close

Əliyev Ermənistanı “ağaya xidmət edən dövlət” adlandırdı

Foto: president.az

“Belə ölkələrin taleyi xarici sponsorların əlindədir”

Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirilir.

Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edirlər.

Prezident İlham Əliyev tədbirdə çıxış edib.

O, çıxışında Qarabağdakı münaqişəyə görə Ermənistanı tənqid edib.

“Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır”, – Əliyev çıxışında deyib.

O əlavə edib ki, belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz:

“Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”.

İlham Əliyev çıxışı zamanı həmçinin qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:

“Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”.

Əliyevin sözlərinə görə, Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb:

“Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”.

1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır.

Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır.

Ana səhifəSiyasətƏliyev Ermənistanı “ağaya xidmət edən dövlət” adlandırdı