close

Həbsdə olan müxalifətçi fəal quru aclığa başlayıb 

Foto: Elnur Həsənovun şəxsi arxivindən

O, bu addımı qanunsuz həbsinə etiraz olaraq atdığını bildirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənov bir həftədir ki, istintaq təcridxanasında aclıq etdiyini deyir.

Bu barədə o, mayın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində öz işi üzrə məhkəmə prosesində məlumat verib.

Fəal deyib ki, qanunsuz həbsinə etiraz olaraq, mayın 25-dən Bakı İstintaq Təcridxanasında quru aclıq edir, hətta su da qəbul etmir.

Məhkəmə prosesinə sədrlik edən hakim Cavid Hüseynov ona deyib ki, qərarı məhkəmə verir və aclıq etməklə ona təsir göstərmək mümkün deyil. Buna baxmayaraq, Elnur Həsənov aclığı sonadək davam etdirməkdə israrlı olduğunu bildirib.

Məhkəmə iclasında Narkotiklərə Qarşı Mübarizə İdarəsinin iki əməkdaşı – Elməddin Paşayev və Seymur Şahbazov şahid qismində dindirilib.

Onlar bildiriblər ki, Elnur Həsənovu şübhəli şəxs qismində saxlayıblar, polis bölməsində üstünə baxış keçirəndə narkotik tapılıb.

Elnur Həsənov isə onların hər ikisinin yalan danışdığını, bu şəxslərin onun şərlənməsində və işgəncəyə məruz qalmasında iştirak etdiklərini deyib.

Onun sözlərinə görə, Bakının Xətai rayonu, Babək prospektindəki “Maşın bazarı”nda ehtiyat hissələri satılan mağazada olarkən çoxlu sayda polis hücum edərək, onu saxlayıb.

Polis idarəsinə aparılarkən yolda Seymur Şahbazovun onu döydüyünü deyən AXCP fəalının sözlərinə görə, cibinə narkotiki isə Elməddin Paşayev atıb.

Elnur Həsənovun məhkəməsini izləməyə gələn dostları, media nümayəndələri prosesə buraxılmayıb.

“Bilmirəm ki, bunu qəsdən ediblər, yoxsa yaddan çıxıb, gələnləri içəri çağırmayıblar. Çünki əvvəllər belə hal olmayıb. Məhkəməyə gələnlərin buraxılmaması məhkəmənin açıqlığı prinsipinin pozulmasıdır”, – məhkəmədən sonra vəkil Nemət Kərimli bildirib.

Müdafiəçi əlavə edib ki, bir həftədir davam edən aclıq nəticəsində Elnur Həsənovun səhhəti kəskin pisləşib:

“Ayaq üstdə dayana bilmir. Bir gün əvvəl Xətai Rayon Məhkəməsində onun işgəncə şikayətilə bağlı məhkəmə prosesi vardı. Vəziyyəti dünən gördüyümdən də pisdir. Mən aclığı dayandırmasını məsləhət gördüm. Razılaşmadı…”

Elnur Həsənov 2023-cü il noyabrın 28-dən həbsdədir.

O, saxlanılarkən cibindən 5,372 qram narkotik tapıldığı iddia olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

AXCP fəalı özünü qətiyyən təqsirli bilmədiyini, narkotikin ona aidiyyəti olmadığını deyib.

Hesab edir ki, həbsi AXCP üzvü olması, sosial mediadakı paylaşımları, tənqidi fikirlərilə bağlıdır.

Elnur Həsənov tutulmamışdan az öncə Facebook hesabında polislərin fəaliyyətini tənqid edən paylaşımı olub.

O, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun fotosuyla paylaşımında yol polislərini tənqid edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaların əsassız olduğunu, onun konkret fakt əsasında saxlandığını bəyan edib.

Elnur Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə şəhid olub, atası da 90-cı illərin əvvəlində Qarabağ döyüşlərində sağlamlığını itirib.

Ana səhifəSiyasətHəbsdə olan müxalifətçi fəal quru aclığa başlayıb