close

Gəncə sakini: “Yoldaşım dedi ki, narkotiki boynuma götürməsəm, pis şeylər olacaq”

Rüfət Mayılov və övladı. Fotolar: ailə albomundan

Natalya Azmanova dəfələrlə Baş prokurorla görüşmək istəyib, ancaq onu qəbul etməyiblər

“6 aydır ki, məni və 17 yaşlı oğlumu küçənin ortasında, hamının gözünün qarşısında təpiyinin altına salıb döyən polis məmurundan şikayət edirəm, ancaq araşdırmırlar”.

Bunu Meydan TV-yə ötən ilin oktyabrında həbs olunan Gəncə sakini Rüfət Mayılovun həyat yoldaşı Natalya Azmanova deyir.

“Gördüm ki, bir neçə mülki geyimli şəxs Rüfəti sürüyür”

Onun sözlərinə görə, həyat yoldaşı dini inanclı olub və narkotiklə şərlənib. Elə ona və oğluna da fiziki təzyiqlər həyat yoldaşının polis idarəsinə götürülməsi zamanı baş verib:

Oktyabrın 22-də günorta saatlarında mən, oğlum və həyat yoldaşım Rüfət Mayılov Gəncənin Natəvan qəsəbəsindən “Sərçə bazarı” deyilən bazara gəlmişik. Mən bazara girdim, Rüfətsə maşını dayanacağa yerləşdirib, uşaqlarla birlikdə bazara girəcəkdi. Bazarın çölündə səs-küy düşdü, hamı kimi mənə də maraqlı gəldi. Bazardan çıxıb nə baş verdiyini öyrənmək istəyəndə gördüm ki, bir neçə mülki geyimli şəxs Rüfəti sürüyür. Maşının yaxınlığında olan uşaqlar qorxu içindəydilər. Rüfəti sürüyən adamlardan kim olduqlarını, nə baş verdiyini soruşur, mane olmağa çalışırdım. Gücüm çatmayanda isə telefonu çıxarıb baş verənləri çəkdim. Yoldaşımı maşına mindirmək istəyəndə soruşdum ki, sənəd göstərib özlərini təqdim ediblər? Dedi ki, yox. Dedim, onda bilmədiyin, tanımadığın adamlarla hara gedirsən? Bəlkə, adam oğrularıdır, bəlkə, cinayətkardılar”.

“Gəncə Şəhər Polis İdarəsinin rəis müavini Şahin Musayev mənə və oğluma fiziki təzyiq etdi”

Natalya Azmanovanın sözlərinə görə, həyat yoldaşını aparanlara mane olmağa, onların kim olduqlarını öyrənməyə çalışıb. Baş verənləri kameraya çəkdiyi üçün özü və oğlu Gəncə Şəhər Polis İdarəsinin rəis müavini Şahin Musayev tərəfindən fiziki təzyiqlərə məruz qalıb:

Dəmiryol Xəstəxanasının qarşısına qədər arxalarıyca getmişdim ki, dönüb qarnıma təpiklər vurdu, boynumdan tutub sıxmağa başladı, məni boğurdu, müqavimət göstərə bilmirdim, tərpənə bilmirdim. Əlindən yapışıb dartırdım ki, əlini boynumdan qoparda bilim, gücüm çatmırdı. Yoldaşımı sürüyənlərdən biri də həmin anda qayıdıb başıma bir neçə zərbə vurdu. 17 yaşlı oğlum məni onların əlindən almağa çalışanda onu da döydülər. Biz döyülürdük, ətrafdakılar tamaşa edirdi, heç kəs yaxına gəlmirdi. Mən oğlumu Şahinin əlindən almağa çalışırdım”.

“Telefonu alıb videoları sildilər”

O deyir ki, həyat yoldaşını, oğlunu və onu maşına mindirərək Gəncə Şəhər Polis İdarəsinə aparıblar.

İki saat idarədə saxlanılıb və telefonun yaddaşındakı olayla bağlı videoları siliblər.

Həmin müddət ərzində həyat yoldaşının adına narkotik sənədləşdiriblər:

Mən və oğlum orda ola-ola yoldaşımı bir neçə dəfə döydülər. Şahin Musayevə yaxınlaşıb soruşdum ki, axı biz nə etmişik? Hansı cinayəti törətmişik? Dedi ki, hələ bu, harasıdır, oğlunu da tutacağam. Yoldaşımla məni görüşdürdülər. Dedi ki, məni buraxmayacaqlar, narkotiki boynuma götürməyə məcbur edirlər. Götürməsəm, daha pis şeylər olacaq, gedin evə, mənə vəkil tutun”.

“Kaş Rusiyadan qayıtmayaydıq…”

Natalya Azmanovanın sözlərinə görə, o, Rusiya vətəndaşıdır. Həyat yoldaşı da uzun illər Rusiyada yaşayıb, orada tanış olub, evləniblər. Həyat yoldaşı dini inancı olan biridir. Bir müddət əvvəl Gəncəyə – yoldaşının doğulduğu şəhərə qayıdıblar. Deyir, kaş ki, qayıtmayaydıq.

Azmanova polisin hərəkətlərindən Gəncə Şəhər Prokurorluğuna və Baş prokurora müraciət edib.

Prokurorla görüşmək üçün bir neçə dəfə Gəncədən Bakıya gəlib.

Onun sözlərinə görə, şikayətinə baxılmır.

İttihamda nə deyilir?

Rüfət Mayılov Cinayət Məcəlləsinin 234.4.3 (Kulli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edib saxlama) maddəsiylə istintaq olunur. Ancaq onun həbsindən bir neçə gün sonra – oktyabrın 29-da hakimiyyətyönlü xəbər portalları onun və daha 8 nəfərin həbsi ilə bağlı məlumat yayıblar.

Həmin məlumatda göstəriblər ki, Azərbaycanda dini radikalizmin təbliğinə və pozuculuq fəaliyyətə cəlb edilmiş şəbəkənin bir qrup üzvü polis əməkdaşları tərəfindən həbs edilib.

9 nəfər şəxs narkotik aludəçilərini yardım adı altında əməkdaşlığa cəlb ediblər, ölkədə “Kərimə dövləti” qurulmasını təbliğ ediblər.

Rəsmi məlumatda qeyd olunur ki, İrandan idarə edilən radikal dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Həmçinin bildirilir ki, ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların radikal fəaliyyəti haqqında sosial şəbəkə hesablarında çoxsaylı faktlar var.

Hazırda Rüfət Mayılov Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Rüfət Mayılov məhkəmədə verdiyi ifadəsində narkotikin ona məxsus olmadığını bildirib.

DİN sorğuya cavab verməyib…

Meydan TV-nin müxbiri vətəndaşın iddialarına münasibət öyrənmək üçün ötən həftə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəsmisi Zeyni Hüseynova müraciət edib.

Bir həftə ötməsinə baxmayaraq iddialara münasibət bildirilməyib.

Ana səhifəBölgəGəncə sakini: “Yoldaşım dedi ki, narkotiki boynuma götürməsəm, pis şeylər olacaq”