close

Gənc politoloq Bəhruz Səmədov saxlanılıb

Foto: Bəhruz Səmədovun şəxsi arxivindən

Nənəsinə zəng edən vəkil onun dövlət əleyhinə məqalələr yazmaqda şübhəli bilindiyini deyib

Xarici mediada Azərbaycandakı idarəçilikdə bağlı tənqidi məqalələrin müəllifi, gənc politoloq Bəhruz Səmədovun avqustun 21-də günorta saatlarında saxlandığı bildirilir. Bu barədə nənəsi Zibeydə Osmanova məlumat verib.

O bildirib ki, avqustun 21-də saat 16.00-17.00 arası yaşadıqları evə 6-7 nəfər mülki geyimli şəxs gəlib. Onlar özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim ediblər. Deyiblər ki, evdə axtarış aparmalıdılar.

Nənəsi deyir ki, Bəhruz Səmədov hadisədən təxminən yarım saat əvvəl evdən çıxmışdı. O, dostu ilə görüşməyə getdiyini demişdi:

Gələnlər dedilər ki, guya narkotik məsələsi var, bununla əlaqədar axtarış aparacaqlar. Amma Bəhruzu gətirməmişdilər. Əlbəttə ki, evdən narkotik tapmadılar. Bizim evdə narkotik ola bilməz. Amma Bəhruzun kompüterlərini, telefonu, Bəhruza aid nə sənəd varsa, apardılar”.

Nənəsinin bildirdiyinə görə, götürülən sənədlər arasında Bəhruz Səmədovun pasportu, Azərbaycanda və xaricdə təhsil aldığı universitetlərin diplomları və s. olub.

Zibeydə Osmanova əlavə edib ki, evdəki axtarışdan bir neçə saat sonta özünü Vəfa adlı vəkil kimi təqdim edən şəxs ona zəng edib və nəvəsinin tutulduğunu deyib. Zəng edən şəxs bildirib ki, Bəhruz Səmədov dövlət əleyhinə məqalələr yazmaqda şübhəli bilinir. İddia edib ki, onun telefonundan Qarabağ münaqişəsilə bağlı yazışmalar aşkar edilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Bəhruz Səmədovun nənəsinə zəng edən şəxs 12 saylı vəkil bürosunun üzvü Vəfa Mehdiyeva olub. Onunla əlaqə saxlayıb, gənc fəalın hansı maddə ilə şübhəli şəxs qismində saxlandığını dəqiqləşdirməyə çalışsaq da, o, telefon zənglərinə cavab verməyib.

Zibeydə Osmanova nəvəsinin elmi araşdırmalarla məşğul olduğunu, istər narkotik, istərsə də başqa cinayət xarakterli işlərdən uzaq olduğunu deyir. Onun sözlərinə görə, Bəhruz Səmədov Çexiyada Karlov Universitetində doktoranturada oxuyur. O, təxminən bir ay əvvəl tətilə gəlib və bugünlərdə geri qayıtmalı idi.

Bəhruz Səmədov Azərbaycanda müharibə əleyhinə olan gənc fəallardan biridir.

DTX-dan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətGənc politoloq Bəhruz Səmədov saxlanılıb