close

DTX Suriyada təlim keçən 13 nəfəri saxladığını deyir

Foto: DTX

Onların əvvələr beynəlxalq axtarışda olduğu vurğulanır

Suriyada hərbi təlimlər keçmiş 13 nəfərin həbs edildiyi bildirilir.

Onların Suriyanın İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə qatıldığı, “Taifatul Mansura” adlı silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etdiyi qeyd olunur.

Bu barədə iyunun 22-də Dövlət Təhlükəsizliyi Xidməti  (DTX) məlumat yayıb.

DTX həmin şəxslərin barələrində beynəlxalq axtarış elan edildiyini əlavə edib:

“Açılan cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Şəmil Abdullayev, Murad Ağamətov, Murad Quliyev, Fərhad Rüstəmov, Sultan Sultanov, Nəcməddin Hüseynov, Hikmət Mahmudov, Mais Əliyev, İsmayıl İsmayılov, Şəhriyar Babayev, Hacı Muradov, Əlövsət Baxışov  və İntiqam Əsədovun xarici ölkədə gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər”.

Onlar Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilirlər.

Məlumatda saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçildiyi vurğulansa da, müddət göstərilməyib.

Bildirilib ki, hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saxlanılan şəxslərin ittihama münasibəti açıqlanmayıb.

Meydan TV saxlanılan şəxslərin yaxınları ilə əlaqə saxlaya, rəsmi ittihama münasibətlərini öyrənə bilməyib.

Ana səhifəSiyasətDTX Suriyada təlim keçən 13 nəfəri saxladığını deyir