Avstriya daxili işlər naziri: “Konsert zamanı terror aktı planlaşdırıblar”
Amerikalı müğənni Teylor Sfivtin Avstriyada keçirəcəyi konsert turlarının terror hücumu səbəbindən ləğvindən sonra Vyanada bir neçə gəncin şübhəli qismində saxlanıldığı bildirilir.
Avstriya daxili işlər naziri Gerhard Karner bu barədə məlumat verib.
Terror hücumunu planlaşdırmaqda şübhəli bilinənlərdən biri 19 yaşlı Şimali Makedoniya əsillidir. Digəri isə 18 yaşlı İraq vətəndaşıdır.
Şimali makedonilyalı şübhəlinin evində kimyəvi maddələr və texniki qurğular aşkar olunduğu deyilir. Həmin gəncin İŞİD terror qruplaşmasının üzvü olduğu bildirilir.
Nazirin sözlərinə görə, daha öncə 17 və 15 yaşlı daha iki yeniyetmə saxlanılıb. Onlardan ikincisi işdə şahid qismində iştirak edir.
Gerhard Karner qeyd edib ki, onlar Sviftin təxminən 20 min pərəstişkarının toplaşmalı olduğu konserti zamanı terror aktı törətməyi planlaşdırıblar.
Məsələ ilə əlaqədar Avstriya hakimiyyətinin ABŞ kəşfiyyatından Svift konserti təhlükəsi ilə bağlı məlumat aldığı bildirilir. Çünki Avstriya qanunları şübhəlilərin ünsiyyət üçün istifadə etdikləri ani mesajlaşma proqramlarının monitorinqinə icazə vermir.
Bu məlumatın ortaya çıxmasından sonra avqustun 8,9 və 10-da Teylor Sviftin “The Eras Tour” konsert turu çərçivəsində Vyanadakı üç konserti təhlükəsizlik səbəbilə ləğv edilib.
Bundan sonra müğənninin minlərlə pərəstişkarı küçələrə axışıb.
Konsert üçün Avropanın müxtəlif şəhərlərindən gələnlər küçələrdə Teylor Sviftin mahnılarını oxuyub, uzun müddətdir bu konsertləri gözlədiklərini, yol və Vyanada qalmaq xərclərinə görə çətin vəziyyətdə olduqlarını bildiriblər.
Konsertin təşkilatçıları konsert biletlərinin 10 iş günü ərzində geri qaytarılacağı bildiriblər.