close

YAP-ın Gənclər Birliyinin üzvü olan politoloq 10 il azadlıqdan məhrum edildi

Məhkəmə. Foto: Meydan TV


Cəbrayıl Fərzəliyev  “Pasha Bank” və “Gənclər Fondu”ndan ümumilikdə 727 min manatı mənimsəyib

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü, telekanallarda, hökumətyönlü mediada ölkə daxilində və xaricdə baş verənləri təhlil edən politoloq Cəbrayıl Fərzəliyev 10 il azadlıqdan məhrum edilib. Külli miqdarda mənimsəmədə ittiham olunan Cəbrayıl Fərzəliyevin 1 ildən çoxdur Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən mühakiməsi fevralın 19-da yekunlaşıb. Hakim Fərid Namazovun sədrliyilə ona hökm oxunub.

Hökmə əsasən, Cəbrayıl Fərzəliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib.

Cəbrayıl Fərzəliyev. Foto: Qafqazinfo

İttihama əsasən, politoloq “Pasha Bank” və “Gənclər Fondu”ndan müxtəlif işlər görmək adıyla aldığı ümumilikdə 727 min manatı həmin işlərə xərcləməyib, özü mənimsəyib. İş materiallarına əsasən, ona “Paşa Bank”dan 342 min, “Gənclər Fondu”ndan isə 385 min manat pul ayrılıb.

Cəbrayıl Fərzəliyev həm də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri olub. O, eyni zamanda, bir sıra başqa təşkilatlarda da təmsil olunurdu, adına bir neçə şirkət vardı. Həmin şirkətlərdən biri olan “Universal” MMC-nin adından “Pasha Bank”dan kredit götürülüb və ödənilməyib.

Politoloq “Gənclər Fondu”ndan da xeyli qrantlar alıb. Ona ayrılan vəsaitlərdən arasında Qarabağın işğaldan azad olunmasına həsr edilən “Qayıdışın izi ilə” adlı filmin hazırlanması da olub. Cəbrayıl Fərzəliyev bu film üçün ayrılan vəsaitləri də mənimsəməkdə, sənədləşmədə saxtakarlığa yol verməkdə ittiham olunur.

1990-cı il təvəllüdlü Cəbrayıl Fərzəliyev özünü təqsirli bilmir. Onun sözlərinə görə, məqsədli şəkildə pul yeyintisinə yol verilməyib.

Təqsirləndirilən şəxsə prokuror 12 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi. Bundan sonra onun özü və vəkilləri məhkəmədən vaxt istəmişdi ki, “Pasha Bank” və “Gənclər Fondu”na dəymiş ziyanın ödənilməsi üçün addımlar atsınlar. Həm bank, həm də fond bu məhkəmə prosesində zərərçəkmiş qismində tanınıb və onların nümayəndələri çıxışlarında vurulmuş ziyanın ödənilməsini tələb ediblər.

Cəbrayıl Fərzəliyev istintaq dövründə pulların bir qismini ödəsə də, 500 min manatdan çox vəsaitin qaldığı bildirilir.

Ana səhifəSosialYAP-ın Gənclər Birliyinin üzvü olan politoloq 10 il azadlıqdan məhrum edildi