close

Həbsdə olan ictimai fəal: “Gələnlərdən biri soruşdu ki, sən cənab nazirə nə etmisən?”

Foto: Zəka Mirağayevin şəxsi arxivindən

“Məni 2020-ci ilin sentyabrında da şərləmək istəmişdilər, amma onda alınmadı”

4 aydan çoxdur həbsdə olan ictimai fəal Zəka Mirağayevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Fevralın 19-da hakim Kamran Muxtarovun sədrliyilə keçirilən məhkəmə prosesində Zəka Mirağayev ifadə verib. İctimai fəal bildirib ki, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama – satış məqsədilə törədildikdə) maddəsilə ona qarşı irəli sürülmüş ittiham yalandır. Onun sözlərinə görə, cibinə narkotiki bölmədə Nəcəf adlı polis əməkdaşı atıb. Səbəb isə onun polislər, eləcə də şəxsən daxili işlər naziri Vilayət Eyvazövun özü haqqında yazdıqlarıdır.

Zəka Mirağayev ifadəsində deyib ki, hazırda penitensiar müəssisələrdə özü kimi şərlənib həbs olunanlar saysız-hesabsızdır:

“Bilirsiniz narkotiklə şərlənən nə qədər adam yatır həbsxanada? Dindarlar, ictimai-siyasi fəallardan başqa, şərlənən nə qədər adi adamlar var. Biri var, anası da YAP-çıdır, üstündə 1 qram yarım narkotik olub, onu eləyiblər kilo. Görüntü yaradırlar ki, biz mübarizə aparırıq, kimi gəldi tutub basırlar içəri. Bu da bir biznesdir. Günahsız adamları ağır maddə ilə şərləyirlər ki, sonrasında müstəntiq də qazansın, prokuror da, həbsxana işçiləri də, məhkəmələr də…”.

Özünün necə həbs olunmasına gəlincə, Zəka Mirağayev danışıb ki, tutulmamışdan öncə polislərin fəaliyyətilə əlaqədar paylaşımı olmuşdu, onları tənqid eləmişdi. Bundan sonra ona təzyiqlər başlamışdı. Hətta ötən il oktyabrın 1-də “Facebook” hesabında da paylaşımı olub ki, polislər onu, ailəsini narahat edir:

Məni 2020-ci ilin sentyabrında da şərləmək istəmişdilər, amma onda alınmadı. Çünki canlı yayım açıb, məlumat verdim. Məni o qədər döymüşdülər, qanın içində idim. Bu dəfə mənə təzyiqlər başlayandan sonra Qubaya getdim. Bakıya qayıdıb, Qəbələyə getdim. Elə Qəbələdən təzə qayıtmışdım. Məni gəlib evdən aparıblar. Amma işin içində yalan yazıblar ki, guya məni küçədə tutublar. Mənim cibimə 9-cu bölmədə şəxsən Nəcəf özü qoyub narkotiki. Orada məni təhdid elədilər, video çəkdirdilər ki, guya məndən çıxıb narkotik. 9-cu bölmədən Səbail Rayon Polis İdarəsinə apardılar. Orada iki gün müvəqqəti saxlama yerində qaldım. Oktyabrın 13-də gəldilər ki, bura qol çək, buraxılacaqsan. Mən də inandım. Gələnlərdən biri məndən soruşdu ki, “sən neyləmisən cənab nazirə?” Mən yazmışdım ki, nazirliyi kafe kimi işlədirlər, hamını yükləyirlər. Adi narkomanları 1 qramla tutub, külli miqdarla yükləyirlər. Məni həmin gün heç prokurorluğa aparmadılar. Birbaşa Səbail Rayon Məhkəməsinə apardılar”.

İctimai fəal bildirib ki, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanasında saxlanılır. Onun sözlərinə görə, şərlənən adamların sayının çoxluğuna görə təcridxanada yer yoxdur, 12 nəfərlik kamerada 20-25 nəfər saxlanılır:

“Camaat ya yerdə yatır, yaxud da heç yatmır. Gündüzlər də ayaq üstə qalır. Belə biabırçılıq olar? Bunlar niyə azərbaycanlılara düşmən kəsilib?”.

Prokuror ondan soruşub ki, narkotik onun cibindən çıxıb? Zəka Mirağayev belə cavab verib:

“Vilayət Eyvazovun sehrbazları çıxartdılar. Özləri qoydular, sonra da çəkilişdə çıxartdılar”.

Vilayət Eyvazov
Foto: arxiv

Məhkəmədə ona xatırladıblar ki, iş materiallarında ifadəsi var. Orada narkotikin ona məxsus olduğunu təsdiqləyib, əməlindən peşman olduğunu bildirib.

“Adamları ana-bacısıyla hədələyirlər, döyürlər, zorlamaqla təhdid edirlər. Guya sizin bunlardan xəbəriniz yoxdur?”, – Zəka Mirağayev bildirib.

İctimai fəalın sözlərinə görə, o, tutulanda istədiyi vəkilin çağırılmasını tələb eləsə də, əhəmiyyət verilməyib. Ona dövlət hesabına vəkil təyin olunub. Həmin şəxs isə faktiki vəkillik eləməyib.

Deyir ki, yanvar ayında öz vəkilinin iştirakıyla yenidən ifadə verib. Lakin müstəntiq həmin ifadəni gizlədib, cinayət işinin materialları arasında yoxdur.

Daxili İşlər Nazirliyi Zəka Mirağayevin həbsindən sonra onun polislərlə bağlı yazılarına, o cümlədən nazirə açıq məktubuna görə şərlənərək cəzalandırılması barədə yaxınlarının dediklərini təkzib etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, bu barədə iddialar əsassızdır, onun yaxınlarının şəxs mülahizələridir:

“Zəka Mirağayev barəsində araşdırma aparılır. O, araşdırma çərçivəsində saxlanılıb”.

Zəka Mirağayev oktyabrın 1-də “Facebook” hesabında bunları yazmışdı:

Cənab polislər, cənab rəislər, cənab generallar məni zənglərlə narahat etməyin. Onsuz da prosedur üzrə işləmirsiniz. Öz bildiyiniz kimi nə istəyirsiniz edin. Prosedur ünvana məktub göndərməkdir. Necə ki, bir vaxt Qəbələnin rəis müavini olmuş Azər deyirdi ki, məktub atanın cibindən çıxacaq. Bu kimi möcüzələrə artıq cəmiyyət alışıb…”.

Ana səhifəSiyasətHəbsdə olan ictimai fəal: “Gələnlərdən biri soruşdu ki, sən cənab nazirə nə etmisən?”