close

HRW: Hökumətlər Dağlıq Qarabağdan köçən ermənilərin geri dönüşləri üçün çalışmalıdır

Human Rights Watch, Foto: By hafakot/Shutterstock

“Tərəfdaş hökumətlər Azərbaycanı insanların qısamüddətli və ya uzunmüddətli səfərlər üçün geri qayıtmaq hüququnu asanlaşdırmağa çağırmalıdır”

“Azərbaycan və Ermənistan arasındakı danışıqlarda vasitəçilik edən hökumətlər Dağlıq Qarabağdan köçən ermənilərin evlərinə qayıtması hüququna hörmət etməli, geri dönüşləri üçün çalışmalıdırlar. Həmçinin onların müdafiəsi istiqamətində Azərbaycan prezidentindən konkret öhdəliklər almalıdırlar.”

“Human Rights Watch” (HRW) insan hüquqları təşkilatının oktyabrın 5-də yaydığı bəyanatında belə deyilir.

Ermənistan sentyabrın 19-da Azərbaycanın başlatdığı hərbi əməliyyatdan sonra Dağlıq Qarabağda yaşayan 100 mindən çox erməninin köç etdiyini açıqlayıb. Həmin şəxslər Laçın sərhədindən keçsə də, hələlik, Azərbaycan nə qədər erməni sakinin Ermənistana döndüyünü açıqlamayıb.

Azərbaycan ermənilərin reinteqrasiyası ilə bağlı hazırladığı planı da açıqlayıb.
Plana görə, sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunmalıdır. Eyni zamanda, erməni dilinin istifadəsinə imkan yaradılmalıdır.

HRW bildirir ki, regionun və onun sakinlərinin reinteqrasiyası planı həm qısa, həm də uzunmüddətli perspektivdə insan hüquqlarına, xüsusən də etnik azlıqların hüquqlarına necə riayət edəcəyini müəyyən etməlidir. Təşkilat bildirir ki, Azərbaycan regionda insan haqları ilə bağlı durumu beynəlxalq təşkilatların davamlı monitorinq etməsinə şərait yaratmalıdır.

“Azərbaycanın tərəfdaşları Dağlıq Qarabağda qalmış etnik ermənilərin üzləşdiyi vəziyyət barədə ictimaiyyətə hesabat vermək üçün beynəlxalq monitorinq missiyasının yaradılmasında təkid etməlidir. Həmin missiya Dağlıq Qarabağdakı insanların hüquqlarının durumunu, xüsusən də etnik ermənilərin öz evlərinə qayıtmaq hüququnun pozuntusu olarsa, aşkar etməlidir. Tərəfdaş hökumətlər həmçinin Azərbaycanı insanların qısamüddətli və ya uzunmüddətli səfərlər üçün geri qayıtmaq hüququnu asanlaşdırmağa çağırmalıdır”.

Qarabagdan köc. Foto: Meydan TV

“Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson (Hugh Williamson) deyib ki, Azərbaycanın tərəfdaşları ölkə rəhbərliyinə birmənalı mesaj göndərməlidirlər ki, söhbət geri qayıtmaq hüququna gəldikdə, boş ritorika və yarımçıq tədbirlərlə barışmayacaqlar.

HRW Ermənistan sərhədində Dağlıq Qarabağdan qaçmış 14 şəxs və 7 ailə ilə müsahibə götürüb. O cümlədən, 12 humanitar işçi, tibb işçisi, Ermənistan rəsmiləri və keçmiş Dağlıq Qarabağın de-fakto hakimiyyətinin nümayəndəsi ilə danışıb.

Onlar deyiblər ki, yaşadıqları evi qorxu içində tərk ediblər. Hətta bəziləri şəxsi əşyalarını yığmaq üçün Qarabağa getməyi nəzərdən keçirəcəklərini, ancaq bunu yalnız beynəlxalq qoruma altında edə biləcəklərini söyləyiblər.

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü “etnik təmizləmə”, “deportasiya” adlandırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə cavabında “ilk gündən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırmışıq” deyib. ABŞ və Avropa Şurası da açıqlamalarında “etnik təmizləmə” elementləri görmədiklərini bildiriblər.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bir sıra danışıqların keçirilməsinə yardım etmişdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin (EPC) sammiti çərçivəsində Nikol Paşinyan və İlham Əliyev arasında görüş planlaşdırılırdı.

Oktyabrın 4-də Azərbaycan mediası Fransa xarici işlər nazirinin oktyabrın 3-də Ermənistana səfəri və digər hadisələr fonunda Əliyevin danışıqlarda iştirakdan son anda imtina etdiyini açıqlayıb.

HRW bildirir ki, mümkün gələcək danışıqlarda Avropa liderləri beynəlxalq hüquqların monitorinqinə sadiqliyin və insanları geri qayıtmağa təşviq edə biləcək region üçün hərtərəfli hüquqlara uyğun baxışın zəruriliyini vurğulamalıdırlar:

Oktyabrın 3-də mediaya verdiyi müsahibədə Mişel Azərbaycanı “beynəlxalq hüquqa riayət etməklə Azərbaycanda yaşayan bütün əhalinin, o cümlədən erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qorumağa cəlb etməklə xoşməramlılıq nümayiş etdirməyə” çağırıb”, – hesabatda deyilir.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal anti-terror tədbirlərinə başladığını elan edib. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib. Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.

Ana səhifəSiyasətHRW: Hökumətlər Dağlıq Qarabağdan köçən ermənilərin geri dönüşləri üçün çalışmalıdır