close

Fərda Əsədov: “Vəziyyət o həddə çatıb ki, İsrail deyir, fələstinliləri köçürün, mən əməliyyatımı keçirim”


“ABŞ birmənalı şəkildə İsrailin güc işlətmək haqqının arxasında dayanmasaydı…”
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlanan müharibə dünyanın siyasi gündəmindədir. 70 ildən çoxdur davam edən İsrail-Fələstin münaqişəsi nəinki regionun, dünyanın ən mürəkkəb problemi sayılır.
Meydan TV münaqişənin tarixi və mövcud durumunu bir-birinə bağlayan məqamların doğurduğu sualları şərqşünas-tarixçi Fərda Əsədova ünvanlayıb
Fərda Əsədov Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiridir.

– Fərda bəy, oktyabrın 7-də Həmasın hücumu nəticəsində başlanan müharibə regiona və münaqişənin həllinə nə vəd edir?
– Bu barədə danışmaq çətindir. Ancaq münaqişənin hansı məqamına çatması, hansı vəziyyətə gəlməsi və onunla bağlı gündəmdə nə problemlərin qaldırılması barədə xeyli həlledici istiqamət verən hadisələr oldu. Mən belə deyərdim, 2005-ci ildən başlayaraq, – yəni İsrail qüvvələri Qəzza zolağından çıxıb oranı mühasirəyə aldı, – sanki problemin həllində struktur yaratdılar. O vaxtdan nəticəsizliyə gətirildi və problem kəskin mərhələyə daxil oldu. Bu, o deməkdir ki, problemin həllinə dair səylər nə istiqamətdə olubsa, onlar nəticəsiz mərhələylə yekunlaşıb. Durğunluq onda oldu ki, ərəb ölkələri Fələstinə görə İsraillə münasibətlərini dondurmuşdular, bir çoxu hətta İsrail vizası daşıyan pasport sahiblərinin ölkələrinə girişinə qadağa da qoymuşdu. Belə olanda normallaşma prosesi başladı, lakin Fələstin probleminin həllində nə yeni üfiqlər açıldı, nə də ümidvercii mesajlar oldu. Əksinə, Fələstin probleminin zor gücünə həllinə dair çıxışlar səsləndi, bu da Tramp administrasiyasının Qüdsün İsrailin paytaxtı adlanması bəyanatı idi. Üstəlik, Suriyanın Colan təpələrinin İsrail tərəfindən anneksiya qərarının tanınması idi. Bununla problemin həllində zor variant üzə çıxdı.
– Fələstində hər şey aydındır, bir tərəfdə mötədil Mahmud Abbas, digər tərəfdə radikal HƏMAS var. Bəs İsraildə sülhə mane olan qüvvələr kimlərdir? Hansı qüvvələrin iqtidar olması sülhün əldə olunmasını tezləşdirə bilər?
– 1947-1948-ci illərdən bəri İsraildə müəyyən ümumi prinsipləri birləşdirən, amma iki fərqli siyasi qüvvə olub. Solçu-liberal, sosial-demokratlar və sionist, millətçi prinsiplərini əsas götürüb radikallaşmadan siyasi kapital qazananlar. 7 oktyabr hadisələrilə bağlı əksəriyyət 50 il əvvəlki müharibəni xatırladırsa, mən 1993-cü ilin “Oslo sazişi”ni yada salıram. O zaman İsraildə sülhsevər qanad Fələstin rəhbərliyilə bərabər əslində ümidverici yola qədəm qoydu, nəticədə “Oslo sazişi”ni imzaladılar. Bu, əvvəla, tərəflərin tanınmasını ortaya qoydu. Çünki əvvəl İsrail FAT-ı Fələstin xalqının təmsilçisi kimi tanımırdı, FAT da İsraili dövlət kimi tanımırdı. Bu tanımadan sonra sülh danışıqları üçün zəmin yarandı və tədbirlər də görüldü. Lakin çox keçmədən İsraildəki radikallar “Oslo sazişi”ni imzalayan Rabini güllələdilər. Vəziyyətin gərginləşməsi elə bu yola üstünlük verən siyasi qüvvələrin nüfuz qazanmasına gətirdi.
– “İbrahim razılaşması” Fələstin-İsrail münaqişəsini həll etməyə imkan verirmi? Ümumiyyətlə, Yaxın Şərqdə möhkəm sülh üçün hansı addımlar atıla bilər? ABŞ-ın keçmiş və indiki mövqeyi münaqişənin həllinə kömək edəcəkmi?
