close

Qukasyan, Saakyan və İşxanyanla bağlı istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib

Bako Saakyan, David İşxanyan və Arkadi Qukasyan. Fotolar: screenshot DTX-in saytından

Prokurorluğun təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb

Qarabağdakı separatçıların keçmiş iki “prezidenti”, oktyabrın 3-də Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılan Arkadi Qukasyan və Bako Saakyan, eləcə də “Daşnakasutyun” Partiyasının “Qarabağ təmsilçisi” və rejimin keçmiş “parlament sədri” David İşxanyan Bakıda məhkəmə qarşısına çıxarılıb.

Oktyabrın 5-də Səbail Rayon Məhkəməsində istintaq dövründə onların həbsdə saxlanması üçün prokurorun təqdimatına baxılıb.

Adları çəkilən üç nəfərin hamısı barəsində təqdimatlar təmin olunub. Onların haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail Rayon Məhkəməsi. Mənbə: Meydan TV

Arkadi Qukasyan barədə həbs qərarını hakim Ülviyyə Şükürova, David İşxanyan və Bako Saakyanın qərarını isə Azər Tağıyev verib.

Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılır.

Qarabağdakı separatçılar Qukasyanı 1997-2007, Saakyanı isə 2007-2020-ci illərdə özlərinin “prezident”i elan etmişdilər.

Adları çəkilən şəxslər terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratma və başqa ağır cinayətlərdə ittiham olunurlar.

Onların bu ittihamlara münasibəti məlum deyil.

Ana səhifəSiyasətQukasyan, Saakyan və İşxanyanla bağlı istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib