close

Qarabağ qaçqınları Ermənistan vətəndaşlığına deyil, ödənişlərə və müavinətə üstünlük veriblər

Qarabagdan köc. Foto: Meydan TV

“Qarabağa qayıtmağı düşünmürük, – dünya ictimaiyyətinin ikili standartlardan imtina edəcəyinə və gerçəkdən Azərbaycanla Rusiyaya təzyiq göstərəcəyinə inanmırıq”

“Kavkaszski uzel”in materialı

Dağlıq Qarabağdan olan məcburi köçkünlərin Ermənistanda aldıqları qaçqın statusu onlara müavinət və digər sosial yardım almaq hüququ verir. Adamlar Ermənistan vətəndaşlığı aldıqdan sonra bu cür dəstəkdən məhrum olmaqdan qorxurlar.

Hüquq müdafiəçisi Artak Beqlaryan məsələyə aydınlıq gətirib. Hakimiyyət bildirir ki, Qarabağ erməniləri vətəndaşlıq aldıqdan sonra da qaçqınlar üçün nəzərdə tutulmuş imtiyazlara malik olacaqlar.

“Kavkazski uzel”in yazdığına görə, 2023-cü ilin noyabrında polis müvəqqəti müdafiə statusu almış Qarabağ qaçqınlarından vətəndaşlığa ərizələrin qəbuluna başlayıb. İki ay ərzində 100 min Qarabağ qaçqınından yalnız 735-i erməni vətəndaşlığı almaq üçün ərizə verib. 53 mindən çox köçkün müvəqqəti müdafiə barədə şəhadətnamə alıb ki, bu da qaçqın statusuna bərabərdir.

7 oktyabr 2023-cü ildə Dağlıq Qarabağdan Ermənistana 100 632 məcburi köçkün gəldiyi bildirilir. Qaçqınların sosial məsələləri ilə Ermənistan hökuməti məşğul olur. Köçkünlər mehmanxana və pansionatlara yerləşdirilir, hər birinə 100 min dram məbləğində (250 dollara yaxın) birdəfəlik yardım və altı ay ərzində hərəsinə kommunal ödənişlər üçün aylıq 10 min dram (25 dollar) verilir.

Ermənistan DİN Dağlıq Qarabağdan olan və qaçqın statusu almaq istəyən məcburi köçkünlərin ərizələrinə baxmağa davam edir. Müraciət edənlərin yarısından çoxu artıq müvəqqəti müdafiə statusunu alıb. Daha 40 minə yaxın ərizə baxılma mərhələsindədir, “Kavkazski uzel”ə qurumdan belə deyiblər.

DİN-dən deyiblər ki, məcburi köçkünlər yanvarın 28-dən etibarən xaricə səfər edərkən pasportla birgə müvəqqəti müdafiə sənədini də təqdim etməlidirlər (Dağlıq Qarabağ sakinləri 070 xüsusi şifrəsi olan pasporta malikdirlər ki, bu da rəsmi Yerevanın açıqlamasına görə, onlara sadəcə yol sənədi qismində verilib, yəni bu sənəd vətəndaşlığı təsdiqləmir, – “Kavkazski uzel”in qeydi).

“Yanvarın 28-dək pasport yetərlidir, amma əgər vətəndaş qaçqın statusu alıbsa, o zaman şəxsiyyəti təsdiqləyən sənəd – Ermənistanın göy rəngli pasportunu və müvəqqəti müdafiə statusunu təsdiqləyən sənəd təqdim etməlidir”, – qurumun əməkdaşı məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, qaçqın statusu (müvəqqəti müdafiə) Dağlıq Qarabağ əhalisinin reyestrində qeydiyyatda olanlara təqdim edilir. Onu son qeydiyyat ünvanı Dağlıq Qarabağda olanlar və hələ yeni yerdə qeydiyyatdan keçməyənlər, həmçinin məcburi köçürülmə nəticəsində Ermənistan DİN Miqrasiya və Vətəndaşlıq Xidmətində qeydiyyatdan keçənlər ala bilərlər.

“Başqa ölkənin vətəndaşlığına malik olanlara müvəqqəti müdafiə statusu verilmir”, – Ermənistan DİN Miqrasiya və Vətəndaşlıq Xidmətində qeyd ediblər.

Xidmət nümayəndəsi bildirib ki, Qarabağ qaçqınlarına verilən müvəqqəti müdafiə statusu təkcə Ermənistanda deyil, həm də onun hüdudlarında qüvvədədir.

