close

Hakim intihardan əvvəl məmurların adı keçən məhkəmə işinə baxıb

İlqar Dadaşov. Foto: “supremecourt.gov.”

Məhkəmə işində Eldar Mahmudov, Kəmaləddin Heydərov, Cahangir Hacıyev və Şahmar Vəliyevin adı hallanır

Nizami rayonu ərazisində, 8-ci kilometr adlanan ərazidəki 5 mərtəbəli “Diqlas” ticarət mərkəzi və ona bitişik “Çin bazarı”nın yanmasından 5 ildən çox vaxt keçir. Yüksək vəzifəli bir neçə məmur və onların ailə üzvlərinin şərikli sahib olduqları bu ticarət mərkəzi yanğından 4 ay sonra – 2019-cu ilin iyulunda tamamilə sökülsə də, obyektlə bağlı qalmaqal hələ də davam edir.

Məlum olub ki, Ali Məhkəmənin hakimi, aprelin 27-də yaşadığı evdə özünü asaraq intihar etdiyi bildirilən İlqar Dadaşov ölümündən bir müddət əvvəl “Diqlas” Ticarət Mərkəzi ilə bağlı məhkəmə işinə baxaraq, onunla bağlı qərar verib. Bu məhkəmə mübahisəsində “Diqlas”la “Azsığorta” arasında 400 min manatdan çox pul tələbilə bağlı qalmaqaldan bəhs olunur.

“Diqlas”la bağlı qalmaqalda üzdə görünməsələr də, bir çox yüksək vəzifəli məmurların adı keçir.

Öncə ondan başlayaq ki, ticarət mərkəzinin tikintisi 2008-ci ildə başlayıb və 2010-cu il martın 3-də “Diqlas-1” MMC kimi, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına dövlət qeydiyyatından keçib. Rəsmi sənəddə şirkətin təsisçisi və qanuni təmsilçisi olaraq Anar Mahmudovun adı göstərilib.

Anar Mahmudov 2012-ci ildə ticarət mərkəzinin paylarının yarısını Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevə verib. Yada salaq ki, Cahangir Hacıyev Anar Mahmudovun qayınatasıdır. Sabiq nazir oğlu onun qızı ilə ailə qurub.

Bir müddət sonra Cahangir Hacıyev “Diqlas”dakı payını “Texnikabank”a girov qoyaraq, kredit götürüb. 2015-ci ildə Cahangir Hacıyevin vəzifədən azad edilməsi, ardınca həbs olunmasıyla maliyyə durumu pisləşib. Beləliklə, kreditin ödənişində də problemlər yarandığına görə Cahangir Hacıyevə aid hissə “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin sərəncamına keçib. 2016-cı ildə “Texnikabank” müflis olandan sonra isə həmin səhmlər bankda batan əmanətinin əvəzinə Şahmar Vəliyevə verilib. Söhbət Hərbi prokuror Xanlar Vəliyev və Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdən gedir.
Şahmar Vəliyev “Diqlas” MMC-yə Rasim Məmmədov adlı şəxsi direktor təyin edib. Ona aid hissənin idarəçiliyi Rasim Məmmədova tapşırılıb.

Anar Mahmudova aid hissənin idarəçiliyi isə Araz Rəhimov adlı şəxsə həvalə olunub, onun adına “Diqlas-2” MMC təsis olunub.

Eldar Mahmudovun adından etibarnamə əsasında qaynı Fərhad Məlikov çıxış edirdi. “Diqlas-1” MMC-nin rəsmi şəkildə təsisçisi Anar Mahmudov idi. Mən “Diqlas-2” MMC yaratmışdım. Mənim “Diqlas-1” şirkətini idarə etməyim barədə müqavilə imzalamışdıq. Halbuki, faktiki mən Anar Mahmudovun işçisi idim, onlardan maaş alırdım. Mən birbaşa Fuad Hacıyev və Vahid Vəliyevlə işləyirdim. Onları mənə Eldar Mahmudovun yaxın adamları kimi təqdim etmişdilər”, – bu, yanğından sonra 3 ildən çox davam edən istintaq və məhkəmə proseslərində dindirilmiş Araz Rəhimovun ifadəsində dedikləridir.