–   Sualınızı iki hissəyə bölək, “İbrahimi razılaşması” dayandırıldı, amma tamamilə gündəmdən çıxarılmadı. Bu razılaşma Fələstin məsələsinə diqqətin artırılmasını nəzərdə tutsa da, əslində, məsələnin həllini məqsəd kimi qoymurdu. İndiyə qədər əlaqələrin, müzakirələrin dondurulması zamanı həmin razılaşma bu durğunluğu aradan qaldırmaq məqsədi güdürdü. Ehtimal etmək olardı ki, bu razılaşma 1967-ci il sərhədləri üzərində olan problemin həllində üfiq aça bilərdi. Lakin bu ilk addımlar, problemin həllində isə xeyli məsələ özünü gözləyirdi. Burada xüsusilə qəsəbələrin taleyi önəmlidir – 500 minə yaxın fələstinli oradan çıxarılmışdı, BMT-in qətnaməsi olsa da. Vaşinqtona gəlincə, əlbəttə, problemin həllinə kömək edə bilərdi. SSRİ dağılandan sonra ABŞ problemin həllini üzərinə götürdü, elə o vaxtdan da Vaşinqton çox cəhd etdi. Bəli, Rusiya ABŞ-ı bu siyasətinə görə təqsirləndirir ki, yəni siz bu məsələni həll edə bilmədiniz. Şübhəsiz ki, ABŞ-ın dəstəyi olmadan problemi həll etmək mümkün olmayacaq. Vaxtaşırı hərbi yola üstünlük vermək də, təhlükəsizlik ehtimalını artırırdı. Bilirsiniz, ABŞ birmənalı şəkildə İsrailin güc işlətmək haqqının arxasında dayanmasaydı, problemin başqa istiqamətdə inkişafını ehtimal etmək olardı.
– Siz söhbətimizin əvvəlində 1967-ci il hadisələrinə toxundunuz, bu gün ən çox səslənən fikir odur ki, problemin həlli üçün həmin il iki dövlətin – İsrail və Fələstinin yaradılması razılaşmasına qayıtmaq lazımdır. Hazırda real olaraq, bu, nə qədər mümkündür?
– Deməzdim ki, bu, hamı üçün qəbul olunan məsələdir. Problem ondan başladı ki, 1993-cü ildə “Oslo razılaşması“ndan sonra belə variant üzə çıxdı və ona etiraz olaraq HƏMAS təşkilatı güclənməyə başladı. Düzdür, HƏMAS 1987-ci ildə təsis edilmişdi, amma radikallaşma sonradan başladı. Bununla belə “Oslo razılaşması”nın nəticəsiz qalmasının təqsirkarı kimi İsraili hədəf almamalıyıq. Buna cavab kimi HƏMAS-ın da radikallaşmasını nəzərə almalıyıq. Odur ki, 1967-ci ilin sərhədləri üzərində tam razılıq hələ yoxdur. Görürsünüz, məsələnin həlli təxirə salındıqca, vəziyyət o qədər gərginləşir ki, əvvəl-axır hansısa kompromis üzərində dayanmaq məcburiyyəti yaranır.
– Mənə elə söhbətimizin o müstəvisinə gəlmək istərdim, qalıcı sülh üçün klassik qələbə lazımdır, yəni tərəflərdən biri mütləq məğlub olmalıdır, yoxsa anlaşma ehtimalları hələ qalır?
– Hələlik təəssüflə demək lazımdır ki, vəhşicəsinə qətlə yetirilmişlərin hadisəsi İsrail cəmiyyətində elə atmosfer yaradıb ki, onlar “ancaq qələbə barədə düşünmək lazımdır” deyirlər. Və qələbədən sonra nə olacaq barədə düşünməmək hissi də var. Mən ictimai fikirdən danışıram. Siyasətçilərlə bağlı isə nəsə ehtimal etmək olar, amma indiyə qədər yerüstü əməliyyatın baş tutmamasının bəlkə səbəblərindən biri odur ki, proses bitəndən sonra nə olacaq sualına ümumi cavab yoxdur. Güman ki, ABŞ-ın İsrailə təsir göstərməsinin səbəbi bu istiqamətdə tam aydınlıq görə bilməmələridir. Yəni İsrail hökumətini 1967-ci il sərhədlərinə dəstək verməsinə inandıra bilmirik. Bu, daxili vəziyyətin necə olacağından, yeni siyasətçilərin və qüvvələrin meydana çıxıb təşəbbüsü öz üzərlərinə götürməsindən asılıdır. İndiki Netanyahu hakimiyyəti və onun ritorikasını nəzərə aldıqda, bu barədə qəti fikir səsləndirmək çətindir.
