close

Əliyev Şoltsla regiondakı vəziyyət müzakirə edib

İlham Əliyev və Olaf Şolts. Foto: president.az

Mətbuat xidməti: “Prezident Brüssel prosesini dəstəklədiyini deyib”

Oktyabrın 4-də Almaniyanın Kansleri Olaf Şoltsla Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib:

O vurğulayıb ki, Berlin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət addım olduğunu deyərək bunu yüksək qiymətləndirib”.

Məlumatda bildirilir ki, İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini dilə gətirib.

Əliyev qeyd edib ki, Bakı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini dəstəkləyir.

“Prezident mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd edib. Miqrasiya, sosial müdafiə sahələri ilə bağlı erməni sakinlərə yerində xidmətlər göstərildiyini deyib, həmçinin müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib”, – deyə mətbuat xidməti bildirib.

Məlumata görə, telefon danışığında Əliyev həmçinin BMT-nin rezident-əlaqələndirici ofisinin və ixtisaslaşmış təsisatlarının hərbi əməliyyatlar zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyanın dəymədiyi ilə bağlı bəyanatını da xatırladıb.

Almaniyanın rəsmi qurumları dövlət başçılarının telefon danışığı haqda məlumat yaymayıblar.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Ana səhifəSiyasətƏliyev Şoltsla regiondakı vəziyyət müzakirə edib