close

Əliyevlə Paşinyanın Avropa Siyasi Birliyinin sammitinə dəvət olunduğu bildirilir

Foto: Meydan.TV

Rəsmi mənbələr hələ səfər haqda məlumat yaymayıb

İyulun 18-də Ermənistan və Azərbaycan liderlərinin Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət olunduqları bildirilir.

“Azadıq” radiosunun Erməni bürosunun yaydığı məlumatda qeyd olunur ki, iyulun 17-də Baş nazir Nikol Paşinyan həyat yoldaşı ilə Böyük Britaniyada keçiriləcək dördüncü sammitə yola düşüb. 

Mənbə Ermənistan hökumətinə istinadən bildirib ki, səfər çərçivəsində bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər nəzərdə tutulsa da, Nikol Paşinyanın kiminlə görüşəcəyi qeyd olunmur. 

“Turan” agentliyi qeyri-rəsmi mənbələrə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin də sammitə gedəcəyini yazıb:

“Sammit çərçivəsində Azərbaycan və Ermənistanın yüksək səviyyəli nümayəndələrinin görüşü baş tutacaq”.

Azərbaycan hökuməti isə hələlik İlham Əliyevin Londona gedəcəyi barədə məlumat yaymayıb.

Avropa Şurasının 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra yaratdığı Avropa Siyasi Birliyinin sammiti 3 iclas keçirib. Sammit çərçivəsində artıq iki dəfə Paşinyanla Əliyev arasında görüş baş tutub. Birinci görüş 2022-ci ildə Praqada olub, o zaman tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. İkinci dəfə 2023-cü ilin iyununda Paşinyan və Əliyev Kişnauda görüşüb. İlham Əliyev ötən ilin oktyabrında Qranadada keçirilən görüşü boykot edib.

Ana səhifəSiyasətƏliyevlə Paşinyanın Avropa Siyasi Birliyinin sammitinə dəvət olunduğu bildirilir