– Ancaq Qəzzanın kiçik bir yer olduğunu götürsək, orada hərbi əməliyyat keçirmək çox çətindir…
–  Onu hərbçilər deyə bilər, düzdür, ərazi kiçik olduğundan böyük insan itkisinə gətirər. Vəziyyət o həddə çatıb ki, İsrail deyir ki, fələstinliləri köçürün, mən əməliyyatımı keçirim. Ancaq köçürmə həmin ərazilərin boşalması deməkdir.
– O zaman etnik təmizləmə ifadəsini səsləndirmək olarmı?
– Əlbəttə. Siz onu siyasi baxımdan etnik təmizləmə adlandıra bilərsiniz. Bu, o deməkdir ki, torpaqlar boşalır. Əgər 1947-1948-ci illərdə 100 minlərlə fələstinli bölgədən köçürüldüsə, indi növbəti dalğa olacaq. Bəlkə daha irimiqyaslı və bu, problemin həlli kimi düşünülür. Ancaq dünya ictimaiyyətində fərqli yanaşma var. Yəni bu, etnik təmizləmə qoxusu yox, mahiyyəti ola bilər.
– Yekunda ən çox vurğulanan və konspirasiyaya səbəb olan mövzuya toxunmanızı istərdim, ingilislərin bu münaqişədəki rolu… Böyük Britaniya həqəqətənmi münaqişənin bu vəziyyətə çatmasında əsas günahkardır? Ümumiyyətlə, hazırkı vəziyyətə gətirən hansı səbəblər oldu?
– Bu, artıq yeni söhbətə əsas verən suallar olur. Böyük Britaniya problemin yaranmasında nə qədər təqsirkardır? Əvvəla, Böyük Britaniya təşəbbüs göstərib, yəni Balfur deklarasiyası ilə. O zamankı əhali sayına baxsaq, səhv etmirəmsə, 35 min yəhudi yaşayırdı, kifayət qədər də sülh şəraitində. İkinci, Rusiyada yəhudilərə qarşı basqınlar nəticəsində Osmanlı imperiyası onların Fələstində yerləşməsinə imkan verirdi. Onlar da ortodoks yəhudilər idi ki, dövlət barədə düşünmürdülər. İndi də onlar müsəlmanlarla sülh içində yaşamağı və xilaskarın gəlişinə qədər dövlət yaratmamağı üstün götürürlər. Ancaq Böyük Britaniya, Fransa və digər dövlətlər yəhudilərin köçünə dəstək versələr də, yerli əhalinin qanunlarının pozulmaması şərtini əsas götürürdülər. Bununla belə, köçlər başlayandan sonra gərginlik də artırdı və bu, yerli əhaliylə idi. Söhbət ötən əsrin 30-40-cı illərindən gedir ki, proses Britaniya mandatıyla nizamlanırdı. Yəni bütün Avropa ölkələri yəhudilərin köçünü təkid etsə də, rəsmi London gərginliyin azalması üçün köçlərin məhdudlaşması siyasəti aparırdı. Nəticədə yəhudi əhalisi ilə də konflikti yarandı. Ondan sonra rəsmi London problemin həllində imkansız olduğunu etiraf edib məsələni BMT-yə ötürdü. İndi biz burada günah, yoxsa siyasi səhvlərmi görürük, mən hökm vermək istəmirəm. Ola bilsin, xoş məramlar olduğu halda, ərəblərin haqlarının təmin edilməməsi halında belə bir konflikt yarandı. Mən tərəfləri günahlandırmazdım. Amma siyasətdə ümumiyyətlə süni, kənardan götürülmüş, yerli vəziyyəti nəzərə almadan, ordakı inkişafın qanunauyğunluqlarına riayət edilmədən zorla tətbiq olunan siyasi yolların gərginlik gətirəcəyinə inanıram. Gərək, tərəflərin hərtərəfli iştirakıyla sülh proses olaydı, amma təəssüf ki, bu, vaxtında olmadı.

Ana səhifəXəbərlərFərda Əsədov: “Vəziyyət o həddə çatıb ki, İsrail deyir, fələstinliləri köçürün, mən əməliyyatımı keçirim”