Onun sözlərinə görə, “Diqlas” ticarət mərkəzinə bitişik “Çin bazar” adlanan ticarət sahəsi fəaliyyət göstərirdi. Amma onun “Diqlas”a aidiyyəti yox idi. Araz Rəhimov bildirib ki, “Çin bazarı” “Premium Qrup” MMC-nin təsisçisi Zaur Əmirova məxsus idi:

2012-ci ildə sahibkarlardan “şapka” yığıldı, “Çin bazarı”na bitişik “naves” tikildi, alver üçün istifadəyə verildi. “Cin bazarı”nın “Diqlas”a bitişik divarı da söküldü və birgə fəaliyyət göstərməyə başladılar. Bundan bir qədər sonra Cahangir Hacıyev “Diqlas”dakı payını “Texnikabank”a girov qoyub, kredit götürdü”.

26 mart 2019-cu ildə baş vermiş yanğının səbəblərini araşdıran istintaq belə nəticəyə gəlib ki, yanğın “Çin bazarı”ndakı dönərxanadan başlayıb. Yanğına görə, elektrik montyoru Nizami Fətullayev cinayət məsuliyyətinə cəlb edildi. O, Şahmar Vəliyevin “Diqlas” MMC-yə direktor təyin etdiyi Rasim Məmmədovun işçisi idi.

Nizami Fətullayevə Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham verilib. Cinayət işinin materiallarında iddia olunur ki, yanğın nəticəsində 384 nəfər icarəçiyə 26,5 milyon manatdan çox ziyan dəyib. Onların icarə əsasında işlətdikləri mağazalarda 26 milyon 511 min 289 manat dəyərində tikinti, elektrik, yüngül sənaye, təsərrüfat və s. malları yanaraq, yararsız hala düşüb.

Nizami Fətullayev isə özünü təqsirli bilmir. Məhkəmədə də deyib ki, yanğın elektrikə görə olmayıb. Onun sözlərinə görə, “Diqlas” ticarət mərkəzi səhər saat 9:00-da açılır. Yanğın isə iş saatı başlamamış, elektrik xətləri qoşulmamış – saat 08:05-də baş verib:

İşıq olmayan yerdə yanğın baş verə bilməzdi. Dönərxanada yanğın qazdan baş verib. Anatolinin verdiyi ifadə də təsdiq edir ki, yanğın baş verən zaman bütün işıqlar sönülü vəziyyətdə olub”.

Nizami Fətullayev bəraət istəsə də, Nizami Rayon Məhkəməsinin hökmü ilə ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay cəza verilib.

Yanğından sonra istintaqın gedişində Nizami Fətullayevlə yanaşı, ticarət mərkəzinin idarəçiləri – Rasim Məmmədov, Araz Rəhimov, Zaur Əmirov haqqında da cinayət işi başlanıb. Lakin sonradan bu şəxslər haqqında cinayət işinə xitam verilib.

Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini olmuş Rövşən İsmayılov da “Diqlas”dakı yanğınla bağlı istintaqda dindirilib. O, vaxtilə bankda Cahangir Hacıyevin müavini olsa da, sonradan “Texnikabank”ın Müşahidə Şurasının sədri təyin edilib. 2018-ci ildən isə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavinidir.

Rövşən İsmayılov ifadəsində bildirib ki, 2014-cü ilin mayında Cahangir Hacıyev ondan etibarlı bir adam tapmasını istəyib. Deyib ki, “Diqlas”dakı payını girov qoymaqla, həmin adamın adına kredit götürmək istəyir. Götürülən krediti isə qısa müddətdə bağlayacaq:

“Qonşum Cəsarət Cəlilova dedim, o da razılaşdı. Bundan sonra “Diqlas” MMC Cəsarət Cəlilovun adına rəsmiləşdi. Onun adına “Texnikabank”dan təxminən 10 milyon manat kredit verildi. Bundan sonra Cəsarət Cəlilov ticarət mərkəzində Cahangir Hacıyevin nümayəndəsi, nəzarətçi kimi işləyib, maaş alırdı. Bir ildən sonra Cəsarət kreditin onun adından çıxarılmasını istədi. Mən də Cahangir Hacıyevə bunu dedim. Bundan sonra ticarət mərkəzindəki payı – “Diqlas” şirkəti Cahangir Hacıyevin sürücüsü Cavid Hüseynovun adına keçirildi”.

