close

Lukaşenko Rusiya ilə Ukraynanı danışıq masasına çağırır

Aleksandr Lukaşenko. Foto: MeydanTV

“Bu müharibə nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara lazımdır”

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa və müharibəni dayandırmağa dəvət edib.

Bu barədə avqustun 15-də Aleksandr Lukaşenko “Rossiya” kanalına müsahibəsində danışıb.

O bildirib ki, bu müharibə nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara lazımdır:

“Bu müharibə yalnız “Amerika mənşəli yüksək rütbəli insanlara” lazımdır”.

“Gəlin danışıqlar masasına oturaq və bu münaqişəni bitirək. Bu nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara lazımdır. Buna onların (Qərb ölkələri nəzərdə tutulur – red) ehtiyacı var. Mən faktları göstərə bilmərəm, çünki bu faktlar məxfidir, amma yüksək vəzifəli şəxslərin çıxışlarında da bunu görmək olur. Ona sözün əsl mənasında belə düşünürlər: “Qoy bir-birlərini qırsınlar – ukraynalılar, ruslar – hamı bu qazanda ölsün”. Amerikanın yüksək rütbəli məmurları bizim bir-birimizi məhv etməyimizi istəyirlər”, – deyə Lukaşenko vurğulayıb.

O həmçinin bildirib ki, ölkənin sərhədi pozulmadığı müddətcə Belarus ərazisində yerləşdirilmiş Rusiya nüvə silahlarından istifadə edilməyəcək:

“Burada taktiki nüvə silahları peyda olanda mən Qərb siyasətçilərinə dedim: “Siz bizim dövlət sərhədimizə ayaq basmayınca heç bir silahdan istifadə etməyəcəyik”.

Lukaşenko əlavə edib ki, mövcud razılaşmalara əsasən, Belarusa təcavüz ediləcəyi təqdirdə Rusiya hərbi dəstək vermək üçün qoşunlarını göndərəcək.

Onun sözlərinə görə, Belarus ordusu ilk zərbəni dəf edəcək, daha sonra Rusiya onu qoruyacaq.

Ukrayna qoşunlarının Kursk vilayətinin ərazisinə daxil olması fonunda Lukaşenko “hər hansı mümkün təxribatlara cavab vermək üçün” Qomel və Mozır istiqamətlərində hərbi qüvvələri gücləndirməyi əmr edib.

Belarusun müdafiə naziri Viktor Xreninin sözlərinə görə, Ukrayna ilə sərhədə “Polonez” raket sistemləri və “İsgəndər” kompleksləri yerləşdiriləcək.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaLukaşenko Rusiya ilə Ukraynanı danışıq masasına çağırır