close

Ariqo Sakkinin əfsanəvi “Milan”ı

Foto: “sportmob.com”


Yadigar Sadıqlı

(ikinci hissə)

1988-ci ilin yayında Niderland millisinin tərkibində Avropa çempionu olan Qullit və van Bastenə “Milan”da daha bir niderlandlı – Qullitin uşaqlıq dostu Frank Raykaard qoşuldu. “Ayaks”ın yetirməsi olan Frank son bir ilini “Saraqosa”da keçirmişdi.

Sakki “Milan”ının qitə və dünya fəthinin başlanğıcı olan Çempionlar kuboku sentyabrın 6-da start götürdü. “Qara-qırmızılar”ın 9 il sonra qatıldıqları turnirin ilk mərhələsində problem yaşamadılar. Bolqarıstanın “Vitoşa” (o daha çox “Levski” adı ilə tanınır) klubu hər iki oyunda məğlub edildi: səfərdə 2:0, evdə 5:2. Cavab oyununda van Basten poker edərək 4 qol vurdu.

Amma ikinci mərhələ “Milan” üçün turnirdə ən ağır sınaq oldu. Yuqoslaviyanın “Srvena Zvezda” komandası ilə San Siroda ilk oyun 1:1 hesabı ilə bitdi. Cavab oyununda ev sahibləri 50-ci dəqiqədə hesabı açdılar. İşləri heç yaxşı getməyən “Milan”a təbiət kömək oldu: güclü duman üzündən oyun 65-ci dəqiqədə dayandırıldı və ertəsi gün yenidən keçirildi.

Yadigar Sadıqov
Foto: Meydan Tv

İkinci oyunda van Bastenin 34-cü dəqiqədə vurduğu qola 4 dəqiqə sonra Draqan Stoykoviç cavab verdi. Əsas və əlavə vaxtda hesab dəyişmədi. Penaltilər seriyasında isə italiyalılar 4:2 qalib gəldi.

1988-ci ilin sonunda Avropanın ən yaxşı oyunçusu müəyyənləşərkən ilk üç yeri “Milan”ın oyunçuları tutdu. Marko van Basten “Qızıl top” aldı. Ötən ilin qalibi Ruud Qullit bu dəfə ikinci, Frank Raykaard isə üçüncü oldu.

Qış fasiləsindən sonra 1989-cu ilin martında davam edən Çempionlar kubokunun 1/4 finalında “Milan”ın rəqibi Qərbi Almaniyanın “Verder” klubu oldu. Bremendə hesab açılmadı. Milanda isə van Bastenin 32-ci dəqiqədə penaltidən vurduğu qol yeganə oldu.

Yarımfinalda rəqib “Real” (Madrid) komandası idi. Doğrudur, madridlilərin hamını əzərək dalbadal Çempionlar kubokunu qazanmasından çox keçmişdi, amma hər halda ad-sanı öz yerində idi. Həm də 1985 və 1986-cı illərdə dalbadal iki dəfə UEFA kubokunu qazanaraq 20 illik Avrokubok həsrətinə son qoymuşdu. Buna görə də qalib gələcəyi istisna olunmurdu. Üstəlik, digər yarımfinalda “Styaua” və “Qalatasaray”ın qarşılaşdığını nəzərə alanda, bir çoxları “Milan” – “Real” duelini erkən final sayırdı.

Amma ispanlar ciddi müqavimət göstərə bilmədilər. Madriddə 1:1 oldu. Uqo Sançesin 42-ci dəqiqədə vurduğu qola van Basten 77-ci dəqiqədə cavab verdi. Cavab oyunu isə rossonerilərin benefisinə çevrildi. Artıq birinci hissədə Ançelotti, Raykaard və Qullit üç qol vurdular. İkinci hissədə van Basten və Donadoni hesabı 5:0 etdilər.