Cəsarət Cəlilov da qonşusunun dediyini təsdiqləyib. Deyib ki, Beynəlxalq Bankda anbardar işləyirdi. 2012-ci ildən 2015-ci ilə qədər Cahangir Hacıyevin nəzarətində olan “Oğuz” Mənzil-Tikinti Kooperativinin sədri olub. Bununla paralel – 2014-cü ildə faktiki Cahangir Hacıyevin sahib olduğu “Diqlas” MMC-də də təsisçi olub.

İndi isə ticarət mərkəzi ilə sığorta şirkəti arasındakı qalmaqal barədə. 2022-ci ildə yanğınla bağlı məhkəmədə hökm çıxarılandan sonra “Diqlas-2” şirkətinin rəhbəri, əslində isə Mahmudovların işçisi olduğunu deyən Araz Rəhimov “Azsığorta” ASC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. 2022-ci il noyabrın 3-də məhkəməyə təqdim olunan iddia ərizəsində göstərilib ki, sığorta şirkəti onlara ödəniş etməkdən imtina edir. Yanğından sonra sığorta ödənişi üçün şirkətə müraciət etsələr də, heç bir cavab ala bilməyiblər – nə ödəniş olunub, nə də imtina.

Məhkəmə iddiasında məhkəmədən xahiş olunub ki, “Azsığorta”nın üzərinə 180 min 773 manat sığorta ödənişi, 3 il 6 ay gecikməyə görə 230 min manat dəbbə pulu və 701 manat da dövlət rüsumunu ödəmək öhdəliyi qoyulsun.

Araz Rəhimovun sözlərinə görə, ticarət mərkəzində fəaliyyət göstərmiş 144 icarəçiyə 7,9 milyon manat pul ödəyiblər. Bu üzdən özləri də yanğından sonra sığorta ödənişini almaq üçün “Azsığorta”ya müraciət ediblər. Baxmayaraq ki, qanuna görə, 7 gün ərzində onlara cavab verilməliydi, onların müraciəti nəticəsiz qalıb.

“Azsığorta” ASC isə iddiaya etiraz verib. Şirkətin nümayəndəsi bildirib ki, məhkəməyə müraciət üçün müddət keçib. Əgər narazı idilərsə, 2019-cu ildə 7 iş günü ərzində cavab ala bilməyəndən dərhal sonra məhkəməyə müraciət edə bilərdilər.

“Diqlas-1”in nümayəndəsi isə bildirir ki, yanğınla bağlı istintaq və məhkəmə prosesinin yekunlaşmasını gözlədiklərinə görə 2022-ci ildə məhkəməyə üz tutublar.

Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova iddianı rədd edib. Əsas kimi isə sığorta şirkətinin etirazındakı iddia müddətinin ötürülməsini göstərib. “Diqlas-2” rəhbəri bu qərardan apelyasiya şikayəti verib. Bu dəfə işə Bakı Apelyasiya Məhkəməsinin hakimi Aida Hüseyn tərəfindən baxılıb. Yuxarı instansiya da Bakı Kommersiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Növbəti mərhələdə “Diqlas-2” MMC Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmədə onların şikayətinə mərhum hakim İlqar Dadaşov baxıb. Bu dəfə isə qərar “Diqlas-2” MMC-nin xeyrinə olub – aşağı instansiya məhkəməsinin qərarı ləğv olunub və iş yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Hazırda “Diqlas-2” ilə “Azsığorta” arasındakı çəkişmə Bakı Apelyasiya Məhkəməsinin icraatındadır.

“Azsığorta” şirkəti 2019-cu ilə qədər “Gilan Holding”ə daxil idi. Hazırda isə şirkətin 100 faiz səhmdarı Hikmət Abuzər oğlu İsmayılovdur. Hikmət İsmayılov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

Ana səhifəSosialHakim intihardan əvvəl məmurların adı keçən məhkəmə işinə baxıb