close

Həlak olan sülhməramlılardan birinin kimliyi məlum olub

İvan Kovqan: Foto: Rusiya MN

İvan Kovqan komandir müavini imiş

Sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobilin atəşə tutulması nəticəsində həyatını itirən hərbçilərdən birinin kimliyi məlum olub.

Bu barədə sentyabrın 21-də Rusiyanın “Kommersant” nəşri məlum yayıb

Bildirilir ki, həlak olan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti komandirinin müavini, eyni zamanda qonşu ölkənin Şimal Donanmasının sualtı qüvvələrinin komandirinin müavini İvan Kovqandır. Nəşr İvan Kovqanın iki ay əvvəl orada sülhməramlı kontingentin komandir müavini vəzifəsinə ezam olunduğunu qeyd edib.

“SeverPost” bildirir ki, İvan Kovqan mayın 11-dən Dağlıq Qarabağda ezamiyyətdə idi.
Rusiyanın Birinci Kanalının məlumatına görə, atəş nəticəsində 4 rus sülhməramlısı həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi sülhməramlılarının ölümünə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyinə, Rusiya sülhməramlı kontingentinin komandanlığına və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına başsağlığı verib.

Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya hərbçilərinin Qarabağda faciəli ölümü ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə dərin hüznlə başsağlığı verib. Bu barədə Kreml məlumat yayıb.

Əməliyyatların başlanmasında məqsəd nədir?

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətHəlak olan sülhməramlılardan birinin kimliyi məlum olub