Digər yarımfinalda da oxşar nəticə qeydə alındı. Buxarestdə “Styaua” 4:0 qalib gəldi. İstanbuldakı cavab oyunu isə heç-heçə bitdi – 1:1.

Final oyunu mayın 24-də Barselonanın “Kamp nou” stadionunda keçirilirdi. Şərqi Avropa futbolu Qərbi Avropadan zəif qiymətləndirilsə də “Styaua”nı hesabdan tam silmək olmazdı. Komanda 3 il əvvəl Çempionlar kubokunun finalında penaltilər seriyasında “Barselona”ya qalib gəlmişdi.

Amma bu finalda rəqabət alınmadı. Marius Leketuş və Georgi Hacının liderlik etdiyi “Styaua” “Milan”dan açıq-aşkar zəif idi. Qullit və van Bastenin dublları sayəsində “Milan” 4:0 hesabı ilə qalib gəldi və Çempionlar kubokunda ikinci qələbəsindən düz 20 il sonra üçüncü zəfərini çaldı. Marko van Basten 10 qolla turnirin bombardiri oldu. Üç il əvvəl S1 seriyasında, iki il əvvəl B seriyasında işləyən Ariqo Sakki isə Avropa fatehinə çevrildi.

***
Qitə turnirindən fərqli olaraq daxili turnirlər “Milan” üçün heç də rəvan keçmədi. Komanda İtaliya kubokunda pley-offa vəsiqə qazanmadı. Çempionatda isə “İnter” və “Napoli”dən sonra üçüncü yeri tutdu. İtaliyadakı bu uğursuzluqları Superkubokun qazanılması qismən kompensasiya etdi.

1988-ci ildə İtaliyada ilk dəfə Superkubok uğrunda çempion və kubok sahibi arasında oyun keçirmək qərar alındı. Həmin ilin çempionu “Milan” və kubokun sahibi “Sampdoriya” arasında oyun avqustda keçirilməli idi. Amma Olimpiada üzündən qeyri-müəyyən müddətə təxirə salındı və yalnız 1989-cu il iyunun 14-də baş tutdu. 3:1 hesabı ilə qalib gələn rossonerilər ilk İtaliya Superkubokunun sahibi oldular.

***
1989-cu ilin yayında Ruud Qullit zədələndi və uzun müddətə sıradan çıxdı (1990-cı ilin aprelinə qədər). Sakki komandanın yetirməsi, “Monsa”da icarədə olan Covanni Stroppanı “Milan”a qaytardı, üstəlik, “Komo”dan Marko Simone, “Torino”dan Dieqo Fuzer alındı.

Növbəti Çempionlar kuboku sentyabrın 13-də start götürdü. 1/16 finalda Finlandiyanın HİK klubu ilə qarşılaşan “Milan” evdə 4:0, səfərdə 1:0 qalib gəldi.

İkinci mərhələdə isə rəqib yenə “Real” (Madrid) oldu. Milanda keçirilən ilk oyunda 9-cu dəqiqədə Raykardın, 14-cü dəqiqədə isə van Bastenin qolundan sonra ötən turnirdəki darmadağının təkrar ediləcəyini gözləmək olardı. Amma qalan vaxt ərzində hesab dəyişmədi. Madriddə isə ev sahibləri yalnız bir qol vura bildilər (Butragenyo).

***

İlin sonunda “Milan” iki beynəlxalq mükafat uğrunda yarışdı. Əvvəlcə UEFA Supekuboku uğrunda qarşılaşmada Kuboklar kubokunun sahibi “Barselona”nı üstələdi. “Kamp Nou”da ilk oyun 1:1 bitdi. Ev sahibləri yalnız 88-ci dəqiqədə məğlubiyyətdən qurtuldular. Dekabrın 7-də San Siroda isə elə həmin dəqiqədə Evaninin vurduğu yeganə qol “Milan”a ilk UEFA Superkubokunu qazandırdı.

