close

German Marshall Fondunun ölkə üzrə məsləhətçisinin bank hesabına həbs qoyulub

Foto: Mehriban Rəhimovanın şəxsi arxivindən

Mehriban Rəhimli “Kanal 13”-lə əlaqəsi olmadığı halda, bu işə görə şəxsi hesabına həbs qoyulduğunu deyir

Son zamanlar Azərbaycanda jurnalistlərə, ictimai fəallara açılmış cinayət işləri çərçivəsində şahid qismində dindirilən, yaxud həmin insanların yaxınlarının bank hesablarına həbs qoyulur. German Marshall Fondunun (GMF) ölkə üzrə məsləhətçisi Mehriban Rəhimli də bu gün bank hesabına həbs qoyulduğunu açıqlayıb. Onun sözlərinə görə, həbs qoyulan şəxsi bank hesablarıdır:

“Həbs “Kanal 13”-ün rəhbəri Əziz Orucova qarşı açılan cinayət işi çərçivəsində qoyulub. Mənim bu işə yaxından-uzaqdan nə aidiyyatım var? Başa düşmürəm. 2018-ci ildən bəri media proqramlarımız da yoxdur ki, deyim bəlkə təmsilçisi olduğum GMF-nin mümkün dəstəyinə görədir. Lap dəstəyi olsaydı belə, bunun mənim şəxsi hesablarıma nə aidiyyatı var?!”.

Mehriban Rəhimli bildirib ki, hökumətə yaxın dostlarının ehtimalına görə qərar siyasi deyil:

Tamam, o zaman belə anlaşılır ki, bizim dövlət bildiyimiz, uğrunda çalışdığımız məfhum hansısa ərköyün bir istintaqın əlində oyuncaqdır? Əslində mənə lap əcəb edirlər. Son illər qayəm ancaq o olub ki, şəffaflıq və qanun naminə ölkənin vətəndaş cəmiyyətinə xaricdən dəstək tam leqal xarakter daşısın, maliyyə Azərbaycandakı tərəf müqabillərimizin bank hesablarına gəlsin, onlar vergi ödəyicisi olsunlar, sosial ayrımları vaxtında etsinlər ki, gələcəkdə pensiyaları olsun və s. Bu da “sağ ol”um. Keçən dəfə vətəndaş cəmiyyətinə işlər təşkil olunanda ailəm və özüm çox təhdid olunduq. Tərəf müqabillərimizə və ümumilikdə sivil topluma daha çox zərbə dəyməsin deyə bunların heç birini ictimailəşdirmədim, bu mövzularda publik fəaliyyətim çox olmadı. Bu dəfə yəqin başqa münasibət lazım olacaq”.

Rəsmi qurumlardan məsələ ilə bağlı açıqlama verilməyib.

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun ailə üzvlərinin bank hesablarına da həbs qoyulub. Həyat yoldaşı Lamiyə Əzizova deyir ki, həm onun bank kartı, həm də anasının pensiya kartı bloklanıb.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun evində və kanalın ofisində axtarış aparılıb.

“Kanal 13” rəhbərinə qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb. İttihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib. Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib. Əziz Orucov isə bu ittihamların absurd olduğunu bildirib, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirib. O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

“AbzasMedia” ilə bağlı həbs olunanlar – direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalının özlərilə yanaşı, onların yaxınlarının və bu cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin də bank hesablarının, əmlaklarının üzərinə həbs qoyulub, ölkədən çıxışı məhdudlaşdırılıb. Həmçinin onların vergi ödənişləri və pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim edilməsi haqda qərar qəbul edilib.

Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, hesablara həbs qoyulmasına qanunvericilik yol vermir.

Hüquqşünas Səməd Rəhimli də bildirib ki, məhkəmə qərarını əsaslandırmayıbsa, demək, qanun pozuntusuna yol verib.

Səməd Rəhimli
Səməd Rəhimlinin şəxsi arxivindən

“Cinayət-Prosessual Məcəlləsinin 248-ci maddəsinə görə, ilkin sübutlar olduğu hallarda barəsində cinayət təqibi aparılan şəxsin, onunla əlaqəli üçüncü şəxslərin, o cümlədən onun yaxınlarının bank hesablarına məhdudiyyət qoyula bilər. Belə olan halda, əmlak üzərinə həbs qoyulması və yaxud da bank hesabının dondurulması məsələləri üçün ən azından müəyyən bir əsaslı şübhə olmalıdır. Varsa, əsaslandırılmalıdır, yoxdursa, istintaqın vəsatətlərini rədd etməlidir”. 

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə ötən il noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “AbzasMedia”nın ofisində axtarışlar aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ardından noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı Hafiz Babalı, ardınca, yanvarın 15-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir. Həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Ana səhifəSiyasətGerman Marshall Fondunun ölkə üzrə məsləhətçisinin bank hesabına həbs qoyulub