close

Hillari Klintondan Bəxtiyar Hacıyevlə bağlı çağırış

Mənbə: Shutterstock\Jose Gil

“Bəxtiyar Hacıyevin vəziyyəti getdikcə pisləşir”

Bəxtiyar Hacıyevlə bağlı narahatlıq ifadə edən insanların və qurumların çağırışına mən də qoşuluram”.

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton “Twitter” hesabında 47 gündür ki, aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yazıb.

O, Hacıyevə dəstəyini ifadə edib: “Azərbaycanlı fəal Bəxtiyar Hacıyevlə bağlı narahatlıq ifadə edən insanların və qurumların çağırışına mən də qoşuluram”.

Klinton həmçinin Bəxtiyar Hacıyevin vəziyyətinin ağır olduğunu deyib: “O, dekabr ayından siyasi motivli ittihamlarla həbsdə saxlanmasına etiraz olaraq aclıq aksiyası keçirir və vəziyyəti getdikcə pisləşir. Dünya bunu izləyir…”

Tarixçə

O, fevralın 16-da sudan imtina etdiyini açıqlayıb.

İctimai fəal ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edib.

Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, bu ittihamla razı deyil.

Dekabrın 15-də Bəxtiyar Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib.

Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirib.

Yanvarın 9-da isə yenidən aksiyanı bərpa etdiyini açıqlayıb.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir.

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəXəbərlərHillari Klintondan Bəxtiyar Hacıyevlə bağlı çağırış