Bundan sonra komanda Yaponiyaya yola düşdü. Burada Cənubi Amerikanın çempionlar turnirinin – Libertadores kubokunun sahibi “Atletiko Nasyonal” (Kolumbiya) klubu ilə Qitələrarası kubok uğrunda qarşılaşacaqdı.

Dekabrın 17-də Tokionun Olimpiya stadionunda keçirilən matçda 119 dəqiqə ərzində hesab açılmadı. Hamının penaltilər seriyasına kökləndiyi zaman kolumbiyalı müdafiəçilər cərimə meydançasının bir addımlığında van Basteni yıxdılar. Evani topu “divar”ın yanından göndərərək məşhur Rene İqitanın qoruduğu qapıdan keçirdi. Beləliklə, “Milan” iyirmi il sonra ikinci dəfə dünyanın ən güclü klubu adını qazandı.

“Qızıl top” uğrunda sorğu bir il əvvəl olduğu kimi yenə rossonerilərin triumfu ilə yadda qaldı. Mükafatı yenə də Marko van Basten götürdü. İkinci yeri Franko Barezi, üçüncü yeri yenə Frank Raykaard tutdu. “Milan” indiyə qədər yeganə komandadır ki, “Qızıl top” sorğusunda üzvləri iki dəfə ilk üç yeri tutublar.

Çempionlar kubokunun ¼ final mərhələsinin oyunları martda keçirildi. “Milan”ın rəqibi Belçikanın “Mexelen” klubu idi. Brüsselin məşum şöhrətli “Eyzel” stadionunda keçirilən ilk oyunda və San Siroda cavab oyununun əsas vaxtında hesab açılmadı. 106-cı dəqiqədə Raykaardın cərimə zərbəsindən vurduğu top müdafiəçiyə dəyib qapı xəttindən çıxmaq üzrəykən Tasotti çataraq mərkəzə ötürdü və van Basten hesabı açdı. 117-ci dəqiqədə isə Marko Simone belçikalıların müdafiəsini təkbaşına keçərək son nöqtəni qoydu – 2:0.

Yarımfinalda rəqib adlı-sanlı “Bavariya” idi. Milanda ev sahibləri minimal hesablı qələbə qazandılar. 77-ci dəqiqədə van Basten penaltidən fərqləndi. Münxendə isə Tomas Ştrunts 59-cu dəqiqədə hesabı açdı. Həmin anda tərifli “Milan” müdafiəsi heç özünə oxşamadı, bir anda pərən-pərən oldu. Əsas vaxtda hesab dəyişmədiyindən əlavə vaxt təyin olundu.

100-cü dəqiqədə alman qapıçı ilə üzbəüz qalan Stefano Borqonovo aşırma zərbə ilə hesabı bərabərləşdirdi. İndi səfər qolu üstünlüyünə görə münxenlilər iki qol vurmalı idilər. Onlar isə yalnız birini bacardılar: 108-ci dəqiqədə Makİnalli cinah ötürməsini yıxılaraq tamamladı.

“Olimpik” (Marsel) və “Benfika”nın qarşılaşdığı digər yarımfinal oyununda da eyni nəticələr qeydə alındı, sadəcə ardıcıllıq başqa idi. Marseldə fransızlar 2:1 qalib gəldilər. Lissabonda 1:0 hesablı qələbə qazanan “Benfika” səfər qolu sayəsində finala çıxdı. Beləliklə, 1963-cü ildə olduğu kimi Çempionlar kubokunun finalında yenə “Benfika” və “Milan” qarşılaşdı.

Final Vyanada keçiriləcəkdi. Burada isə “Benfika”nın əfsanəvi məşqçisi, kluba 1961 və 1962-ci illərdə iki dəfə Çempionlar kubokunu qazandıran Bela Quttman dəfn olunmuşdu. Rəvayətə görə, ikinci triumfdan sonra maaşının artırılmasını istəyən və rədd cavabı alan Quttman “mənsiz “Benfika” 100 il Avropada kubok almayacaq” deyərək istefa vermişdi.