“Ermənistan Respublikasının “Qaçqınlar və sığınacaq haqqında” qanununa əsasən, məcburi köçkünlər faktiki olaraq qaçqın sayılırlar, beynəlxalq konvensiya mexanizmlərindən faydalanır və beynəlxalq müdafiə altında olurlar”, – o deyib.

Qaçqınlar, demək olar ki, ölkə vətəndaşlarının malik olduğu bütün hüquqları əldə ediblər. Onlar təkcə seçmək və seçilmək hüququna malik deyillər, həmçinin dövlət qulluğunda işləyə bilməzlər. Qaçqınlar seçkilərin keçirildiyi yerdə icmada bir illik qeydiyyatdadırlarsa, yerli özünü idarə orqanlarına seçkilərdə iştirak edə bilərlər.

“Qaçqınlar həmçinin orduda xidmət etmirlər, lakin status onlara qaçqınlar üçün nəzərdə tutulmuş sosial dəstəkdən, o cümlədən təqaüd və müavinətdən faydalanmağa imkan verir. Məcburi köçkünlər Ermənistan vətəndaşlığı aldıqları təqdirdə bütün humanitar proqramların benefisiarları olaraq qalır və ölkə Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə edə bilərlər”, – qurumun mətbuat xidmətində qeyd ediblər.

O cümlədən DİN-də bildiriblər ki, “məcburi köçkünlərin əmlak hüquqlarının vətəndaşlıq və ya qaçqın statusu ilə heç bir əlaqəsi yoxdur, odur ki, köçkünlər beynəlxalq məhkəmələrə və tribunallara müraciət edə və itirdikləri ev və əmlaka görə güzəşt tələb edə bilərlər”.

“Ermənistan vətəndaşlığına malik olan qaçqın dövlət müəssisəsində və ya hökumətdə işə düzələ bilər”, – Ermənistan Əmək və Əhalinin Sosial İnkişaf Nazirliyində qeyd ediblər.

“Qaçqınlar əllərində olan sənədlə işə düzələ bilərlər. Ermənistan vətəndaşlığının zəruri olduğu iş yerləri istisna təşkil edir”, – nazirliyin nümayəndəsi “Kavkazski uzel”ə deyib.

“Köçkünlərin Ermənistan vətəndaşlığı almaq istəməmələrinin səbəbi adamların Ermənistan hökumətinin maliyyə yardımından məhrum olmaq qorxusudur”, – hüquq müdafiəçisi, ictimai xadim Artak Beqlaryan “Kavkazski uzel”ə söyləyib.

O həmçinin qeyd edib ki, qaçqın və ya Ermənistan vətəndaşlığı statusu alan Dağlıq Qarabağ vətəndaşları müavinətdən və Dağlıq Qarabağdakı əmlaklarından məhrum olmayacaqlar, hətta vətəndaşlıq aldıqdan sonra belə, onların əlində qaçqınlıq statusunu təsdiqləyən sənəd qalacaq.

“Dağlıq Qarabağ vətəndaşları Ermənistandan gedə və gələ bilərlər, onların bu hüquqları məhdudlaşdırılmayıb”, – Beqlaryan əlavə edib.

“Ermənistan hökumətinin Qarabağ köçkünlərinə münasibətdə qərarı Konstitusiyaya ziddir. Belə ki, qarabağlıların faktiki olaraq erməni pasportları var, lakin onlar indi Ermənistan ərazisində yaşaya-yaşaya siyasi hüquqlardan məhrumdurlar”, – ictimai xadim, informasiya təhlükəsizliyi üzrə ekspert Karen Vrtanesyan belə hesab edir.

“Bu, həmçinin Ermənistanın beynəlxalq öhdəliklərini pozur, belə ki, Ermənistan beynəlxalq konvensiyalara qoşulub, həmin konvensiyaya görə, iştirakçı ölkələr dünyada vətəndaşlığı olmayan şəxslərin sayının artmaması üçün əlindən gələni etməlidir”, – Vrtanesyan “Kavkazski uzel”in müxbirinə deyib.

Ermənistan hökuməti Qarabağdan olan köçkünlərə təqaüd və yardım almaq imkanı verib, lakin onlar bunları almaq üçün Ermənistanda hər hansı bir ünvanda qeydiyyatdan keçməlidirlər. Dağlıq Qarabağdan olan məcburi köçkünlər prosesin qeydiyyat məntəqələrindəki böyük növbələrlə qəlizləşməsindən şikayətlənirlər.

