close

Fazil Qasımov: “Məni dustaqların cinsi təcavüzünə məruz qoymaqla hədələdilər”

Fazil Qasımov. Foto: sosial şəbəkə

Alim Qubad İbadoğlu ilə bağlı cinayət işinin ayrılmasına etiraz edib

İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirlən alim Fazil Qasımovun məhkəməsi başlayıb. Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyilə onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu və Anar Əliyev adlı daha bir nəfərlə əlbirlikdə ittiham olunur. Ancaq iyulun 16-da Qubad İbadoğlunun işi onlardan ayrılıb və bu səbəbdən hazırda məhkəmədə Fazil Qasımovla Anar Əliyevin işinə baxılır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, müdafiə tərəfi bir neçə vəsatət verib.

1989-cu il təvəllüdlü Anar Əliyev əvvəllər avtomobillərin icarəyə verilməsilə (Rent a car) məşğul olub.

1990-cı il təvəllüdlü Fazil Qasımov isə elmi fəaliyyətlə məşğul olub, İstanbul Universitetində və “Palmali” şirkətində işləyib.

Fazil Qasımov məhkəmədə vəsatət qaldıraraq bildirib ki, Qubad İbadoğlu haqqında cinayət işinin bu işdən ayrılması barədə qərar əsassızdır. O, məhkəmənin bu işi istintaqa qaytarması və Qubad İbadoğlunun işi ilə birləşdirilməsi barədə vəsatət qaldırıb:

“Biz eyni maddə ilə, eyni əməldə və əlbirlikdə ittiham olunuruq. İddia olunur ki, mən 22-30 iyunda Türkiyədə saxta dollar əldə etmişəm, Qubad İbadoğluya vermişəm, o da Azərbaycana gətirib. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində mənə işgəncə verməklə, ailəmlə hədələməklə, özümə qarşı, Qubad İbadoğlunun əleyhinə bu barədə yalan ifadələr verməyə məcbur elədilər. O ifadələr həqiqətdən uzaqdır. Mən mayda Baş prokurora, Ombudsmana müraciət etmişəm. Orada göstərmişəm ki, işgəncələrə, qeyri-insani rəftara məruz qalmışam. Belə bir vəziyyətdə verilən yalan ifadələrdən imtina etdiyimi bildirmişəm. O ifadələrə görə, guya biz üçümüz – Qubad İbadoğlu, mən və Anar Əliyev videogörüntülər vasitəsilə danışmışıq. Həqiqətdə isə belə bir şey olmayıb. Bu işə obyektiv, ədalətli baxılması üçün mütləq o biri işlə birləşdirilməlidir”.

Fazil Qasımovun ikinci vəsatəti isə özü haqqında cinayət işinə xitam verilməsi olub. O bildirib ki, barəsindəki saxta cinayət işinə etiraz olaraq, 62 gündür aclıq edir. Nəticədə səhhətində ciddi problemlər yaranıb.

Onun sözlərinə görə, istintaq vaxtı təzyiq üsullarından biri də çayına psixiatrop qatılması olub. Bu səbəbdən ondan nümunə götürülərək, araşdırma üçün xaricdə laboratoriyaya göndərilib.

“Mən İstanbul Universitetində elmlə, tədqiqatlarla məşğul olmuşam. BMT-nin Gənc Liderlər proqramının məzunuyam. Ömrünü elmə həsr eləmiş adamam. Mən iqtisadi cinayətkarlığa qarşı mübarizə apardığım halda, gəlib məni saxta pulda ittiham elədilər. Cinayət işində yazılanlar tamamilə yalandır. Qubad İbadoğlunun əleyhinə ifadə almaq, üzləşmədə yalan ifadəni təsdiqləməyim üçün mənə çox ağır işgəncələr verdilər. Hamısını burada demək olmur. İstintaq təcridxanasında məni dustaqların cinsi təcavüzünə məruz qoymaqla hədələdilər”, – Fazil Qasımov bildirib.

Onun sözlərinə görə, belə məqamlarda keçmiş vəkili Anar Qasımov da onu müdafiə etməyib.

Təqsirləndirilən alim əlavə edib ki, onun həbsinin səbəbi Qubad İbadoğlu ilə birlikdə Londonda qeydiyyatdan keçirdikləri Azərbaycan Gənclərinin Təhsil Fondudur: “Mənə istintaqda da bu barədə suallar verirdilər. İyunda Təhsil Fondunu yaradıb qeydiyyatdan keçirdik, iyulda Qubad İbadoğlu Azərbaycana gəldi, həbs olundu. Sonra məni də Türkiyədə tutub gətirdilər. Onun saxta pulla nə əlaqəsi var? Bu qondarma ittiham bizi həbs eləmək üçün quraşdırılıb”.

Fazil Qasımovun vəkilləri Telman Qasımov və Rövşanə Rəhimli 62 gün davam edən aclıqdan sonra onun vəziyyətinin ağır olduğunu qeyd edərək, ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.

Vəkil Telman Qasımov da xatırladıb ki, eyni cinayət işi üzrə təqsirləndirilən Qubad İbadoğlu apreldə ev dustaqlığına buraxılıb, daha sonra barəsindəki cinayət işi ayrılıb. Lakin Fazil Qasımov bu günə qədər həbsdə saxlanılır, üstəlik, aclıq nəticəsində vəziyyəti də ağırdır: “Fazil Qasımovun cinayət törətməsini təsdiqləyən bircə sübut yoxdur. Qubad İbadoğlu bu işdə əsas fiqurdur. O buraxılıb, çöldə gəzir, bu isə həbsdə qalır. Özü də belə ağır vəziyyətdə. Qubad İbadoğlunun işini bu işdən ayırmaqla istintaq hiyləgər gediş elədi. Heç bir əsaslandırma olmadan ayırdılar. Məhkəmədə dindiriləcək şahidlərin arasında da Qubad İbadoğlunun adı yoxdur”.

Cinayət işlərinin birləşdirilməsini istəyən vəkil həmçinin Fazil Qasımovun Baş prokuror Kamran Əliyevə yazdığı məktubun cinayət işinin materiallarına əlavə olunması barədə də vəsatət qaldırıb.

Vəkil Rövşanə Rəhimli də müvəkkilinin ev dustaqlığına buraxılmasını xahiş edib. Vəkil bildirib ki, bir müddət əvvəl Fazil Qasımov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Lakin onun vəziyyəti günü-gündən ağırlaşır:

“Bu adam 62 gündür yalnız su içir, qidadan imtina edib. Müəssisədə divarları tuta-tuta gəzir. Bir neçə il əvvəl mədə əməliyyatı keçirib. Vəziyyəti kritikdir. Onun belə vəziyyətdə həbsdə qalmasına zərurət yoxdur”.

Məhkəmə yalnız Baş prokurora məktubun surətinin cinayət işinin materiallarına əlavə olunması barədə vəsatəti təmin edib. Digər vəsatətlər isə rədd olunub.

Fazil Qasımovun işi üzrə məhkəmə prosesi avqustun 29-na təyin edilib.

İqtisadçı Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib.

Avqustun 25-də Qubad İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

O, aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub.

Ana səhifəXəbərlərFazil Qasımov: “Məni dustaqların cinsi təcavüzünə məruz qoymaqla hədələdilər”