Ondan sonrakı 27 il ərzində Avroturnirlərdə beş dəfə (dörd dəfə Çempionlar kubokunda, bir dəfə UEFA kubokunda) final oynayan “Benfika” hamısında məğlub oldu. Vyana finalı altıncı idi. Məhz Quttman dövründə kluba cəlb olunan, indi isə “Benfika”da inzibati vəzifə tutan əfsanəvi Eysebio məşqçinin məzarını ziyarət edərək üzrxahlıq etdi, komandasının bağışlanmasını istədi.

“Milan”da isə Qullit nəhayət meydana qayıtdı. Komanda mayın 23-də “Praterştadium” stadionunda optimal heyətlə meydana çıxdı: qapıda Qalli, midafiədə Tasotti, Maldini, Kostakurta və Barezi, yarımmüdafiədə Kolombo, Raykaard, Ançelotti və Evani, hücumda isə Qullit və van Basten.

Oyun “Milan”ın o qədər də böyük olmayan, amma sabit üstünlüyü ilə keçdi. Birinci hissədə ən real qol fürsətini van Basten qazandı, amma zərbəsindən sonra topu qapıçı Silvinu tutdu.

Hesab 68-ci dəqiqədə bir qədər gözlənilməz açıldı. “Milan”ın müdafiədən asta-asta başladığı hücum zamanı top bir qədər irəliyə van Bastenə ötürüldü, o da bir təmasla Raykaardı qapıçı ilə təkbətək çıxardı və Frank fürsəti qaçırmadı – 1:0. Az sonra Qullitin hesabı artırmaq imkanı oldu, amma zərbəsi doqquzluğun üstündən keçdi. “Benfika”nın cəhdləri isə nəticəsiz qaldı. “Milan”ın müdafiə kvarteti özünün ən yaxşı oyunlarından birini keçirərək lissabonlulara ciddi təhlükə yaratmaq imkanı vermədi.

Avstriyalı hakim Helmut Kolun final fiti “Milan”ın dördüncü dəfə Çempionlar kubokunu qazandığını təsbit etdi.

***
İtaliyadaxili turnirlərdə isə “Milan” yenə mükafatsız qaldı. Hərçənd həm kubok, həm də çempionatda qalib gəlməyə yaxın idi. Yarımfinalda “Napoli”ni keçən (evdə 0:0, səfərdə 3:1) klub finalda “Yuventus”la qarşılaşdı. Reqlamentə görə final iki oyundan ibarət idi. “Milan” Turində əlverişli nəticə əldə etdi – 0:0. Amma aprelin 25-də San Siroda 0:1 uduzdu.

Çempionata isə yaxşı başlanılmadı. Komanda 10 turdan sonra 10 xalla 9-cu yeri tuturdu (4 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət). Bu zaman Neapolda xüsusilə ağır məğlubiyyətə (0:3) uğramışdı. Ancaq bundan sonra məğlubiyyətsiz oyunlar seriyası başladı. 24-cü turdan sonra “Milan” “Napoli”ni haqlayaraq digər göstərcilər əsasında 1-ci yerə çıxdı.

Klub 17 məğlubiyyətsiz oyun keçirərək 15 qələbə, 2 heç-heçə etdi. Bu seriya çərçivəsində “Napoli”dən də eyni hesablı (3:0) qisas alındı. 28-ci turda “Yuventus”a uduzsa da (0:3), yenə bir xal fərqlə lider idi.