Dağlıq Qarabağdan olan köçkün, Stepanakertin (Xankəndi) keçmiş sakini Arşak Poqosyan öz ailəsi və digər qohumları ilə Ermənistanın Syunik vilayətindəki yaşayış məntəqəsində məskunlaşıb. O, şəxsi maşınında sərnişin daşımaqla pul qazanır, arvadı sifarişlə şirniyyat bişirir. Onlar üç uşaqları ilə birgə kirayə tutduqları iki otaqlı mənzildə yaşayrlar.

“Arvadımla hələ dekabr ayında qaçqın statusu almaq üçün sənəd vermişik. Yanvarın 25-i müvəqqəti yaşayış möhürü olan pasportu və qaçqın statusu haqqında sənədi götürməliyik. Oğlumun artıq 17 yaşı olduğu üçün nə istədiyinə o özü qərar verməlidir. O, bir ildən sonra orduya getmək istəyir, odur ki, Ermənistan vətəndaşlığı almaq istəyir, amma mən ona qərar verməkdə tələsməməyi, bir az da gözləməyi təklif etmişəm. Qalan uşaqlarım bizim kimi qaçqındır”, – Poqosyan “Kavkazski uzel”ə deyib.

O əlavə edib ki, ailəsi yalnız noyabr ayı üçün nəzərdə tutulmuş bütün sosial ödəmələri alıb.

“Dekabr ayında hələ almamışıq. Deyirlər ki, yanvarın 20-dən sonra köçürəcəklər. Bu yardım olmasa, ac qalardıq. Hətta bəlkə başımızın üstündə dam da olmazdı, çünki Ermənistanda maaş aşağı, kirayə haqqı və digər şeylər çox bahadır”, – o söyləyib.

Dağlıq Qarabağın Martuni rayonundan (Xocavənd) olan, hazırda Masis şəhərində yaşayan təqaüdçü Nairi Ayrapetyan deyib ki, onun qaçqın statusunu seçməkdə məqsədi təqaüdünü tez ala bilməsi olub.

“Mən hansı statusun daha yaxşı olduğunu düşünmürdüm, mən düşünürdüm ki, təqaüd ala bilmək üçün tez sənədləri qaydasına salmalıyam. Növbədə saatlarla dayandığımı nəzərə almasaq, qaçqın statusu almaq mənə daha rahat göründü. Əvəzində dekabrın sonunda təqaüdümüz hesabımıza köçdü və arvadımla mən rahat nəfəs aldıq, üstəlik arvadım məktəbdə öz peşəsi üzrə işə düzəldi. Bir də dekabr ayında ailəmizin hər üzvü 40+10 min dram məbləğində yardım aldı. Kirayə haqqını verə və zəruri dərmanları ala bildik”, – yaşlı kişi “Kavkazski uzel”in müxbirinə danışıb.

Stepanakertin (Xankəndi) keçmiş sakini Elmira Sarqsyan etiraf edib ki, ailəsi təqaüdü və maddi yardımı rahat ala bilməsi üçün tez bir zamanda qaçqın statusunu qeydiyyatdan keçirməyə çalışıb. Amma ola bilsin ki, gələcəkdə Ermənistan vətəndaşlığı almaq üçün müraciət edəcək.

“Hələ ki təqaüd və müavinət problemini bu cür həll etmişik, ailəmizdə iki təqaüdçü və bir əlil var. Uşaqlar hələ tələbədirlər, amma onlar işləmək istəyəndə hansı statusda olacaqlarına qərar verəcəklər. Qarabağa qayıtmağı düşünmürük, – dünya ictimaiyyətinin ikili standartlardan imtina edəcəyinə və gerçəkdən Azərbaycanla Rusiyaya təzyiq göstərəcəyinə inanmırıq. Bircə ona ümid edirik ki, Ermənistan hökuməti yaşayış məsələsini həll edə biləcək proqram işləyib hazırlayacaq”, – qadın “Kavkazski uzel”in müxbirinə deyib.

O əlavə edib ki, ailə üzvləri qaçqın statusuna sənəd vermək üçün dekabr ayı boyu növbələrdə dayanıb, indi isə artıq hazır möhürlü sənədi əldə etmək üçün yenidən növbədə dayanmalıdır.

“Ümid edirəm, tezliklə insanların sayı azalacaq və biz öz pasportumuzu ala biləcəyik”, – o deyib.

Ana səhifəXəbərlərQarabağ qaçqınları Ermənistan vətəndaşlığına deyil, ödənişlərə və müavinətə üstünlük veriblər