“75 yaşlı Solmaz Abbasova qohumlarının yanında qalmaq məcburiyyətindədir”
“Biləsuvar Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 ildir şəhid Şaiq Kəlbiyevin ailəsinə verdiyi vədi yerinə yetirmir”.
Bu barədə iyulun 23-də motoatıcı batalyonunun keçmiş komandiri, polkovnik Xətai Baxışov “Turan” İA-na danışıb.
Xətai Baxışovun sözlərinə görə, 2022-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri I Qarabağ müharibəsində həyatını itirən Şaiq Kəlbiyevin evinə gəliblər və hakimiyyətin bu ailə üçün yeni ev tikmək niyyətində olduğunu bildiriblər:
“Onlarla birlikdə gələn hansısa tikinti şirkətinin mühəndisləri ölçmələr həyata keçiriblər və köhnə evin sökülməli olduğunu, onun yerində isə dərhal yeni ev tikəcəklərini deyiblər. Ev sahibləri dövlət orqanlarının nümayəndələrinin təminatlarına inanaraq, yeni evin tikiləcəyi ümidi ilə onların köhnə evi sökməyinə icazə veriblər. Lakin iki ildir ki, heç bir tikinti aparılmır. Bütün bu müddət ərzində şəhidin tənha anası, 75 yaşlı Solmaz Abbasova qohumlarının yanında qalmaq məcburiyyətindədir”.
Xətai Baxışov Solmaz Abbasovanın Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Biləsuvar Rayon İcra Hakimiyyətinə çoxsaylı şikayətlərinin nəticə vermədiyini qeyd edib:
“Yalnız onu deyiblər ki, şəhid ailəsi uçotda olduğundan evin tikintisinə növbə çatmayıb, hələ gözləməlisən. Belə olduqda, sual yaranır, bəs evi niyə sökürdünüz?!”.
Xətai Baxışov yada salıb ki, Şaiq Kəlbiyev 258 nömrəli PDM-in ekipaj komandiri olub:
“12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndində bizim hərbiçilərimiz üstünlük təşkil edən Ermənistan hərbçiləri ilə döyüşə giriblər. Ağır itkilərdən sonra batalyonumuz Mərzili, Novruzlu və Yusifcanlı kəndlərini azad edib. 258 nömrəli PDM-in iki ekipaj üzvü – Şaiq Kəlbiyev və Asəf Mütəllimov erməni PDM-ni qənimət kimi ələ keçiriblər, lakin həlak olublar. Elə həmin döyüşdə Şaiq Kəlbiyev erməni UAZ-na topdan atəş açıb, nəticədə məşhur erməni terrorçu Monte Melkonyan və onun köməkçisi ölüb. Bu qəhrəmanlığına görə Şaiq Kəlbiyev və Asəf Mütəllimov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Bu hadisə “258 nömrəli PDM-in ekipajı” adlı sənədli filmdə ətraflı təsvir olunub”.
“Biləsuvar Rayon İcra Hakimiyyəti və Sosial Müdafiə Nazirliyi tərəfindən şəhid ailəsinə belə münasibəti görməkdən utanıram. Sirr deyil ki, bu nazirlik müharibə iştirakçılarının ehtiyaclarına məhəl qoymadığına görə çoxdan tənqid obyektinə çevrilib. Azərbaycanda Monte Melkonyanın öldürülməsində Şaiq Kəlbiyevin və Asəf Mütəllimovun xidmətini öz adına çıxararaq onların qanını tapdalayan fırıldaqçıların olmasından, onların mükafatlar və yüksək adlar almasından utanıram. İnanmaq istəyirəm ki, müvafiq dövlət qurumları, nəhayət, oyanacaqlar və yaşlı şəhid anasının küncdə-bucaqda qalmaq məcburiyyətində olduğu bu bədnam vəziyyətə son qoyacaqlar”, – deyə polkovnik Xətai Baxışov bildirib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elşən Aslanov Solmaz Abbasovanın evinin qeydə alındığı desə də, digər məqamları təkzib edib:
“Amma evi biz və nazirlik sökməyib. Evi şəhid ailəsi özü söküb. Ona görə də gözləməlidirlər”.