close

Ermənilər Rusiyadan Ağdam-Xankəndi yolu ilə gedən yardımı qəbul edəcəklərini deyirlər

Foto: Azərtac

Laçın dəhlizi ilə humanitar yüklərin daşınması da razılaşdırılıb

Azərbaycanın Qarabağ bölgəsində özünü “Dağlıq Qarabağ Respublikası” (Artsax) elan etmiş  rejim Rusiya Qırmızı Xaç Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul edəcəyini açıqlayıb.

Məlumatı Ermənistan mediası yayıb.

Bildirilir ki, həmçinin Laçın dəhlizi ilə humanitar yüklərin daşınmasının Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bərpa ediləcəyi barədə razılıq əldə olunub.

Ancaq 12 gündür Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yükləri çatdırılsa da, separatçı rejim bundan imtina edib.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətErmənilər Rusiyadan Ağdam-Xankəndi yolu ilə gedən yardımı qəbul edəcəklərini deyirlər