close

Şahramanyan: “Həmin vəziyyətdə məqsədimiz insanların həyatını xilas etmək idi”

Samvel Şahramanyan. Foto: “armeniatoday.news”

Keçmiş “prezident” “respublika”nı buraxmasından danışıb

Oktyabrın 28-də özünü buraxmış separatçı “Dağlıq Qarabağ”ın “keçmiş prezidenti” Samvel Şahramanyan “Artsax İctimai Televiziyası”na müsahibə verib. Samvel Şahramanyan deyib ki, Azərbaycan sentyabrın 19-da hərbi əməliyyatlara başlayandan sonra onlar tək olduqlarını başa düşüb:

“Rusiya tərəfi müşahidəçi statusunda idi”.

Mən Azərbaycan tərəfinin bizimlə işləyən məsul şəxslə əlaqə saxladım və “Artsax”da (Dağlıq Qarabağ-red) danışıqlara hazır olduqları başqa bir namizədin olub-olmadığını və bu müddət ərzində döyüşləri daha əvvəl dayandırmağın mümkün olacağını öyrənməyə çalışdım. Çünki “Artsax”da Samvel Babayan, yoxsa Vitali Balasanyan danışıqlar aparan şəxs kimi daha məqbul namizəd ola biləcəyi ilə bağlı müzakirələr gedirdi. Ancaq Azərbaycan tərəfindən mənfi cavab aldım”, – deyə Samvel Şahramanyan bildirib.

S.Şahramanyan daha sonra vurğulayıb ki, Azərbaycan ordusu artıq Stepanakertin (Xankəndi) yaxınlığında olanda hərbi əməliyyatı dayandırmaq üçün danışıqlara başlayıblar:

Bakının göndərdiyi ilk sənədi qəbul etmədik. Ancaq danışıqlardan sonra biz sənəd qəbul etdik. Sənədə əsasən “Silahlı Qüvvələr” buraxılacaq və silahlar təhvil veriləcəkdi”.

Samvel Şahramanyan əməliyyat başlanan zaman Ermənistan rəhbərliyi ilə əlaqə saxladıqlarını təsdiqləyib:

Bəzi məsələləri müzakirə etdik, bəzi məsələləri müzakirə etmək mümkün olmadı, çünki heç bir əlaqə yox idi. Səbəb də əməliyyat zamanı internetin çox zəif olması idi, Ermənistanla rabitə xətti praktiki olaraq kəsilmişdi”.

Ermənistanın “Artsax”ın nəyi imzaladığından xəbəri var idi və biz rəsmi Yerevanla bu sənədlərlə bağlı mümkün təhlükələri müzakirə etdik. Həmin vəziyyətdə məqsədimiz insanların həyatını xilas etmək idi”.

Samvel Şahramanyan sentyabrın 25-də Xankəndi yaxınlığında yerləşən yanacaqdoldurma anbarında baş verən partlayış haqda da danışıb. O, partlayışın “Müdafiə Ordusu”nun təcili ehtiyat anbarında olduğunu deyib:

Anbardakı yanacaq istifadə olunmayıb və döyüş əməliyyatları zamanı istifadə üçün nəzərdə tutulub. Partlayış əsas təhlükəsizlik qaydalarına əməl edilməməsi, insanların anbardan yanacağı özbaşına çıxarması səbəbindən baş verib”.

Samvel Şahramanyan hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində araşdırma aparıldığını bildirib.

Partlayış zamanı 170 nəfər ölmüşdü.

Sentyabrın 28-də Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

 İkinci Qarabağ münaqişənin qısa xronikası

 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətŞahramanyan: “Həmin vəziyyətdə məqsədimiz insanların həyatını xilas etmək idi”