close

İtkin düşdüyü bildirilən hərbçinin dayısı: “Ermənilərə əsir düşüblər”

Foto: Zef art/Shutterstock

Müdafiə Nazirliyi isə hərbçilərin əlverişsiz hava şəraitində azdığını deyir

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun yolu itirərək azdığı bildirilir.

Bu barədə aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nazirlik hərbçilərin kimliyinə aydınlıq gətirməsə də, onların axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü əlavə edib.

Meydan TV-nin araşdırması nəticəsində məlum olub ki, hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov aprelin 5-də itkin düşüb.

Hərbçilər sağda Aqşin Bəbirov və solda Hüseyn Axundov

Aqşin Bəbirovun dayısı Yaşar Musayev Meydan TV-yə deyib ki, hərbçilər aprelin 5-də Ermənistan ordusuna əsir düşüblər:

“Bizə 5 gün əvvəl, aprelin 5-də axşam hər iki hərbçinin postda yoxa çıxdığını demişdilər. Məlumat alanda rəsmi qurumlar itkin düşdüklərini söylədilər, onda cavab verdik ki, Naxçıvan kiçik yerdir, bəs niyə tapılmır. Sadəcə, dedilər ki, narahat olmayın, oğlunuz yaşayır”.

Yaşar Musayev hərbçilərin əsir götürülməsi haqda video material əldə etdiklərini də deyib.

O, hazırda hərbçilərin valideynlərinin Müdafiə Nazirliyində olduğunu bildirib.

Aqşin Bəbirov Suraxanı, Hüseyn Axundov isə Lənkəran rayonundan hərbi xidmətə çağırılıblar.

Onlar 1 ilə yaxındır ki, hərbi xidmətdədirlər.

Ermənistan Müdafiə Nazirliyi yayılan məlumatı təsdiqləyib.

Ancaq Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin aprelin 10-da saat 01:00-02:00 radələrində saxlanıldığını qeyd edib.

Ana səhifəSiyasətİtkin düşdüyü bildirilən hərbçinin dayısı: “Ermənilərə əsir düşüblər”