Son iki tur ərəfəsində “Milan” və Napoli”nin xalları eyni idi, amma Milanın vurulan və buraxılan qollar fərqi daha yaxşı olduğundan birinci yeri tuturdu. Komanda 33-cü turda 18 komanda arasında 17-ci yeri tutan “Verona” ilə səfərdə qarşılaşacaqdı. Bu oyunda ən optimist “Napoli” azarkeşlərinin belə gözləmədiyi nəticə alındı: “Milan 1:2 uduzdu və “Bolonya” 4:2 udan Napoli lider oldu. Son turda hər iki komanda qələbə qazandı və “Napoli” çempion oldu.

***

1990/91 mövsümü Sakkinin “Milan”da son ili oldu. Komanda UEFA Superkubokunda və Qitələrarası kubokda öz uğurunu təkrar etdi. Superkubok uğrunda iki oyunun cəminə görə İtaliyanın digər klubu – “Sampdoriya” məğlub edildi: 1:1 və 2:0 (1990-cı il Avroturnirləri İtaliya komandalarının benefisi olmuşdu. UEFA kubokunda da “Yuventus” qalib gəldi, özü də finalda “Fiorentina” ilə oynayırdı).

Qitələrarası kubokda isə rəqib Paraqvayın “Olimpiya” klubu idi. Yenə Tokioda keçirilən matçda “Mian” rəqibini darmadağın etdi – 3:0. Qolların ikisini Raykaard, birini Stroppa vurdu.

Çempionlar kubokunda iştirak isə kuryoz hadisə ilə yekunlaşdı. “Milan” 1/16 final mərhələsindən azad idi. 1/8 finalda Belçikanın “Brügge” klubu çətinliklə keçildi: evdə 0:0, səfərdə 1:0. İkinci oyunun son dəqiqələrində qırmızı kart alan van Basten diskvalifikasiya olunaraq ¼ finalın hər iki oyununda oynamaq hüququnu itirdi.

Həmin mərhələdə isə “Milan” “Olimpik” (Marsel) ilə qarşılaşdı. San Siroda ilk oyun 1:1 hesabı ilə başa çatdı. Cavab oyununun 75-ci dəqiqəsində Qlen Uodl 75-ci dəqiqədə fransızları irəli çıxardı. Oyunun son dəqiqələrində isə qüllələrdən birində projektorlar söndü və hakim oyunu dayandırdı. 15 dəqiqədən sonra oyun bərpa ediləndə “Milan”ın direktoru Adriano Qalliani komandanın meydana qayıtmasına etiraz edərək ertəsi gün yeni oyunun keçirilməsini tələb etdi. Yəqin ki, o, duman səbəbindən “Srvena Zvezda” ilə yarımçıq saxlanılan və ertəsi gün yenidən keçirilən oyunu xatırlayırdı. Amma bu dəfə belə olmadı.

UEFA “Milan”a 0:3 hesablı texniki məğlubiyyət verdi, Qallianini iki illik futboldan, “Milan”ı isə bir illik Avrokuboklardan uzaqlaşdırdı.

Klub İtaliya kubokunda yarımfinalda “Roma”ya uduzdu (0:0 və 0:1). Çempionatda isə “Sampdoriya”dan 5 xal geri qalaraq gümüş medal qazandı.

İlin sonunda Ariqo Sakki “Milan”dan ayrılaraq İtaliya millisinin sükanı arxasına keçdi. Bununla da “Milan”da müddət baxımından qısa, nəticələr baxımından isə çox böyük bir dövr – Sakki dövrü sona çatdı. Qarşıda başqa bir era – Fabio Kapello dövrü vardı.

P. S. 2007-ci ildə Britaniyanın futbol üzrə ixtisaslaşmış “World Soccer” jurnalı müxtəlif dövrlər üzrə ən yaxşı komandaları müəyyənləşdirmək üçün sorğu keçirdi. Sakkinin “Milan”ı Braziliya-1970, Macarıstan-1953 və Niderland-1974 komandalarından sonra dördüncü yeri tutaraq klublar arasında ən yaxşı nəticə göstərdi.

Ana səhifəMənim FikrimcəAriqo Sakkinin əfsanəvi “Milan”ı