close

Heydər Əliyevin heykəlinə “Stalin” yazan gəncin cəzası dəyişdi

Foto: Elbəyi Kərimlinin şəxsi arxivindən

Elbəyi Kərimlinin vəkili kassasiya şikayəti verəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı, Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan dərhal sonra narkotik ittihamı ilə həbs olunan Elbəyi Kərimlinin 6 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb. Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə prosesinin yekununda ona verilən cəza 1 il azaldılaraq, 5 ilə endirilib.

Cəbhəçi gəncin apelyasiya şikayəti üzrə məhkəmə prosesi hakim Anar İbrahimovun sədrliyilə keçirilib. Məhkəmədə Elbəyi Kərimli bildirib ki, narkotik ittihamı tamamilə uydurmadır, bir çox ictimai-siyasi fəallar kimi, onu da bu yolla şərləyiblər. Onun sözlərinə görə, narkotiki cibinə polislərin özü qoyub, təzyiq altında etiraf ifadəsi verməyə məcbur ediblər.

Vəkili Nemət Kərimli də ona qarşı narkotik ittihamının əsassız olduğunu bildirib. O, hüquqlarını müdafiə etdiyi şəxsin müxalifətdə olan AXCP-nin üzvü olduğunu vurğulayaraq, gənc fəalın siyasi baxışlarına görə cəzalandırıldığını deyib.

Həm Elbəyi Kərimli özü, həm də vəkili 6 illik cəza hökmünün ləğv olunmasını, ona bəraət  verilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin hakimləri isə ona bəraət verməyib, lakin hökmü dəyişərək, bir qədər yüngülləşdirib. Elbəyi Kərimliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama – satış məqsədilə törədildikdə) maddəsilə irəli sürülmüş ittiham bu Məcəllənin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə tövsif olunub. Cəzası da 5 ilə endirilib.

Lakin Elbəyi Kərimli və müdafiəçisi yeni hökmü də əsassız sayır. Onlar Ali Məhkəməyə şikayət verəcək.

Elbəyi Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində bildirmişdi ki, paytaxtın mərkəzində – Mərkəzi Bankın qarşısında Heydər Əliyevin heykəlinin arxasına “Stalin” sözünü yazanda ətrafda təmizlik işləri aparan qadınlar onu görüb və səs-küy salıblar. Dərhal polis gəlib və onu Nərimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparıb. Cəbhəçi gəncin sözlərinə görə, orada ona bildirilib ki, həbs olunacaq:

“Bölmədə sorğu-sual olunduqdan sonra qarşıma narkotik və silah qoydular ki, birini seçim. Xəbərdarlıq elədilər ki, yoxsa daha pis olacaq. Dedilər ki, mobil telefonuna hərbi obyektlərin fotolarını yükləyərik, hərbi əhəmiyyətli məlumatları Ermənistana, İrana göndərməkdə ittiham olunarsan”.

O, əlavə edib ki, verilən narkotiki üzərinə götürməyəcəyi halda, onu daha böyük çəkidə narkotiklə şərləməklə hədələyiblər. Hətta 8 il əvvəl Heydər Əliyevin heykəlini yazmış iki gənc fəaldan biri Qiyas İbrahimovun aqibətini yadına salıblar.

2016-cı ilin mayında gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov Respublika Sarayının qarşısındakı parkda Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazdıqdan sonra həbs olunmuşdu. Hər ikisinin evindən 1 kiloqramdan artıq narkotik tapıldığı iddia edilmişdi. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmüylə gənc fəalların hər biri 10 il azadlıqdan məhrum edilmişdi. 3 ilə yaxın həbsdə saxlandıqdan sonra – 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa çıxmışdılar.

Bayram Məmmədov 2021-ci ilin mayında həyatını itirib. Onun meyiti İstanbulda dənizdən tapılıb.

Azərbaycanda yüzlərlə fəal narkotik ittihamıyla həbs olunub. Onların arasında siyasi partiya və ictimai təşkilatların üzvləri, dini inanclı fəallar var.

AXCP-dən Meydan TV-yə bildirilib ki, son bir ildə təkcə bu partiyanın 3 üzvü narkotiklə şərlənərək həbs edilib:

“Hazırda Elbəyi Kərimli ilə yanaşı, fəal üzvlərimizdən Elnur Həsənov, Şahin Hacıyev, Sahib Məmmədzadə narkotik ittihamıyla həbsdədir. Elnur Həsənov şəhid qardaşıdır. Heç siqaret çəkməyən adamları narkotiklə şərləmək insafsızlıq, vicdansızlıqdır. Onların hamısı siyasi baxışlarına, hökuməti tənqid etdiklərinə görə həbsdədilər”.

Daxili İşlər Nazirliyi isə narkotik ittihamıyla həbs olunan ictimai-siyasi fəalların konkret faktlar əsasında cinayət məsuliyyətinə cəlb olunduğunu bəyan edib.

Ana səhifəSiyasətHeydər Əliyevin heykəlinə “Stalin” yazan gəncin cəzası dəyişdi