlayıb.

İddia edir ki, o, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayətində şübhəli bilinib.

DTX fevralın 24-də yaydığı məlumatda iddia edir ki, o, Suriyanın Raqqa şəhərində İŞİD-ə qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib.

Burada odlu silahdan istifadə qaydalarına yiyələnib.

Habelə iddia edilir ki, daha sonra Salahov İŞİD terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb:

“Silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib”.

Xidmət bildirib ki, Mircavad Salahovu İŞİD-ə qardaşı Mircəlal Salahov cəlb edib.

Rəsmi açıqlamaya görə, Mircəlal sözügedən terror təşkilatının Suriyada apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Mircavad Salahov Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak), Mircəlal Salahov isə 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə münaqişələrdə iştirak) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.

DTX-nın bu açıqlaması ilə bağlı adıçəkilən şəxslərin və yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Ana səhifəXəbərlərDTX İŞİD-in müsahibini saxladığını deyir